İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat özünü niyə öldürmək istəyir? – Sevinc Telmanqızı ilə ölkə gündəmi “Canlı debat”da

1342 09.08.2021 13:39 Gündəm A A

Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun səhhəti ağırlaşıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat paylaşıb. Vəkil qeyd edib ki, ötən gün səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirib və üzü üstə yerə yıxılıb. C. Cavadovun sözlərinə görə, tibbi yardım göstərilsə də, başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər:

"Həmin gün saat 11:30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətiriblər. Özünün bildirdiyinə görə, həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər".

Polis əməkdaşını döyməkdə təqsirləndirilərək həbs edilən deputat Eldəniz Səlimovu müdafiə etməklə gündəmə gələn deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli növbəti qəribə açıqlamaları ilə diqqət çəkib.

Xatırladaq ki, partiya sədri deputat həmkarının həbsini qanunsuz sayıb, onun əməlinin vəzifə səlahiyyətlərini aşması ilə heç bir əlaqəsinin olmadğını deyib. T.Kərimlinin çıxışında işlətdiyi "deputatın yiyəsi yoxdur" ifadəsinə Milli Məclis sədri Sahibə Qafarova sərt etiraz edib. Bildirib ki, Eldəniz Səlimovun polislə münaqişə zamanı işlətdiyi ifadələrin 10 dəqiqəlik səs yazısını otağında onu dinləməyə məcbur edəcək.

T.Kərimli “Reaksiya.tv”-yə müsahibəsində bildirib ki, o səs yazısını dinləməyib. Deputat sosial şəbəkələrdə və saytlarda barəsində təhqiramiz yazılar yazılmasından gileylənib. Daha sonra deputat həmkarına verilən ittihamdan danışıb: "Baş Prokurorluğunun deputat toxunulmazlığının ləğvi ilə bağlı parlamentə müraciətində Eldəniz Səlimova Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ittiham verildiyi qeyd olunub. Milli Məclisin İntizam Komissiyasında da bu məsələyə toxunulmayıb. Amma Komissiyanın rəyində xəsarət yetirmək barədə qeydlər olub. Bütün mətbuatda da ancaq bu var ki, döyüb, söyüb, təhqir edib, xəsarət yetirib. Bu əməllərə görə vəzifə səlahiyyətlərini aşmaq ittihamı verilə bilməz. Deputat gecə kafedə olarkən hansı səlahiyyət həddini aşa bilər?”

Deputat media ilə yanaşı həmkarlarından da narazılığını bildirib: "Təsəvvür edin, bu çıxışımdan sonra ən yaxın dostum, deputat həmkarım məni övladının toyuna çağırmadı. Hətta mənimlə bir liftə minməyə qorxurlar".

T.Kərimli daha sonra heç nədən qorxmadığını ifadə edib: "Mən qorxmuram ki, övladıma nəsə eləsinlər... Məni də tutsunlar, nə olacaq ki?!"

Deputat, dövlət xətti ilə siyasi partiyalara ayrılan maliyyə yardımının azaldılmasından da şikayətlənib: "Bu il büdcəmizi 19 min manat kəsiblər. Məsələ qaldırdım, amma partiyalardan heç birinin dəstəyi olmadı, tək qaldım. Mən partiya büdcəsindən maaş almıram, amma bilirsiz, nə qədər adam dolanır bu vəsaitdən? 114 nəfərə maaş veririk, rayon şöbələrini saxlayırıq".
T.Kərimli özünü niyə öldürmək istəyir?

“Doğma qatillər” və ya milli mentalitetə vurulan bıçaqlar...

Son günlər ölkədə ana və arvad qatili, gəlin, və kürəkənin öz yaxın adamları tərəfindən qanının tökülməsi ilə bağlı cinayətlər haqlı narahatlıq doğurur.

Son günlər qohumları və doğmaları tərəfindən törədilən ağır cinayətlərin sayı artıb. Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncu avqustun 7-də ölüb. Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Avqustun 3-ü saat 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülülüb.

Avqustun 7-də Şəmkir rayonu, Yeni-Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.

İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Rəhman Babayev isə ailə münaqişəsi zəminində qayınatası tərəfindən bıçaqlanıb. Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Bu yalnız yaxınlar və doğmalar tərəfindən törədilən ağır cinayətlərin son bir həftəlik statitsikasıdır. Nə baş verir ki, təkcə qohumlar deyil, oğul belə anasını qəddarlıqla qətlə yetirir? İnsanların ruhi vəziyyəti dəyişib, yoxsa cəmiyyətdə qəddarlıq artıb? Doğmaların bir-birinin qanını tökməyə vadar edən səbəblər sosial problemlədir, yoxsa psixi dəyişiklik? Bəs, vaxtilə fəxr etdiyimiz milli mentalitet(anaya hörmətdən başlayaraq) hara yoxa çıxıb?

Həftəsonu marşrut qadağası-taksi firmalarına milyonları kimlər qazandırır...

