İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın hərbi xidmətlə bağlı təklifinə hərbi ekspertlərin reaksiyası

2234 02.02.2024 15:57 Siyasət A A

Ötən gün Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Musavat.com-un məlumatına görə deputat Elnur Allahverdiyev çıxışında bildirdi ki, ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları müzakirə olunmalıdır: “Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan Türkiyənin təcrübəsində də həyata keçirilir. Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. Fikrimcə, belə bir dəyişiklik etmiş olsaq, bu, bir sıra obyektiv çətinliklərin çözümündə öz müsbət rolunu oynaya bilər”.

TV Musavat-ın efirində general Yaşar Aydəmirov təklifi belə şərh edib: “General Mehmandarovun bir fikri var idi-Orduda varlılar da, kasıblar da bir yerdə xidmət etməlidirlər. Peşəkar orduda muzdlu xidməti var. Bu xidmət çox zaman effekt verməyib, çünki səfərbərlik ehtiyatı yoxdur. Vətən hər kəs üçün əziz olmalıdır. Hər kəs xidmət etməlidir. Türkiyə modelinə uyğun olaraq  3-4 aylıq toplanış keçib, ondan sonra pul ödəmək olar. Xarici ölkələrin təcrübəsinə baxıb kor-təbii təklif verməyə ehtiyac yoxdur. Türkiyə ordusu dünyanın ən güclü 10 ordusu sırasındadır. Napoleon demişdi ki, mənə türk ordusunu verin, bütün dünyanı işğal edim. Türkiyə ordusu unikal şəkildə qurulub”.

General Y.Aydəmirov general-leytenant Hikmət Mirzəyevin təyinatını yüksək qiymətləndirib: “General-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini- Quru Qoşunlarının komandanı təyin edilməsi ilə orduda nizam-intizam yüksək olacaq. Neqativ hallar aradan qalxacaq. Unutmayaq ki, 44 günlük Vətən müharibəsində məhz onun komandanlığı altında önəmli nəticələr əldə olunub. Mən onu 1-ci Qarabağ müharibəsində iştirak etdiyi dövrdən tanıyıram. Onun təyinatı təsadüfi deyil. Çox gözəl addımdır”.

Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, “Hərbi xidmət haqqında” qanun ciddi qaydada təkmilləşdirilməlidir: “Mən Elnur Allahverdiyevin çıxışına baxdım, bilmirəm xidmətdə olub, ya yox. Amma xidmət edənə oxşamır. Mən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə müraciət edirəm ki, “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilməlidir. O qanunda bütün məsələlər var. Bu Vətən hamımızındır. Son zamanlar müşahidələrim göstərir ki, vəzifəyə təyin olunanların əksəriyyəti hərbi xidmət keçməyib. Belə olmamalıdır. Hər kəs Vətən qarşısında borcunu yerinə yetirməlidir. Fürsətdən istifadə edib xidmət yaşının aşağı -28 yaşa salınmasını təklif edirəm. Fiziki göstəriciləri nəzərə almaq lazımdır. Hərbə meylli olanlara hərb yolunu, elmə meylli olanlara elmin yolunu açmaq lazımdır. Elm və təhsil nazirliyini tənqid edəndə əl-ayağa düşürlər. Hərbi kafedralar olmalıdır. Bu da dövlətin bir qoludur. Biri var müəyyən vərdişləri əldə edərək xidmətə gəlir, biri də var birbaşa xidmətə başlayarkən öyrənir. Bunu hərbi kafedralarda öyrədirlər. Korrupsiya hallarına görə kafedraları bağladılar. Cəmiyyətdə rüşvət olmasa, orduda da olmaz. Bu yaxınlarda güc strukturları ilə bağlı maraqlı proseslər olacaq. Hərbi forma müqəddəsdir. Orduda peşəkarlar olmalıdır. Yeri gələndə Türkiyə ordusu ilə qardaşlıq yarışına girməliyik”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR