“44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış müharibə iştirakçısı var. Onlardan təxminən 4500-5000 nəfərə əlillik dərəcəsi veriləcək. 6 min əlillik dərəcəsi düşməyən yaralanmış şəxs qalır”.
Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki müzakirələrdə söylədi. Qeyd etdi ki, onların da tam əksəriyyəti gənclərdir: “Bu gənclərin tam əksəriyyəti hələ peşəsini, gələcək həyatını da müəyyənləşdirməyib. Ona görə də yaralanmış müharibə iştirakçılarının hır birinə dəstək kimi 5 illik ayda 500 manat pul verilsin! Bu 5 ildə onlar özlərinə bir peşə, iş-güc, güzəran qurarlar. Xanım sədr, bu çox vacib məsələdir ki, həll edilsin. Bu məsələyə mütləq rəsmi münasibət bildirilsin. Biz, əks halda onların bədən yarasını sağalda bilərik, amma mənəvi yaralarını isə yox. Əlavə olaraq, bu təklifimi bir də səsləndirmək istəyirəm. Müharibə iştirakçılarının demək olar ki, əksəriyyəti peşəsizdir, ali savadı yoxdur deyə normal işə düzələ bilmir”.
R.Nurullayev bildirdi ki, müharibə iştirakçılarının təhsilə, peşəyə cəlb olunmasına ciddi ehtiyac var: “Mənim iş adamları ilə təmasım olur, xahiş etməkdən yorulmuşuq ki, işə götürsünlər. Bir həmkarım 3 nəfəri, o biri 5 nəfəri xahiş edir. Şirkətlər də bezrazmer corab deyil axı. Üzə düşüb təhsilsiz, peşəsiz müharibə iştirakçısını işə götürürlər, bir ne. Aydan sonra işdən azad edirlər ki, bu da ciddi narazılıq yaradır. Mütləq təhsil və peşə olmalıdır. Təhsil müəssisələrinə təhkim etmək olar ki, hər biri 50-100 nəfərə bilik və peşə versin. Dövlət də onların haqqını ödəsin. Deməyək ki, pul yoxdur. Vallah, sonunda o insanları şər qüvvələr yanlarına çəkib dövlətə qarşı istifadə edəcəklər”.
Komitə sədri Musa Quliyev isə R.Nurullayevin 500 manatlıq müavinətlə bağlı təklifinin reallaşmasını mümkün saymadı. Bildirdi ki, ən yaxşı yol məşğulluqdur.
E.Paşasoy,
Musavat.com






