Dayanacaqları zəbt edən taksilər, körpü altında gözləyən sərnişinlər... – FOTOLAR və VİDEO
“Hər gün burada saatlarla tıxac yaranır. Avtobuslar gah saxlayır, gah da saxlamır. Taksilərə görə marşrutlar başqa yerdə saxlamalı olurlar. Bu da tıxaca yol açır” - bu sözləri musavat.com-a şikayət məktubu ünvanlayan şəhər sakinləri deyirlər.
Onların sözlərinə görə, hər gün metronun “Koroğlu” stansiyasının yaxınlığındakı avtobus dayanacağında sözün əsl mənasında, aləm bir-birinə qarışır. Çünki dayanacağın önündə avtobusların saxlaması üçün yer qalmayıb. Hər tərəf taksilər tərəfindən zəbt edilib.
Şikayət əsasında adıçəkilən ünvana yollandıq. Həqiqətən də vəziyyət deyildiyi kimi idi. Yolun kənarında uzun taksi karvanı dayanmışdı. Dayanacağa yaxınlaşmaq istəyən avtobuslar isə, yolun tam ortasında dayanmalı olurdular.
Bəzi marşrut avtobusları yolun ortasında, bəziləri isə körpünün altında dayanmalı olurdular. Bütün bu hallar isə Nəqliyyat Nazirliyinin ərazidə olan müfəttişlərinin gözləri qarşısında baş verirdi. Və onlar buna heç bir reaksiya vermirdilər.
Birinci Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. Həmin oyunlar üçün tikilən stadion “Koroğlu” stansiyasının yaxınlığında, Böyükşor qəsəbəsində yerləşir. Gələn turistlər bircə dəfə bu marşrutlara minsələr, bizim sərnişindaşıma mədəniyyətimizlə yaxından tanış olmuş olacaqlar.
Halbuki heç minmədən kənardan baxsalar da kifayət edir. Qapıdan sallaşan sərnişinlər, bir-birini söyən sürücülər, “Hövsana 1 manat”, “Binə… Binə… Binə...” deyə qışqıran taksi sürücülərini görsələr də,hər şeyi anlayarlar.
Adıçəkilən ünvanda əsasən Bakının qəsəbə və kəndlərinə gedən marşrut avtobusları dayanır. Narazı olan sakinlər də daha çox Bakı kəndlərində yaşayanlardır: “Mən hər gün bu avtobuslarla Hövsan qəsəbəsinə gedib-gəlirəm. Və hər gün də eyni zülmü çəkirəm. Hələ indi yaxşı saatlardır, sakitlikdir. Siz axşam saatlarında, daha dəqiq desəm, saat 18:00-20:00 radələrində buraya gəlsəniz, əsl vəziyyəti daha yaxşı görmüş olarsınız. Bütün avtobuslarda basa-bas olur. Marşrut sürücüləri avtobusları harada istəsələr, orada da saxlayırlar.
Ona görə də, haqlı narazılıqlar baş verir. Çox vaxt sürücülərlə sərnişinlər arasında mübahisələr düşür. Bəzən isə sürücülər öz aralarında dalaşırlar. Və həmin anlarda ağlınıza gəlməyəcək qədər təhqiramiz ifadələr işlədirlər. Sərnişinlərin arasında qadınların, uşaqların olub-olmadığına belə, fikir vermirlər. Hər küçədən keçəni gətirib, marşrutlara sürücü qoyurlar. Ona görə də, bu mədəniyyətsizlik hələ uzun çəkəcək”.
Binə qəsəbəsində yaşayan Aqil Qasımov deyir ki, o, çox vaxt evə gedərkən qapıdan sallanmalı olur: “Başqa çarəm yoxdur. Avtobuslar gün ərzində normal işləsələr də, günün ən pik saatlarında gec-gec gəlirlər. Bu da sərnişin sıxlığına yol açır. Konkret olaraq, heç dayanacaqda da saxlamırlar. Yolun düz ortasında dayanırlar və camaat da avtobusların dalınca qaçmalı olur. Çox biabırçı vəziyyətdir. Bəzən bu qaça-qaç zamanı uşaqlar avtobusun altında qalmaq təhlükəsi yaşayırlar.
Günah sadəcə, avtobus sürücülərində deyil, həm də Nəqliyyat Nazirliyindədir. Hər gün burada heç olmasa, bir nazirlik maşını dayanır. Amma dəyişən heç nə yoxdur. Yəqin ki, bu vəziyyət onlara maddi cəhətdən sərf edir. Əks halda, öz vəzifə borclarını yerinə yetirərdilər. Və taksiləri avtobus dayanacağından çıxarardılar. Həm də qayda-qanun yaradardılar ki, marşrut avtobusları vaxtında gəlsinlər. Və ancaq dayanacaqda saxlasınlar”.
Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir.






