İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha üç partiya qeydiyyatdan keçdi - Azərbaycan yeni dönəmə girir?

6214 02.07.2020 10:10 Siyasət A A

İyunun 30-da Azərbaycanda daha üç siyasi partiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı. Bunlar AĞ Partiya (əvvəlki adı Vahid Azərbaycan Partiyası), Milli Vəhdət və Azərbaycan Milli Demokrat partiyalarıdır.

Qeyd edək ki, bundan az öncə - aprel, may aylarında Azad Demokratlar, Yeni Zaman, Cümhuriyyət Xalq və Müstəqil Xalq partiyaları dövlət qeydiyyatından keçmişdi.

Qeydiyyatı olmayan partiyaların rəsmiləşdirilməsi müzakirələrə səbəb olub. Bu da səbəbsiz deyil. Belə ki, son 15 ildə yaradılan partiyaların qeydə alınmaları müşkül məsələyə çevrilmişdi. İndi isə tamam fərqli situasiya yaranıb. Bütün bunlar həm də siyasi dialoq mühitinin davamı kimi göstərilir.

Onu da bildirək ki, axırıncı qeydə alınan partiyaların rəhbərləri iyulun 1-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüblər. Bu barədə “Yeni Müsavat”a AĞ Partiyanın başqanı Tural Abbaslı məlumat verib: “Ədalət Vəliyevlə birgə 3 son qeydiyyatdan keçmiş partiyaların görüşü oldu. Görüşdə Ədalət Vəliyev həm öz adından, həm də Prezident adından qeydiyyatla bağlı bizi təbrik etdi. Sonra ümumi, siyasi, ictimai vəziyyətlə bağlı qısa fikir mübadiləsi aparıldı”.

Tural Abbaslı: “Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz ...

Tural Abbaslı: “İqtidarın elan etdiyi islahatlar bununla yekunlaşmayacaq”

T.Abbaslı partiyaların qeydə alınmasını müsbət proses kimi dəyərləndirir: “Nəhayət, 4 il sonra partiyamızın qurultayının qərarlarının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması özü-özlüyündə müsbət haldır. Ümumiyyətlə isə son zamanlar siyasi partiyaların qeydiyyat məsələlərində nümayiş olunan müsbət yanaşma da təqdirəlayiqdir. Artıq bu sahədə insanlara süni əngəllər yaratmaq, bürokratik süründürməçiliklə məşğul olmaq, siyasi sferanı total nəzarətdə saxlamağa cəhdlər etmək dönəmləri geridə qalmalıdır. Dövlət və siyasi partiyalar münasibətləri normal, sivil ölkələrdə olduğu kimi inkişaf etməlidir. Mən ümid etmək istəyirəm ki, belə konstruktiv addımlar davamlı və ardıcıl olacaq. Nəhayət, Azərbaycanda da sözün həqiqi mənasında çoxpartiyalı sistem inkişaf edəcək, siyasi partiyaların cəmiyyətin həyatındakı rolları artacaq və demokratik cəmiyyət qura biləcəyik. Yenə də ümid etmək istərdim ki, iqtidarın elan etdiyi islahatlar bununla yekunlaşmayacaq, artan dinamika ilə inkişaf edəcək. Zatən, güclü Azərbaycan qurmağın bundan başqa yolu yoxdur”.

Yunus Oğuzdan Prezidentə sensasion müraciət: “Məni vətəndaşlıqdan ...

Yunus Oğuz: “Bu, əslində siyasi islahatların tərkib hissəsidir”

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz: “Müxalifət partiyası qeydiyyatdan keçir və sonra fəaliyyətini tənzimləyir. Bu da ondan ibarətdir ki, ümummilli məsələlərdə, milli təhlükəsizlikdə, dövlət təhlükəsizliyi və digər məsələlərdə milli birlik nümayiş etdirilir. Tənqidin də öz yeri olmalıdır. Görüşümüzdə Ədalət müəllim fikirlərimizi bəyəndi. Biz də onun fikirlərini bəyəndik. Dövlət qeydiyyatı o demək deyil ki, gəlib iqtidarın yanında oturasan. Müxalifət kimi ortada fəaliyyətin olmalıdır. Amma Qarabağ və digər ümummilli məsələlərdə dövlət düzgün addım atırsa, niyə də yanında olmamalısan? Dövləti təhdid edən hər bir məsələdə milli birlik nümayiş etdirilməlidir. Ədalət müəllimlə bu və ya digər istiqamətlərdə çox maraqlı söhbətimiz oldu. Əslində bizim partiyanın qeydiyyatı var idi. Bu, sadəcə, yenidən qeydiyyatdan keçmə məsələsi idi. Biz 2002-ci ildə qeydiyyatdan keçmişdik. 2003-cü ildə prezident seçkilərində iştirak etmişdik. Namizədliyim irəli sürülmüşdü. Son aylarda partiyaların qeydiyyatının sürətləndirilməsi əslində siyasi islahatların tərkib hissəsidir. Nə qədər ki, ölkədə birqütblülük, bir fikir olacaq, inkişafdan söhbət gedə bilməz. Müəyyən inkişaf olsa da, sonradan dayanacaq. Çoxsaylı partiyanın qeydiyyatda olması çoxqütblü fikirlərin, çoxfikirli insanların formalaşmasına təkan verəcək. Siyasi islahatlar ona görədir ki, orada siyasi fikirlərin cəmiyyətdə fəallaşmasından söhbət gedir. Bu da bələdiyyə, parlament, prezident seçkilərində mübarizə aparmaq deməkdir. Siyasi islahatların son nəticəsi budur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR