Deputatlığa iddialı sabiq deputat başına gələnləri yazdı...
79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürən və dünən DSK tərəfindən namizədliyi qeyd alınmayan İltizam Əkbərli üzləşdiyi qanunsuzluq və haqsızlıqlarla bağlı yazı yazaraq Musavat.com-a təqdim edib. İ.Əkbərlinin yazısını təqdim edirik:
"Məlum olduğu kimi, mənim imza vərəqələrim oktyabrın 4-də yoxlanılmalı olduğu halda 79 saylı İmişli dairə seçki komissiyası Seçki Məcəlləsinin 59.13-cü maddəsinə məhəl qoymayaraq, yoxlamanı oktyabrın 5-nə saxladı. Oktyabrın 5-də səhər saat 11.00-da polis mayoru İdris Məmmədov imzaları yoxlamağa başladı. Saat 12.00-da özünü pis hiss etdiyini səbəb gətirərək, 1 saat fasilə elan etdi. 1 saatdan sonra isə növbəti yoxlama vaxtı saat 15.00-a təyin edildi. Nəhayət ki, saat 15.00-da yoxlama başladı və 1 saat ərzində davam edən yoxlama nəticəsində mənim topladığın 550 imzadan 16 ədədi etibarsız, 534 ədədi isə etibarlı hesab edildi. Bu barədə şifahi məlumat verən Ekspert qrupunun rəhbəri Yaqub Mirişov məni 2 saat sonra keçiriləcək komissiya iclasına dəvət etdi. Göründüyü kimi, imzalarımın yoxlanması ciddi qanun pozuntuları ilə başa çatdı.
Heyrət doğuran epizod isə seçki komissiyasının iclasında yaşandı. Mən 16.40-da dairə seçki komissiyasına gəldim. Saat 17.00-a iclas təyin edilsə də, bizi iclas otağına dəvət etmirdilər. Hiss olunurdu ki, kimisə gözləyirlər. Çox keçmədi ki, qeydə alınmış deputatlığa namizəd Əsabil Qasımovun xalası oğlu Naib Xəlilov dairəyə gəldi. Onun dairənin sədri Sabit Yaqubovla sonuncunun kabinetində 5 dəqiqəlik söhbətindən dərhal sonra bizi komissiya iclasına dəvət etdilər. Dairə seçki komissiyasının çox əsəbi vəziyyətdə olan sədri bizə bəlli olmayan səbəblərdən iclası aparmaq iqtidarında deyildi. Tez-tez çaşan, hətta iclası açıq elan etməyə söz belə tapmaqda çətinlik çəkən S.Yaqubov komissiyanın aparat rəhbəri Vaqif Hüseynovun pıçıltılarının köməyi ilə nəhayət ki, iclası açdı və imzalarımın 16-cının etibarsız, 534-nün isə etibarlı hesab edilməsi barədə verilən məlumatı səsə qoyaraq təsdiq etdi.
Sonra o, komissiya üzvlərinə müraciət edərək, kimin çıxış etmək istədiyini soruşdu. Təxminən 5-7 dəqiqə davam edən sükutdan sonra Böyük Quruluş partiyasından komissiya üzvü Adəm adlı şəxs söz alaraq, “Sizin hamınız qorxsanız da, mən heç kimdən qoxmuram, hər şeyi açıq deyəcəyəm” deyərək, guya mənə məxsus olan 7 sot torpağı əmlak barədə məlumat vərəqində göstərmədiyimi bildirdi və bunu əsas gətirərək, mənim deputatlığa namizəd kimi qeydə alınmağımdan imtina edilməsini təklif etdi. Mən bu faktı təsdiq edən sənədin komissiyaya təqdim edilməsini tələb etsəm də Böyük Quruluş Partiyasının nümayəndəsi özünə məxsus tərzdə, bütün etik normaları pozan, bizi aşağılayan tonda “Bu bizə verilən gizli məlumatdır və biz bu məlumatı sizə verə bilmərik. Biz deyirik ki, sənin əlavə olaraq 7 sot torpağın var və sənin vəzifən bu torpağın olmadığını sübut etməkdir”.
Məhz bu bir nəfərin qeyd etdiyim cümlələrindən dərhal sonra, heç bir çıxış olmadan, müzakirə aparılmadan bu məsələ səsə qoyuldu və mənim deputatlığa namizədliyimin qeydə alınmasından imtina edildi. Səhərisi gün isə öyrəndim ki, mənə qarşı qərəz nümayiş etdirən, komissiyada tək çıxış edən bu şəxs qeydə alınmış deputatlığa namizəd Əsabil Qasımovun xalası oğlu, iclasdan təxminən 5 dəqiqə əvvəl dairə seşki komissiyasının sədri ilə görüşən Naib Xəlilovun yaxın dostudur".
Musavat.com






