Davudoğlunun erməni müşaviri: “Erməni məsələsi Türkiyə üçün prioritet deyil...”
Erməni məsələsi Türkiyə üçün ən mühüm məsələ deyil. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Maxçupyan deyib.
“əl-Cəzirə” telekanalının Türkiyə xidmətinin əməkdaşı ilə söhbətində Maxçupyan bildirib ki, kürdlər və digər xalqlar üçün Türkiyənin indiki hakimiyyətindən yaxşı variant yoxdur.
“Maxçupyanın erməni olması erməni məsələsinin həllinə yardımçı ola bilərmi” sualına o, belə cavab verib: “Əgər kürd Türkiyə baş nazirinin baş məsləhətçisi təyin edilsəydi, əlbəttə ki, kürdlərin probleminin həllinə kömək edərdi, əgər ələvi təyin olunsaydı, ələvilərin məsələsinə yardımçı olardı. Mən erməniyəm. Əlbəttə ki, erməni məsələsinin çözümünə öz töhfəmi verəcəyəm”.
Ancaq o, erməni mövzusunun Türkiyə üçün ən vacib məsələlərdən olmadığını söyləyib. “Bundan başqa, mən Türkiyənin erməni icmasını təmsil eləmək səlahiyyətinə malik deyiləm. Bu məsələdə isə əsas rolu Türkiyə icması, Türkiyə diasporu oynayır” - əlavə edib erməni müşavir.
Musavat.com






