İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏLİ BƏDƏVİNİN BƏD SONU

1017 23.10.2011 09:19 Yazarlar A A

Halbuki vaxtında hakimiyyət və var-dövlət hərisliyindən imtina edib xalqdan üzr istəsəydi, üzünü ona çevirsəydi, böyük ehtimalla əfv olunacaq (xalqların ürəyi geniş olur), yerdə qalan ömrünü da öz nəvə-nəticələri ilə birgə əmin-amanlıqda başa vuracaqdı. O isə fəlakət yolunu tutdu. Xalqla, az qala bütün dünya ilə vuruşdu. Dünya bir qırağa oldu, Liviya dəlisi bir qırağa. Qonşu və müsəlman Türkiyənin liderlərinin belə, haqlı çağırışlarını vecinə almadı.
42 ildi xalqı əsarətdə saxlayan Qəzzafi hələ bir “Mən hansı rəsmi vəzifə tuturam ki, istefa verim”, - deyə öz millətini və beynəlxalq birliyi ələ də saldı. Xalq da bu münasibətə cavabsız qalmadı . Qəzzafini yerin deşiyindən, daha doğrusu, beton kanalizasiya borusunun deşiyindən taparaq cəzalandırdı.
Danışırlar ki, ələ keçərkən Qəzzafi üsyançılara “Güllə atmayın... siz nə edirsiniz, bu İslama ziddir ”, - deyə hay-küy qaldırırmış. Bəs sən neçə aydır xalqa atəş açdırıb 50 min günahsız insanı, gənci, yeniyetməni öldürəndə yaxşı idi? Bu, İslama zidd deyildi ki, indi lapdan yadına din-iman düşdü? Bir can bu qədərmi şirin oldu? Başqalarının canı can deyildi?
Di gəl, Qəzzafi hətta nəvələrinin ölümünə bais olanda hansı yolda olduğunun fərqinə varmadı. Bu da layiqli sonluq. Xalqı özünə dost yox, rəqib sayanların, onunla hesablaşmaq əvəzinə vuruşanların və zor dilində danışanların aqibəti həmişə belə acınacaqlı olub. Belə də olacaq. Kütlə ilə savaşmazlar, bu, dəlilikdir.
Hakimiyyətdən ikiəlli yapışan bütün tiranlar üçün bu dəlilikdə əlbəttə ki, bir görk, ibrət var. Əgər götürmək istəsələr təbii ki. Əgər padşahlar, özündənrazı rəhbərlər ətrafdakı 5-6 yaltağın, simasızın sözü ilə oturub-durmasalar. Öz ailə üzvlərini, 5-6 məddahı xalq, sarayını vətən bilməsələr. Xalqdan çırpışdırdıqlarını vaxtında sahibinə qaytarsalar. Ən əsası xalqın rəyini ciddiyə alsalar.
Bundan ötrü isə həmin o dəbdəbəli saraylardan, yalançı əhatədən çıxıb xalqın içinə getmək, millətin nə düşündüyünü şəxsən eşitmək gərəkdir! Və ya xalqın nə fikirləşdiyi barədə məlumatları heç olmasa, müstəqil, narazı xalqa yaxın mənbələrdən almaq lazımdı. Müstəqil mətbuatın (əgər qalıbsa) yazdıqlarını analiz eləmək gərəkdir, daha azad sözün ağzına daş basmaq yox.
Elə azad dünya üçün də götürüləsi dərslər var. 50 min insan - kiçik rəqəm deyil. Dərs isə ondan ibarətdir ki, müstəbidləri cilovunu vaxtında yığmaq, hesablarını vaxtında dondurmaq lazımdır. Nəinki onlarla qucaqlaşıb öpüşmək, şəkil çəkdirmək, bununla da onları növbəti cinayətlərə şirnikləşdirmək. Liviyanın acı təcrübəsi bir daha göstərdi ki, stajlı diktatorları neytrallaşdırmaq qat-qat böyük itkilər, dağıntılar hesabına başa gəlir.
Ona görə ki, hakimiyyətin, şəxsiyyətə pərəstişin şirinliyini görən zalımlar getdikcə hakimiyyətdə daha çox qalmaq, daha çox möhkəmlənmək istəyirlər. Hətta övlad-nəvələrindən belə keçirlər hakimiyyətləri naminə. Qəzzafi kimi.
Dünya Qəzzafiyə qalmadı. O, sonuncu bədbəxt olacaqmı? Bu sual indi həm də onun yıxılmasında mühüm rol oynamış beynəlxalq birliyi, demokratiya paytaxtlarını qayğılandırmalıdır. “Yaxşı-pis despot”, “sizin-bizim despot” olmur. Despotun milliyyəti də olmur. Olsaydı, daha öz xalqlarına zülm etməzdilər ki...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR