Deputatlardan “kiçik padşahlar”a və məhkəmə hakimiyyətinə sərt tənqid
Fevralın 15-də Milli Məclisdə ( MM) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “İctimai nəzarət haqqında” yeni qanun layihəsinin müzakirəsinə həsr olunmuş dinləmələr keçirib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev çıxışı zamanı deyib ki, ictimai şuralarla bağlı həm müsbət, həm də mənfi təcrübə var. Onun sözlərinə görə, “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra yaradılan ictimai şuralar ötən dövr ərzində o qədər də effektiv fəaliyyət göstərə bilməyiblər: “Düzdür, Ədliyyə Nazirliyinin tərkibindəki Penitensiar İctimai Komitə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan ictimai şura və bəzi bir-iki qurumdakı ictimai şuralar müsbət, effektli fəaliyyətləri ilə seçilirlər, fərqlənirlər, amma əksəriyyət o qədər müsbət təcrübəyə malik deyillər. Ona görə də ”ictimai nəzarət haqqında" yeni qanununun qəbulundan sonra ictimai nəzarəti həyata keçirəcək ictimai şuralar mərkəzi və yerli icra hakimiyyətlərindən kənarda yaradılmalı və tam müstəqil şəkildə fəaliyyət göstərməlidirlər" - deyə, o, sözlərinə əlavə edib.
“Əgər ictimai şuralar ictimai nəzarəti həyata keçirəcəklərsə, onlar heç bir halda mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, xüsusilə də özlərini ”kiçik padşahlar" elan edən icra başçılarından, nazirlərdən asılı vəziyyətdə qalmamalıdırlar, onların təsirindən, nəzarətindən kənarda fəaliyyət göstərməlidirlər".
Gün.az xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı söyləyib. Deputatın sözlərinə görə, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrlə bağlı acı təcrübə ortadadır. “Bildiyiniz kimi, ildən-ilə bələdiyyələrin səlahiyyətlərinin artırılmasına, bu yöndə ən müxtəlif qanunların qəbul olunmasına baxmayaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarından, icra başçılarından onlara qarşı təzyiqlər, təsirlər, müdaxilələr var. Yəni bu gün bələdiyyələrlə bağlı acı təcrübə ortadadır. Ona görə də hesab edirəm ki, ictimai nəzarəti həyata keçirəcək ictimai şuralar mərkəzi və yerli icra hakimiyyətlərinin tərkibində, onların müdaxiləsi ilə yaradılmamalıdır. İctimai şuralar gizli səsvermə yolu ilə seçilməli, formalaşdırılmalı və müstəqil şəkildə fəaliyyət göstərməlidirlər”- deyə, F.Ağamalı bildirib.
Azərbaycanda məhkəmələrinin səlahiyyətlərinin genişləndirilməsinə, bütövlükdə məhkəmə hakimiyyəti institutuna hörmətin artırılmasına ehtiyac var. Bu fikirləri isə deputat Qüdrət Həsənquliyev dilə gətirib. Onun sözlərinə görə, bu gün təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində məhkəmələrə etibar çox azdır: “Şəxsən mənim özümə dəfələrlə məhkəmələrlə bağlı şikayətlər daxil olub. Məsələn, mənə daxil olan son iki məhkəmə işi ilə bağlı şikayətdən bəlli olur ki, 7 ildir vətəndaşlar məhkəmələr tərəfindən get-gələ salınır. Bəzən insanlar hətta o həddə çatır ki, pul, rüşvət verib məmuru yoldan çıxarırlar, yəni təki məhkəmələrdə sürünməsinlər. Ona görə məhkəmələrə inamın, hörmətin artırılmasına ehtiyac var”. Deputat xatırladıb ki, bu gün ABŞ-da 950 adama bir nəfər vəkil düşür. “Nisbətən bizə yaxın ölkələrdən biri olan Polşada 786 insana bir vəkil düşür. Bizdə isə 17 min insana bir vəkil düşür. Bu, həddindən artıq biabırçı bir rəqəmdir. Ona görə məhkəmələrin fəaliyyətində şəffaflığın, həmçinin vəkillərinin sayının artırılmasına ehtiyac var. Eyni zamanda da Andlılar Məhkəməsinə yenidən qayıdılması lazımdır”.
E.PAŞASOY






