İnsanlara hürriyət, millətlərə istiqlal!

DEVAMM DİNDARLARIN HƏBSİNDƏN NARAHATDIR

1400 20.02.2012 12:02 Son xəbər A A

Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Son günlər Azərbaycanda dindarlara qarşı yeni təqib dalğası başlanılıb. Ən üzücü odur ki, təqiblər eyni zamanda öklənin müxtəlif regionlarında yer alıb. Bunlar səbəbsiz, əsassız, qeyri-hüquqi yanaşmalarla aparıldığından, repressiya səciyyəsi daşıyırlar. Hansı normal təfəkkürlü insan qəbul edər ki, eyni zamanda ölkənin müxtəlif yerlərində yaşayan dinc, sakit insanlar, o cümlədən alimlər və ictimai fəallar eyni zamanda, eyni gündə narkotikdən istifadə etməyə, silah gəzdirməyə, xuliqanlıq etməyə başladılar, özü də kütləvi surətdə? Ən qərəzli insan belə təsdiqləyər ki, baş verənlər məqsdəyönlü təqiblərin təzahürüdür. Təbii ki, bunlar - insan haqlarının, qanunçuluğun kobud surətdə pozulması olmaqla bərabər, son dərəcə gərgin ictimai ab-havaya rəvac verən, cəmiyyəti parçalayan amil rolunu oynayır.
Qeyd etməyi zəruri bilirik ki, DEVAMM olaraq baş verənləri neçə müddətdən bəri gedən təqib kampaniyasının yeni dalğası kimi qiymətləndiririk. Çox təəssüf ki, artıq səngiməkdə olan köhnə dalğa, dərhal yenisi ilə əvəz edildi. Normallaşma işartıları verən vəziyyət, dərhal kəskin surətdə gərginləşdirildi.
Əlamətdardır ki, hər dəfə bu dalğalar Azərbaycanla İranın arasında münasibətlərin soyuması fonunda baş verir. Bu, onu deməyə əsas verir ki, ölkəmizin məmurları İranın müəyyən dairələrinın fəaliyyətindən narazılığı nədənsə Azərbaycan dindarlarının həbsi və təqibi ilə büruzə verirlər. DEVAMM olaraq bu vəziyyətin absurdluğuna diqqət çəkir və ölkə inanclılarına qarşı belə yad, marginallaşdırıcı münasibətin qeyri-konstruktiv, dövlətçilik yanaşmasına zidd olduğunu vurğulayırıq.
DEVAMM olaraq dindarlara qarşı yeni təqib dalğasından böyük narahatlığımızı bildirir və repressiyaların dərhal dayandırılmasına, həbs olunanların təcili azad edilməsinə çağırırıq. Bir daha xatırlatmağı lazım bilirik ki, ölkənin həqiqi sabitliyi və inkişafının yolu - yalnız və yalnız insan haqlarının və qanunçuluğun təminindən keçir. İnsanları etmədikləri əməllərə görə həbs etmək - hüquqi nihilizmə və digər ictimai fəsadlara birbaşa yol açan vəziyyəti generasiya edir. Biz bir daha vəziyyəti kökündən dəyişdirməyə, ölkə dindarlarına qarşı formalaşmaqda olan yad yanaşmaları tərk etməyə çağırırıq".


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR