Fransa prezidenti Emmanuel Makron İsveçrə Konfederasiyasına bu ilin noyabr ayına nəzərdə tutulan rəsmi səfərini ləğv edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb İsveçrənin Fransa istehsalı qırıcı təyyarələri almaqdan vaz keçməsi olub.
Yerli “Le Matin Dimanche” və “Sonntags Zeitung” qəzetlərinin xəbərinə görə, Fransa prezidenti İsveçrə səfirinə prezident Gi Parmelanla görüşməsinin mümkün olmadığını çatdırıb.
Qeyd etmək lazımdır ki, Emmanuel Makronun bu səfərinə 6 aydır hazırlıq görülüb. Son gəlişmədən sonra Fransa lideri 2022-ci ilin iyun ayına qədər İsveçrə ilə yüksək səviyyədə bütün kontaktların kəsilməsini əmr edib.
Makronun qəzəbinin əsas səbəbi İsveçrənin Fransanın “Rafale” qırıcılaırnı almaqdan vaz keçərək ABŞ-ın “F-35” təyyarələrini əldə etmək istəməsi olub. Müqavilənin ümumi qiyməti 6 milyard dollar təşkil edir. İsveçrəlilər amerikalılarla tam razılığa gələnə qədər Fransa rəsmilərini masada gözlədiblər.
Fransız mediası son günlərdə ölkənin siyasi rəhbərliyinin Vaşinqtondan ikinci belə zərbə aldığını vurğulayır. Xatırladaq ki, bu həftə Avstraliya da Fransadan sualtı qayıqların alınması ilə bağlı 66 milyard dollarlıq sazişi birtərəfli qaydada ləğv etmişdi.
Musavat.com






