Dənizin yox, onun statusu uğrunda mübarizə
Xəzər dənizinin hüququ statusu bütün kəskinliyi ilə geosiyasi mübarizənin ön planına təxminən 20 il öncə - Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamağa və aparıcı Qərb şirkətləri ilə öz neft-qaz yataqlarının aktiv şəkildə istismarına hazırlaşanda çıxmışdı. Məhz o zaman Rusiya XİN “Əsrin müqaviləsi”ni əngəlləmək üçün 5 aprel 1994-cü il tarixdə Böyük Britaniyanın səfirinə göndərdiyi konfidensial notada dənizin hüquqi statusunun yoxluğuna və o üzdən də bu problem yoluna qoyulmadan neft-qaz ehtiyatlarının istismarının yolverilməzliyinə diqqət yönəltmişdi.
Bu nota faktiki surətdə uzunmüddətli və sərt geosiyasi mübarizənin əsasını qoydu. Məqam təsadüfi seçilməmişdi: “Əsrin müqaviləi” üzərində iş artıq yekunlaşmış və Kremlin notasına rəğmən sentyabrın 20-də onun təntənəli imzalanma mərasimi olmuşdu. Qərb kompaniyaları ilə analoji kontraktları Qazaxıstan da imzalamaq niyyətində idi (və imzaladı).
Hadisələrin bu cür inkişafı sözsüz ki, Rusiyanın “böyük energetik oyun”dan kənarda qalmasına aparırdı. O səbəbdən Moskva Azərbaycan, Qazaxıstan və Qərbə təzyiq üsulu kimi təcili şəkildə Xəzərin statusu problemini dövriyyəyə buraxdı ki, onlar da Kremlin “böyük dövlət maraqlarını” nəzərə alsınlar. Həmin vaxtdan etibarən dənizin hüquqi statusu Rusiyadan ötrü müstəqil Xəzəryanı dövlətlərə qarşı, habelə Qərbin regionda mövqeyinin güclənməsini önləmək üçün siyasi şantaj və geosiyasi təzyiq vasitəsinə çevrildi. Şimal qonşumuzun “status oyunu”nda etibarlı tərəfdaşı isə İran idi.
Bu dövrdə rəsmi Bakı və Astanaya uzunmüddətli və diplomatik manevrlər hesabına, həmçinin Rusiya və İran şirkətlərini özlərinin Xəzərdəki “neft biznesi”nə cəlb eləməklə status problemini yumşaltmaq və onun aktuallığını qismən azaltmaq müyəssər oldu. Bununla belə, sonralar hər dəfə Qərb Bakı, Astana və Aşqabadla Xəzərin neft geosiyasətində yeni qlobal addımlar atanda (BTC və BTƏ boru xətləri, NABUKKO və Transxəzər qaz kəməri layihələri və s.) Moskva və Tehran status, ekologiya və təhlükəsizlik məsələlərini qalxan kimi qaldırırdılar.
* * *
Yaranan problemlər onunla əlaqədar idi ki, Xəzər dənizi əvvəllər SSRİ-yə, qismən də İrana məxsus idi. Sovetlər Birliyi dağılandan sonra dəniz dərhal 5 sahilyanı ölkənin, habelə Qərbin iddia obyektinə çevrildi. SSRİ ilə İran arasında imzalanmış əvvəlki sənədlərdə Xəzərin hüquqi statusu tam həcmdə müəyyən edilməmişdi. Məsələn, orada dənizin dibi və resurslarından, səthindən necə istifadə olunması, ekosistemi necə qorumaq kimi ciddi məsələlərlə bağlı heç nə deyilmirdi. Elə bu aspektlər də Xəzər şelfində nəhəng karbohidrogen xammalı ehtiyatlarının aşkarlanması ilə xeyli aktuallıq qazandı.
Mövcud durum Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanı məsələnin hüququ nizamlanmasının hamı üçün məqbul olan mexanizmini birgə axtarıb tapmaq zorunda qoydu. Problemin həllində öncə üç mövqe özünü büruzə verdi:
1. Dənizi orta xətt üzrə bərabər hissələrə bölmək.
2. Xəzərə beynəlxalq dəniz hüququ normalarını şamil eləmək. Bu normalara əsasən, hər bir sahilyanı ölkənin ərazi suları və balıqtutma zonası müəyyən edilir, dəniz səthinin yerdə qalan hissəsi isə ümumi istifadədə qalır.
3. Xəzər unikal su hövzəsi olduğundan statusun müəyyən edilməsi üçün də qeyri-ənənəvi yanaşmalar tətbiq edilməlidir. Bu, kondominium prinsipinə uyğun olaraq, özündə milli zonalarla yanaşı, səthin və dibin ortaq istifadəsindən ötrü əraziləri nəzərdə tutur.
1996-cı ildə Xəzərin hüquqi statusu haqda konvensiya hazırlamaq üçün sahilyanı 5 ölkənin xarici işlər nazirinin qərarı ilə nazir müavinləri səviyyəsində Xüsusi İşçi Qrupu (XİQ) yaradıldı. O vaxtdan 5 ölkə üçün məqbul olan konsensusun tapılması yönündə 18 il ərzində intensiv danışıqlar gedir.
