Demokratik Jurnalistlər Liqasından əməkdaşımızın döyülməsinə təpki
Müxbirimizin döyülməsində kor-kor, gör-gör ki, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynarın barmağı var. Deputat oğlu onun avtoxuliqan hərəkətlərini ictimailəşdirən “Yeni Müsavat” qəzetini və bu barədə sosial şəbəkədə kəskin tənqid yazan əməkdaşını cəzalandırmaq üçün bu addımı atıb.
Sivil və ədalət olan ölkələrdə A.Məmmədov mühakimə olunmalı idi. Azərbaycanda isə atası və əmisi məmur olan bu gənc oğlan günün günorta çağı jurnalisti döydürür, qarşılığında cəzasız qalır. Hətta nəinki özü, bu işi təşkil edən dostu - kikboksinq üzrə yeni yaradılmış qeyri-leqal federasiyanın üzvü Tural Bayramov da 20 sutkalıq inzibati həbs cəzası ilə işini bitmiş sayıb.
Yalnız Məmmədovların “silləvuranı” - Siyəzən sakini Feyruz Termişi həbs edilib. Jurnalisti döyən bu şəxs polisdə üzləşdirmə zamanı etiraf edib ki, tapşırığı T.Bayramovdan alıb.
İlk dəfə bir jurnalistə qarşı zorakılıq faktının bütün təfərrüatları, faktları, maddi dəlil-sübutları, icraçı və sifarişçisi göz qabağındadır. İstintaq üçün bundan asan əməliyyat ola bilməz. Amma sanki sifarişçilər “yer yarılıb, yerə girib”. Belə görünür ki, Elton Məmmədov istintaqın dondurulması üçün əlindən gələn edir və hətta imkanı çatsa cinayət işinə xitam verilməsinə nail olar.
F.İlqaroğlu bizimlə söhbətində dedi ki, işi aparan Daxili İşlər Nazirliyinin müstəntiqi Mikayıl Qüdrətov eyni sözü təkrar deməkdən yorulmadı: “Hər dəfə əlaqə saxlayanda deyir ki, iş davam edir, nə yenilik olsa məlumat veriləcək. Bunun adı istintaqı uzatmaqdır, başqa heç nə.
Feyruz Termişinin ifadəsi kifayət edir ki, Tural Bayramov istintaqa çağırılsın, ifadəsi alınsın. Onun ifadəsi də əsl sifarişçinin kimliyini rəsmən ortaya çıxaracaq. Bizim jurnalist araşdırmalarımız sübut edib ki, mənə qarşı planlaşdırılan bu əməliyyatın tapşırığı haradan gəlib. Ancaq istintaq apreldən bu vaxta qədər işi uzadır".
Jurnalistin sözlərinə görə, onun boş oturmaq fikri yoxdur: “Bu məsələnin axırına qədər gedəcəyəm. Baş redaktorumuz Rauf Arifoğlu da daxili işlər naziri ilə görüşüb. Bu məsələ birbaşa cənab Ramil Usubovun nəzarətindədir. İnanıram ki, müsbət nəticələr əldə edəcəyik. İstintaq bitsin, məhkəmə müstəvisində mübarizəni davam edəcəyəm”.
Onu da deyək ki, F.İlqaroğluna zorakılıqla bağlı artıq ölkənin müxtəlif partiyalarından, hüquq müdafiəçilərindən, deputatlardan, media təşkilatlarından reaksiyalar gəlib. Bəyanatlarda jurnalisti döydürənlərin cəzalandırılması tələb olunur.
Demokratik Jurnalistlər Liqasından bu hadisəyə dair təpki var. DJL-in sədri Yadigar Məmmədli “Yeni Müsavat”a bildirdi ki, hadisədən sonra Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayıb və işin DİN rəhbərinin nəzarətində olduğunu öyrənib.
Y.Məmmədli təsdiqləyir ki, indiki zamanda jurnalistlərin müdafiəsi ilə bağlı əvvəlki vəziyyət deyil. Onun sözlərinə görə, media kimi medianın inkişafı üçün fəaliyyət göstərən təşkilatlar da zəifləyib. Y.Məmmədli hesab edir ki, dairə kiçilir, müdafiə imkanları zəifləyir, təşkilatlar gücsüzləşir.
“Biz təşkilat olaraq fəaliyyətdəyik, əlimizdən gələn köməklik göstəririk. Amma əvvəlki qədər media təşkilatları, mətbuatın kapitanları toplaşmırlar, bəyanatlar vermirlər, jurnalistlərin, mətbuatın problemləri müzakirə olunmur. Ümumiyyətlə, jurnalistika dünyada riskli sənətdir. Ona görə də onlara qarşı qanunsuz hərəkətlər araşdırılmır”.
Y.Məmmədli deyir ki, F.İlqaroğluna qarşı bu hərəkəti edənlər cəzalandırılmalıdır, məhkəmədə məsələ həllini tapmalıdır: “Jurnalistlər populyar və üzdə olan adamlardır. Təkcə qanunsuzluq bizdə deyil. Onlara qarşı qanunsuzluq araşdırılmır, nəticə vermir. Biz bundan çox narazıyıq. Bu hadisənin haradan qaynaqlanmasını aşkarlamaq hüquq-mühafizə orqanlarının işidir. Bunu edənlər cəzasını almalıdır”.
E.SALAMOĞLU






