Paşinyanla “Daşnaksütyun” arasında anlaşmanın detalları bəlli olur; daşnaklar baş nazirin səlahiyyətlərinin azaldılmasını istəyirlər
Bu gün Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı fraksiyalar arasında məsləhətləşmələr olub.
“Daşnaksütyun” fraksiyasının nümayəndəsi baş nazir seçiləcək adamdan, yəni Nikol Paşinyandan polis və xüsusi xidmət orqanları üzərində nəzarətin parlamentə verilməsini tələb edib.
Bu barədə fraksiyanın rəhbəri Artyom Rüstəmyan jurnalistlər qarşısında açıqlama verib.
Xatırladaq ki, daşnaklar iqtidardakı Respublika Partiyasının müttəfiqi olmalarına rəğmən, son hadisələrin fonunda Nikol Paşinyanın baş nazirliyini dəstəkləyiblər.
![]()
A.Rüstəmyan eyni zamanda seçkilərdən sonra Ermənistanın konstitisiyasına dəyişikliklərin olunmasını istədiklərini də söyləyib: “Polis və kəşfiyyat üzərində nəzarət parlament üsul idarəsinin mahiyyətindən irəli gələn məsələdir. Qanunverici hakimiyyətin bu orqanlarla əlaqədar birbaşa səlahiyyəti olmalıdır”.
Bundan başqa Armen Rüstəmyan Paşinyanın baş nazir seçilması halında milli razılıq hökumətinin qurulmasının vacibliyini də vurğulayıb. “Daşnaksütyun”un rəhbəri qarşıdan gələn seçkilərlə bağlı Seçki Məcəlləsinə də dəyişikliklərin edilməsinin mühüm olduğunu söyləyib.
“Nikol Paşinyan özü də başa düşür ki, Ermənistanda parlament seçkilərinin keçirilməsi yalnız bundan sonra mümkün ola bilər”, - Rüstəmyan deyib.
Ermənistan mediası bu gün paytaxtda sakit həyatın yaşandığını, əsl hadisələrin mayın 8-də olacaq səsvermədən sonra baş verə biləcəyini yazır.
Qeyd edək ki, may ayının 4-də tərəfdarları qarşısında çıxış edən Nikol Paşinyan baş nazir seçilməyəcəyi halda, respublikaçıları daha böyük aksiyalarla hədələyib. Bundan başqa o, ölkədə əks-inqilabın baş verə biləcəyi ehtimalından da danışıb.
Musavat.com