Problem ətrafında 5 ölkə ilə yanaşı, Qərbin (ABŞ-ın) da qoşulduğu geosiyasi mübarizənin kəskinliyi bu su arealının geosiyasi əhəmiyyəti və bölüşdürülməmiş sərvətləri ilə izah edilir. Bölüşdürməyə isə doğrudan da nəsə var. Məsələ ondadır ki, Xəzər akvatoriyasında dünya nərə balığı ehtiyatlarının 90%-i yerləşir. Ancaq əlbəttə ki, əsas mübahisə və ehtiraslar Xəzər şelfi ilə bağlıdır. Şelfdə neft-qazın təsdiqlənmiş ehtiyatı təqribən 4 milyard ton, proqnoz edilən rəqəm isə 18 milyard ton həcmində qiymətləndirilir. Bu, dünya miqyasında İran körfəzi ehtiyatlarından sonra ikinci göstəricidir.
Lakin iki on illik ərzindəki amansız mübahisə nəticəsində hamıya sərfəli konvensiyanı və formulu tapıb imzalamaq axır ki, mümkün olmadı. Hərgah, bəzi ölkələrin mövqelərində müəyyən yumşalma və yaxınlaşma müşahidə edilirdi. Belə ki, Rusiya, Qazaxıstan və Azərbaycan ortaq mövqeyə gələ və müvafiq sazişlərlə bir çox məsələləri gündəmdən çıxara bildilər. 1998-ci ildə Rusiya ilə Qazaxıstan arasında dənizin şimal hissəsinin dibinin bölünməsi haqda saziş imzalandı. 2001-ci ildə analoji anlaşma Qazaxıstanla Azərbaycan arasında əldə olundu.
2003-də isə Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin həmsərhəd hissələrinə aid fərqləndirici xətlərin kəsişmə nöqtəsi (delimitasiya) haqda saziş imzalandı. Sonuncu sənəd üçtərəfli formatda dəniz akvatoriyası ehtiyatlarının 60%-nin hüquqi statusunu qanuniləşdirmiş oldu. 2003-cü ildə isə Xəzər dənizi mühitinin mühafizəsi üzrə Çərçivə Sazişi imzalandı.
* * *
Status məsələsinin həllində ilk öncədən əsas rol Xəzəryanı ölkələrin başçılarının sammitlərinə ayrılmışdı. Ötən müddətdə cəmi 4 belə toplantı keçirilib. Sonuncusu Həştərxanda baş tutdu. İlk sammit 2002-ci ilin aprelində Aşqabadda oldu. Lakin o, faktiki surətdə boşa çıxdı və Saparmurad Niyazovla Heydər Əliyev arasında iki ölkənin dəniz sərhədində yerləşən mübahisəli neft yataqları ilə bağlı konfliktlə yadda qaldı.
Həmin sammitdə Rusiya Xəzərin “bərabər uzaqlıqda orta xətt” formulu üzrə bölünməsi və sərhədlərinin müəyyən edilməsi təklifini irəli sürdü. Həmin prinsipə əsasən, suyun səthi gəmiçilik üçün ümumi istifadədə qalır, dibi isə orta xətlərin köməyi ilə bölünür. Bu halda Rusiyaya dibin 20%, Qazaxıstana 29,5%, Azərbaycana 21%, Türkmənistana 17%, İrana isə 12,5% çatırdı. Öz aralarında ehtiyatları bölüşdürmüş olan Moskva, Astana və Bakı buna razı idilər, Tehranla Aşqabad isə - əleyhinə idilər. Bu formulun pik vaxtında İran dənizin 5 bərabər hissəyə bölünməsini təklif elədi - hərəyə 20%. Sammitdə yalnız növbəti toplantının Tehranda keçirilməsi haqda qərar qəbul olundu.
2007-ci ilin oktyabrında Tehranda baş tutan ikinci sammitdə iştirakçılar dənizin hüquqi statusu haqda konvensiyanın hazırlanmasına dair ümumi yanaşmaların əks olunduğu bəyannamə qəbul elədilər. Orada bildirilirdi ki, yalnız sahilyanı dövlətlər Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlara malikdir.
2010-cu ildə, Bakı zirvəsində “Xəzər beşliyi”nin birgə bəyanatı qəbul edildi. Bakı sammitinin mühüm yekunu Xəzərdə təhlükəsizlik problemləri ilə bağlı geniş anlaşmanın əldə edilməsi oldu. Həmin sənədə əsasən, Xəzərdə təhlükəsizlik istisnasız olaraq Xəzəryanı ölkələrin işi hesab edilir. Dəniz qonşuları habelə qərara gəldilər ki, müvafiq qurumlara tapşırıq versinlər ki, 3 ay ərzində milli dəniz zolağının eninin 24 dəniz mili olmasını razılaşdırsınlar.
