İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan Qarabağ çağırışları, parlament rəhbərliyindən reaksiya

1310 23.04.2019 13:30 Ölkə A A

Milli Məclisin iclasında Ermənistanla aparılan danışıqlardan narahatlıq ifadə olunmasına münasibət bildirən vitse-spiker Valeh Ələsgərov həmkarlarını sakit olmağa çağırdı: “Heç kim bu ölkədə ərazi bütövlüyümüzü bərpa etmədən sülh danışıqlarına gedən deyil və getməyəcək. Amma real siyasət var. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin. Problemin həllində öz maraqları olan qüvvələr var. Real siyasətdən xəbərdar olan adam hər bir sözünə dəyər verməli, diqqət etməlidir”. Vitse-spiker əlavə etdi ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı olmayan qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.

Deputat Fərəc Quliyev isə dedi ki, ermənilərlə bu cür yumşaq şəkildə davranmaq olmaz: “Ermənilər müharibə istəmirsə, Azərbaycan torpaqlarını tərk etməlidirlər. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərini tərk etməlidir”.

Spiker Oqtay Əsədov isə dedi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün tədbirləri görür: “Amma biz dünyada tək deyilik”.

Sədr qeyd etdi ki, biz Dağlıq Qarabağda yaşayanların Azərbaycan vətəndaşı olduğunu bildiririk: “Əgər məsələ sülh yolu ilə həll olunarsa, nəyə görə biz buna qarşı çıxmalıyıq? Erməninin ağılsız naziri çıxış edir ki, biz Azərbaycanın torpaqlarını işğal edəcəyik. Buna heç kim inanmır. Sadəcə, onlar Avropa İttifaqı ilə imzalanacaq sazişə xələl gətirmək üçün təxribatlara əl atırlar. Xahiş edirəm, emosional çıxışlar etməyək”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR