İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəmirbank"ın xanım filial müdiri 3 milyonluq mənimsəmə haqda: "Pulu özümə xərcləməmişəm"

1440 20.02.2018 11:55 Son xəbər A A

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə filialın baş mühasibi Nigar Zülfüqarova ifadə verib.

O deyib ki, istintaq zamanı əmanətlərin qoyulması prosedurunu izah edib: "Əmanət kitabçaları qeydiyyata alınıb saxlanılırdı, hansı müştəri istəsə, ona verilirdi. Mən işlədiyim müddət ərzində audit yoxlaması olmuşdu və hər hansı qanunsuzluq aşkar edilməmişdi".

Zərərçəkmiş Sevda Xəlilova deyib ki, Bakı Apellyasiya Məhkəməsi əmanətçilərin pulunun qaytarılmaması haqda qərar çıxarıb.

Məhkəmənin davamında təqsirləndirilən Fərəh Rəşadətli sərbəst ifadə verib.

O deyib ki, 2011-ci ilin sonunda Tural Axundov filiala gələrək 150 min manat əmanət qoymaq istədiyini deyib:

"Sonra gəlib dedi ki, şirkət açırlar və buna görə iki bankdan arayış lazımdır. Mən də arayış düzəldib verdim. Anası Əzizə xanımın adına idi biri. Sonra da Bəhruz müəllimin dəvəti ilə şirkətlərində görüşdüm. Onların hesbalarının bizim banka köçürülməsinə qərar verdik. Sonra da Turalın vasitəsilə Sevda xanım filiala gəldi, Firəngiz xanım dollarla qoyacaqdı, amma manatla qoymaq istədi. Bu məsələdə müzakirəmiz oldu. Sevda xanımla Firəngiz pulu qoydular. Tural orada yox idi. 10 gün sonra gəldi. Mənə dedi ki, nahaq qoymusan, o pul mənimdi. 150 min dollar idi. Mən pulu məxaric edib Turala qaytardım. Sevda xanım bir ay sonra mənə dedi ki, pul karta köçməyib. Mən ona dedim ki, izah edəcəm. Turalı ofisə çağırdım, o dedi ki, pulu işə qoymuşam, yol tikintisinə. Dedi ki, ailəm elə bilir ki, pul bankdadır. Tural dedi ki, Sevdanın kartına hər ay özü köçürürmüş indi ödəyə bilmir. Tural təklif etdi ki, ona da deyim faizləri axırda alacaq. Mən öz hesabımdan faizləri kartlara ödədim, dedim, axırda özüm götürərəm. Çünki Tural qohum idi deyə kömək etmək istədim. Həm də Tural dedi, Sevda xanım birdən baş idarəyə şikayət edər. Mən də problem yaranmasını istəmirdim.

Oktyabrda mən artıq faizləri ödəyə bilmədim, onlar da baş idarəyə şikayət etməyə başladılar. Tural mənə dedi ki, sən qırağa çəkil, biz pulu bankdan alacağıq. Nərimanov rayonunda məhkəmələr olanda da getmirdik. Sonra dedilər ki, işçilərin tutulacaq, mən də hər şeyi öz boynuma götürdüm. Dedim, qohumdu da, yəqin məni tutdurmazlar.

Əzizə xanımın adına olan 1,1 milyon manat olmayıb, Sevda xanımın adına 300 mindir, o da qaytarılıb. Pərvanə Əliyevanın adına heç 4 manat da olmayıb. Gülnurun adına olan pulu Tural götürüb. Sevdanın da pulunu Tural götürüb. Firəngiz Xəlilovun pulunu 2 dəfəyə götürüblər. Tural bir dəfə 150 min qoyub sonra çıxarıb. Bircə Sevdanın pulu sistemə oturub, qalanı real deyil.

Əməkdaşlarım işlərini itirməsin deyə mənim dediklərimi edirdilər. Qanundankənar nəsə işlər gördüyümü bilməyiblər, onlara əlavə heç bir manat də verilməyib. Turalgil bacımın yoldaşının dayısı oğludur. Həm də Turalla bir yerdə oxumuşam. Tural gəlib dedi ki, pulu batırıb biznesdə, atası da tələb edir. Mənə təklif etdi ki, borc tapıb verim, yoxsa atası məndən prokurorluğa şikayət edəcək. Mən də çıxış yolu tapmaq üçün faizləri ödəyirdim ki, vaxt uzansın.

Mən istintaqda deməmişəm ki, pulu özümə xərcləmişəm. Həmin vaxt hamiləliyimin son dövrü idi, ifadə verə, uzun müddət otura bilmirdim. Müstəntiqə dedim nə istəyirsən yaz, qol çəkim gedim.

İstintaqdan əvvəl Turalgildən mənə hədələr oldu, ona görə geri çəkildim. Onun qardaşı Toğrul Yasamalda hakimdir, onun adı ilə məni hədələyirdilər. Mənim 16 işçim tutulacaqdı, həm də hədələnirdim, ona görə istintaqa əvvəl fərqli ifadə verib hər şeyi boynuma aldım. İmzaları da özm üzərimə götürdüm. Toğruldan qorxduğum üçün sürücüm vasitəsilə hər ay pul göndərirdim.

Sevda xanımın qoyduğu pula görə imzalanan müqavilədə faizdə səhv var idi, sənədi təzədən qaytarmamaq üçün yeni sənəd çap etdik və onu Tural imzaladı. Ona görə də məxaric edəndə də Turalın imzası ilə çıxardıq. Mən Turala 1,6 milyon ödəmişəm. Tural da korrupsiya idarəsində ifadəsində bunu etiraf edib. Amma Tural bizə deyirdi ki, 1 manat da almayıb".

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatını ələ keçirib.

Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib. İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyir.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyirlər.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR