İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir partiya fəaliyyətini dayandırdı: Respublikaçıların SON BƏYANATI

1860 08.04.2023 17:00 Siyasət A A

Azərbaycanda daha bir partiya özünü buraxıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikaçılar partiyası fəaliyyətini dayandırmaqla bağlı bəyanat yayıb. Həmin bəyanat eksklüziv olaraq Musavat.com-un redaksiyasına göndərilib.

Sənədi olduğu kimi təqdim edirik:

"Milli dövlətçilik tariximizdə dərin kök salmış respublikaçılıq ənənələrinin davam və inkişaf etdirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə 1999-cu ildə Azərbaycan Respublikaçılar Partiyası yaradılmışdır. Yarandığı gündən öz məram və məqsədlərinə doğru inamla addımlayan partiyamız iqtidaryönümlü mövqeyi ilə daim dövlətin yanında, dövlətçiliyimizin keşiyində dayanmışdır.

Partiyanın hər bir üzvü öz məsuliyyətini dərindən dərk edərək ölkəmizin çətin günlərində Azərbaycan xalqını böyük bəlalardan qurtaran Heydər Əliyevin siyasi xəttinə öz dəstəyini ifadə etmiş və bu yolda addımlamışdır. Üzvlərimizin dövlətçiliyə sədaqəti və xalqımızın rifahının yaxşılaşdırılması üçün verilən siyasi qərarlara dəstəyini ifadə etməsi fəaliyyətimiz dövründə əsas missiyamız olmuşdur.

Bu gün biz Azərbaycan dövlətinin ən qüdrətli zamanının şahidiyik. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müdrik siyasət ölkəmizin sosial-iqtisadi gücünü artırmış, əhalinin rifah halının yaxşılaşmasını təmin etmiş, milli birliyə nail olmuş, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltmiş və bütün bu uğurların nəticəsində Azərbaycanı qalib dövlətə çevirmişdir.

Ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin bu gün dünyadakı iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən, nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanmaq siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini doğurmuşdur. Bir neçə illərdir ki, ölkəmizdə başlanan islahatların yeni mərhələyə keçməsi vətəndaş cəmiyyətinin və siyasi partiyaların sağlam inkişafına və qarşılıqlı münasibətlərinin dərinləşməsinə münbit şərait yaratmışdır. Müşahidə edirik ki, siyasi partiyaların fəaliyyətinin legitimləşdirilməsi, demokratiyanın, fikir plüralizminin, siyasi dialoq mədəniyyətinin inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların əsas strateji hədəfləridir. Məhz bu islahatların nəticəsində müstəqiliyimizin ilk illərində erməni işğalçıları tərəfindən zəbt edilmiş, 30 ilə yaxın müddətdə talanmış torpaqlarımız xalqımızın birliyi, ordumuzun şücaəti və Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəliyi ilə işğaldan azad edilmiş, ərazi bütövlüyümüz təmin olunmuşdur.

Partiyamızın 20-dən çox rayon təşkilatının və çoxsaylı üzvlərimizin istək və arzuları, siyasi baxışları bundan sonra da dövlətimizin inkişafı naminə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verməkdən ibarətdir. Biz bu missiyanı fəal vətəndaş kimi də davam etdirməkdə qərarlıyıq.

Hazırda ölkəmizdə aparılan uğurlu islahatlarda təmərküzləşmə prosesini aydın müşahidə edirik. Əminik ki, bu, dövlət idarəçiliyinin daha güclü və mütəşəkkil olmasına böyük töhfələr verəcəkdir. Hesab edirik ki, siyasi qüvvələrin birləşməsinin, əqidəsi, amalı bir olan güclərin birliyinin də dövlətimiz üçün böyük əhəmiyyəti vardır. Bu mənada biz Azərbaycan Respublikaçılar Partiyası olaraq Partiya kimi fəaliyyətimizə son qoyulmasını daha məqsədəuyğun hesab edir, bundan sonrakı fəaliyyətimizi aktiv ictimai vətəndaş kimi davam etdirmək istəyirik. İnanırıq ki, Partiya üzvlərimizin yekdil rəyi ilə qəbul etdiyimiz bu qərar özlüyündə xalqımızın siyasi birliyinə dəyər qatacaqdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR