“Media forum” saytı xəbər verir ki, qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin əsaslarını tənzimləyir. Layihəyə əsasən, hərbi xidmətdə olmayan şəxslər fövqəladə hallar orqanlarında işə götürülə bilməzlər. İşə qəbul olunanlardan Azərbaycan dilini mükəmməl bilmələri tələb ediləcək. Bu orqana kiçik zabitlər, əsasən yanğınsöndürənlər 30 yaşa qədər, böyük zabitlər isə 40 yaşa qədər qəbul oluna bilərlər. Kiçik zabitlər 3-5 ay sınaq keçməlidir. Bu orqanın işçiləri dövlət hesabına icbari tibbi sığorta olunacaqlar.
Qanunun müzakirəsi zamanı FHN-in təbii fəlakət zonasında gördüyü işlərə toxunulub. YAP icra katibinin müavini Siyavuş Novruzov vurğulayıb ki, təbii fəlakət zonasında nazirlik çox yaxşı işləyib: “Elə nazirliklər var ki, 10 ildir yaradılıb, amma bir iş görə bilməyib. Amma Fövqəladə Hallar Nazirliyi qısa müddətdə böyük işlər görüb. Bu qurumun təkcə təbii fəlakət zonasında gördüyü işləri digər nazirliklər 10 ilə görə bilməzlər”.
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə təbii fəlakət zonasında yalnız FHN-in deyil, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı nazirliklərinin, “Azərenerji” və digər dövlət qurumlarının da çalışdığını deyib: “Amma bəzi deputatlar yalnız Fövqəladə Hallar Nazirliyinin adını çəkir. Bu, şəxsiyyətlə bağlı məsələdir. Sabah bu nazirlikdə rəhbər dəyişərsə, Fövqəladə Hallar Nazirliyini tərifləyənlər yenə onun adını çəkəcəklərmi?”
Pənah Hüseynin fikirləri fövqəladə hallar nazirin müavini Etibar Mirzəyevin etirazına səbəb olub: “Pənah müəllim danışmamışdan əvvəl fikirləşməlidir ki, münasibət bildirmək üçün vəziyyətlə tanış olmaq, məlumatlı olmaq lazımdır. Bizi ədalətsiz yerə tənqid edirlər”.
Nazir müavinin bu sözlərinə spiker Oqtay Əsədov etiraz etməli olub. O, üzünü nazir müavininə tutaraq deyib ki, bu şəkildə etiraz eləmək olmaz: “Çünki deputatlar özləri müəyyənləşdirirlər ki, hansı məsələyə münasibət bildirsinlər”.