Dördüncü sammit öz işinə sentyabrın 29-da Həştərxanda başladı. Sammitdə prezidentlər 19 bənddən ibarət birgə sənəd qəbul elədilər. Bu sənəddə də əvvəlki iki sammitdəki bəyanatlar kimi deyilir ki, “Xəzər beşliyi” akvatoriyada digər dövlətlərin hərbi qüvvələrini görmək istəmir. 5 ölkənin liderləri habelə bir-birilərinin suverenliyi və ərazi bütövlüyü, dövlətlərin bərabərliyi, güc tətbiq eləməmək və güc tətbiqi ilə hədələməmək, habelə qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq haqda razılığa gəliblər. Sənəddə həmçinin deyilir ki, Xəzər “dinc məqsədlər” üçün istifadə edilməli, onun akvatoriyası “sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası”na çevrilməlidir. Tərəflər dənizlə bağlı bütün mübahisəli məsələləri dinc vasitələrlə çözməyə boyun olurlar.
İmzalanan memorandum hər bir tərəfin 15 dəniz mili həddində sahilyanı dəniz məkanı və ona bitişik 10 dəniz mili ərazidə su-bioloji resurslardan istifadə üzərində suverenliyini təsbit edir. Ondan sonra ümumi su hövzəsi gəlir. Bunlardan əlavə, imzalanan sənəd “tərəflərin yeraltı və digər hüquqi fəaliyyət üçün suveren hüquqlarının reallaşması məqsədilə Xəzərin dibinin və ehtiyatlarının hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri əsasında bölünməsini” ehtiva edir.
Vurğulayaq ki, Həştərxan sammitini həddən ziyadə məhsuldar və hətta sıçrayışlı adlandırmağa tələsirlər, güman edilir ki, Xəzərin statusu haqda konvensiyanın imzalanması artıq əlçatandır. Fəqət, oxşar pozitiv dəyərləndirmə və optimist bəyanatlar vaxtilə Tehran və Bakı sammitlərindən sonra da səslənib, di gəl, “status yükü” hələ də öz yerindədir. Çünki praktik olaraq, hər bir Xəzəryanı dövlətin məsələyə öz yanaşması var:
Rusiya Xəzərin dibinin orta xətt üzrə bölünməsini, su tutumunun isə ümumi istifadədə qalmasını, gəmiçilik üçün sərbəstlik, balıqçılıq və ətraf mühitin qorunması üzrə razılaşdırılmış normaların tapılmasını istəyir. Qazaxıstan və Azərbaycan dənizin dibinin bu şəkildə bölünməsi ilə ümumən razıdır, bu, müvafiq dövlətlərarası sazişlərdə əksini tapıb.
Rəsmi Bakı lap əvvəldən dövlət ərazisinin bir hissəsi sayılmaqla dənizin milli sektorlara bölünməsi xəttini aparır. Belə yanaşma 1995-ci ildə qəbul edilən ölkə konstitusiyasında da əksini tapıb. “Milli sektor” deyəndə dənizin dibi kimi, səthi və hava məkanı nəzərdə tutulur.
Türkmənistan da ümumən analoji mövqeyə malikdir. İran isə Xəzər dənizinin kondominium prinsipi üzrə ortaq istifadədə qalmasını təklif edir. Eyni zamanda bəyan edir ki, dənizin milli sektorlara bölünməsinə də hazırdır, lakin bərabər (20%) hissələrlə. Bu da digər qonşuları qane eləmir.
***
Odur ki, unikal nərə balığı və nəhəng enerji resursları ehtiyatlarının olduğu Xəzər dənizinin statusu məsələsində belə görünür, tezliklə konsensus əldə olunacağını gözləməyə dəymir. Xəzəryanı dövlətlər hələlik yalnız bir şeylə bağlı asanca anlaşır: dənizin sərvətlərinin bölünməsinə başqa ölkələri buraxmamaq. Bəs öz aralarında onu necə bölməli? - bax, bu məsələdə razılığa gəlmək bir elə asan deyil. Nədən ki, stavkalar və iştahlar həddən ziyadə böyükdür.
Yeri gəlmişkən, heç də təsadüfi deyil ki, son zamanlar status problemi yenidən fövqəladə aktuallıq qazanıb və həmişə olduğu kimi belə hallarda məsələnin hüquqi aspekti toqquşan praqmatik və geostrateji maraqların əsirinə çevrilib. Gerçəkdən də Xəzərin unikal coğrafi mövqeyi, sərvətləri və perspektivliliyi onu regional geosiyasi ziddiyyətlərin iti hissəsinə çevirib. O ziddiyyətlər ki, onların əhəmiyyəti xəzərsahili dövlətlərin öz sərhədlərindən uzağa gedir.
Postsovet məkanında, o cümlədən Xəzər bölgəsində Qərblə (ABŞ-la) Rusiya arasında dominantlıq uğrunda mübarizənin qəfil kəskinləşdiyi indiki şəraitdə isə status probleminin aktuallaşması yenidən bu problemdən hadisələrin inkişafına təsir göstərmək üçün “əlaltındakı geosiyasi alət” qismində istifadə təhlükəsi yaradır.
Analitik xidmət






