Mingəçevirdə ondan ayrılmaq istədiyi xanımını iş yerində ürəyindən vuraraq öldürən şəxs hakim qarşısına çıxarılıb. O, arvadını namus üstündə öldürdüyünü desə də məhkəmə bunun yalan olduğunu üzə çıxarıb.
Musavat.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və adam öldürməkdə ittiham olunan Anar İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 178.1-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Anar İsmayılov ər-arvad münasibətində olduğu, lakin rəsmi nikaha daxil olmadığı Könül Mirzəliyevanı bıçaqlayaraq qətlə yetirib.
İstintaq orqanı müəyyən edib ki, Anar İsmayılov narkotik vasitənin aludəçisi olduğu üçün Könül Mirzəliyeva ilə aralarında dəfələrlə mübahisələr olub.
Bütün bu söz-söhbətdən bezən Könül oğlunu da götürərək atasının evinə gedib. Lakin Anar bunu qəbul etməyərək bir neçə dəfə Könüllə yenə mübahisə edib. Sonuncu dəfə isə ötən ilin sentyabrın 8-də Könülün işlədiyi aptekə gedərək onunla mübahisə edib.
Anar Könüldən həm evə qayıtmasını, həm də maddi vəziyyətinin pis olmasına görə ona pul verməsini istəyib. Könül onun bu istəyini geri çevirən zaman Anar cibindən çıxardığı mətbəx bıçağı ilə onu vurub. Ürək nahiyyəsindən bir bıçaq zərbəsi alan Könül xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Hadisəyə mərhumun iş yoldaşı da şahidlik edib. Aptekin nəzarət kameraları da hadisəni lentə alıb.
İstintaq zamanı müəyyən edilib ki, Anar İsmayılov 2019-cu ilin iyun ayında azadlığa çıxıbmış. Sonuncu dəfə 8-9 ay müddətində Könül ilə birlikdə yaşayıblar.
A.İsmayılov mərhum arvadını başqa şəxslə münasibəti olduğuna görə öldürdüyünü iddia edib.
Söyləyib ki, Könül ondan ayrılmaq istəyəndə uşağı tələb edib. Lakin Könül bununla razılaşmayıb.
Anar polisə könüllü olaraq təslim olduğunu da ifadəsinə əlavə edib.
Mərhum Könülün atası isə deyib ki, Anarla qızı 13 il birlikdə yaşayıblar. Bu müddət ərzində qızı həmişə əziyyət çəkib.
“Sonuncu dəfə Anarın atası zəng edib məni evlərinə dəvət etdi. Gedəndə qızımın onlarla dolanmadığını dedilər. Anar qızımı döydü. Mən də qızımı və nəvəmi götürüb evə gəldim. 3 ay qızım və nəvəm mənimlə qaldı. Anar hər gün qapıya gələrək pul istəyirdi. Anar əl çəksin deyə qızım məndən pul alıb ona verirdi. Həmin ərəfədə hər gün qızımı işə mən apardım. Hadisə günü qızımı işə aparıb evə gələn kimi Anarın gəlib aptekdə onu vurduğunu eşitdim” , - deyə mərhumun hüquqi varisi olan atası qeyd edib.
Mərhumun atası söyləyib ki, Anarın iddia etdiyi kimi qızı başqa bir şəxslə münasibəti olmayıb: “Həmin şəxslə görüşdüm, danışdım. Könüllə aralarında heç bir münasibətin olmadığını bildirdi. Anar həm də Könülə şər ataraq guya narkoman olduğunu dedi. Bunu da sübut edə bilmir. Dediklərinin hamısı yalandır. Onu bağışlamıram və ən ağır cəza təyin edilməsini istəyirəm”.
İstintaq orqanı mərhum Könüllə münasibəti olduğu iddia edilən şəxsi də müəyyən edərək ifadəsini alıb. O, Könüllə heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, Anar İsmayılov 2007-ci ildə dələduzluqda, 2012-ci ildə oğurluqda, 2013-cü ildə də oğurluqda, 2016 və 2018-ci illərdə narkotik vasitədən istifadə də ittiham edilərək barəsində məhkəmə hökmləri çıxarılıb. O, ya cərimə olunub, ya da barəsində həbs qərarı çıxarılıb. Sonuncu dəfə də narkotik istifadəsinə görə həbs cəzası alıb, amma vaxtından əvvəl azadlığa buraxılıb.
Məhkəmə belə qənaətə gəlib ki, Anarın xəyanətlə bağlı dediklərini təsdiq edən hansısa dəlil müəyyən edilməyib. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün dediyi yalan kimi qiymətləndirib.
Onu da qeyd edək ki, Anar İsmaylova sonuncu olaraq arvadını öldürmək ittihamı ilə yanaşı dələduzluq ittihamı da verilib. Müəyyən edilib ki, Anar atasının maşınını ondan xəbərsiz başqa bir şəxsə satacağı adı ilə pul alıb. Lakin atası bundan xəbər tutanda maşının satılmasına icazə verməyib.
Anar isə pul aldığı şəxsi aldadaraq həmin məbləği qaytarmayıb.
Məhkəmənin hökmü ilə 1983-cü il təvəllüdlü Anar İsmayılov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Muradov
Musavat.com