Pandemik vəziyyətdən asılı olmayaraq, marşrutlara həftəsonu qadağası heç vaxt ləğv edilmədi ki, bu da hələ də ciddi narazılıq doğurmaqdadır. Haqlı olaraq soruşulur: xəstəliyin sayı 30 nəfərə düşəndə bir çox qadağalar ləğv edilsə də, metro və marşrutlara həftəsonu qadağası qaldı. İddialar var ki, bu qadağalardan aylardır yalnız taksi firmaları və əsasən də məmurlardan himayəsində olan taksi firmaları, xüsusən də Bakıda ən çox maşını olan “189” taksi firması milyonlar qazanmaqda davam edir. İş o yerə çatıb ki, məsələn, 189 şəhər işçində Bakıdan Gəncə qiymətinə(bir adam) aparır. Məsələn, “Jurnalistlər binası”ndan Neftçilər metrosuna qiymət 12 manatdır. Bu qiymət pik saat olmayanda da belədir. Digər taksi xidmətləri nisbətən ucuzdur, amma o firmalarda sürücülərin çoxu özlərinin istədiyi maşınla və bir çox hallarda tanınma işarəsi olmadan(“şahmat”la) küçələrə çıxırlar, əksəriyyəti təcrübəsiz və hətta aralarında narkotik istifadəçiləri də var.
Deputat Fazil Mustafa yenidən Operativ Qərargahın həftəsonu qadağısına diqqət çəkib: "Dəfələrlə söyləmişəm ki, bir sıra qərarlar var ki, onları hökmən əhalinin real durumuna dəqiq araşdıraraq qəbul etmək lazımdır. Bunlardan biri də istirahət günləri ictimai nəqliyyatın işləməməsi barədə qərardır. Uzun müddət metro işləmədi, bunun əziyyətini kim çəkdi? Əlbəttə, avtobusda bir-birinə yapışan və daha çox yoluxma riski daşıyan insanlarımız. Düşünmürəm ki, bu qərar bilavasitə pandemiyanın yayılması qayğısı ilə bağlı olsun. Təsəvvür edin ki, Bakının ətraf kəndlərindən kimsə mərkəzə həyati vacib iş üçün gəlmək istəyir və taksiyə də verməyə pulu yoxdur. Bazar günləri yarmarkaya alış-veriş etməyə gedənlər, günəmuzd işləyən fəhlələr, xadimələr, avtomobilsiz jurnalistlər, müəllimlər, həkimlər, tibb bacıları, sadə vətəndaşlar onsuz da aşağı səviyyədə olan gəlirlərindən əhəmiyyətli qismini niyə taksi xidmətinə ayırmalıdırlar? Ən ağır problemi də qadınlar yaşayır. Mental xüsusiyyətlərə görə qadınların çoxu təklikdə taksini tərcih etmirlər, o halda xəstəxanaya tələsən, yaxud vacib işi olan qadınlar nə etsinlər? Əlimdə əsas yoxdur ki, bunu məhz taksi şirkətlərinin marağını güdənlərin qəbul etdiyini söyləyim, ancaq əmin olduğum məsələ budur ki, məntiqsiz və vətəndaşa məqsədyönlü şəkildə əziyyət yaradan bir qərardır. Təəssüf ki, səsləndirilən fikirlərə əhəmiyyət verən və ictimai rəyi vecinə alan kimsə yoxdur”.

Həbsdəki icra başçılarının gözlədiyi olmadı- ağır cəzalar gəlir

Avqustun 7-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi Ağstafa rayonunun keçmiş icra hakimiyyəti başçısı Nizaməddin Quliyevi 9 il, onun müavini Ramiz Tatarovu 8,5 il həbsə məhkum edib. Məhkəmə onları korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, pul tələb etməkdə təqsirli bilib. Hökmə əsasən, qeyd olunub ki, məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib. Həbsdəki icra başçıları haqda ilk hökm onu deməyə əsas verdi ki, onların dövlətə dəyən zərəri və ya qanunsuz yolla əldə etdikləri əmlakları geri verməklə çox da ağır olmayan cəza alacaqları və 2-3 ilə azadlığa çıxa biləcəkləri haqda iddialar puç oldu. İlk hökm ağırlığı ilə diqqət çəkdi. Bu isə o deməkdir ki, məhkəmələrini gözləyən həbsdəki icra başçılarının tezlıiklə azadlığa buraxılacağı haqda gözləntiləri əbəsdir. Bu hökm həm də o anlama gəlir ki, hakimiyyət onların qanunsuz yolla əldə etdikləri əmlakları dövlət nəfinə müsadirə etsə də, özlərinin cəzalarını yüngülləşdirmək niyyətində deyil.

Türkiyədəki yanğınların söndürülməsində iştirak edən azərbaycanlı əsgərlərlə bağlı xoşagəlməz ifadələr səsləndirən bir türkiyəli həkim və ona cavab verən türkiyəli jurnalist Fulya Öztürk olayı bizə hansı mesajı verdi?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR