İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir il yoxlamalardan azad olunmaq sahibkarlığa nə vəd edir - ekspertdən rəy

749 16.02.2021 10:00 İqtisadiyyat A A

Azərbaycanda sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bir sıra  yoxlamaların dayandırılmasının müddəti uzadılır. Bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanuna təklif edilən dəyişiklik fevralın 12-də Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Xatırladaq ki, “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanun 2015-ci ildə qəbul olunub. 2017-ci ildə onun qüvvədə olma müddəti 3 il artırılıb. İndi isə daha bir illiyə artırılır.

Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 1 yanvar 2022-ci ilədək uzadılır. Yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılması da qadağan edilir.

Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar bunlardır: vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Bu yoxlamalar qanunda nəzərdə tutulmuş müddətdə aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Onu da qeyd edək ki, sözügedən qanun qəbul olunanadək ölkədə sahibkarlıq subyektlərində müxtəlif dövlət qurumları tərəfindən yoxlamalar həyata keçirilirdi. Bu yoxlamalar əksər hallarda birbaşa sahibkarlardan pul qoparmaq məqsədi daşıyırdı. 2014-2015-ci illərdə neftin qiymətinin aşağı düşməsi nəticəsində baş verən maiyyə böhranı zamanı qeyri-neft sektorunun inkişaf etdirilməsi zərurəti daha kəskin hiss olundu. Nəticədə dövlət qurumlarında qanunvericiliyə uyğun fəaliyyəti təmin etmək, korrupsiyaya qarşı effektiv mübarizəni təşkil etmək əvəzinə sahibkarlıq subyektlərində əksər yoxlamaların dayandırılmasına dair qanun qəbul olundu.

2015-ci ildə qanun qəbul olunarkən cəmi 2-3 növ yoxlamaya icazə verilirdi. Ötən müddət ərzində qanuna edilən dəyişikliklər nəticəsində onun sayı 11-i keçdi. Çox maraqlıdır ki, hazırda bir sıra mühüm istiqamətlərdə yoxlamalara icazə verilmir. Bu isə həmin istiqamətlərdə vətəndaşların hüquqlarının pozulmasına imkan yaradır. Bunlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin əmək şəraiti və işçi hüquqlarının mühafizəsi ilə bağlı yoxlamalardır. Düzdür, qanun qəbul olunarkən sahibkarların ən çox narazı qaldığı və reallıqda əsasən onlar üçün pul tələsi xarakteri daşıyan yoxlamalardan biri qeyd olunan istiqamət idi. Amma ötən müddət göstərdi ki, yoxlamaların olmaması işçilərin hüquqlarının pozulması hallarının çoxalmasına şərait yaradır. Bu baxımdan, yoxlamaların qanunvericiliyin tələbləri əsasında davam etməsinin təmin olunması daha səmərəli olardı, nəinki onların tamamilə dayandırılması.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, qanunvericilikdə hər şey dəqiq əks olunarsa, iqtisadiyyatı idarə edən qurumlar düzgün fəaliyyət göstərərsə, ümumiyyətlə, idarəetmədə şəffaflıq olarsa, yoxlamaların dayandırılmasına heç bir ehtiyac olmaz: “Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması bilavasitə ona dəlalət edir ki, idarəetmədə şəffaflıq yoxdur, qanunvericilik sahəsində çatışmazlıqlar var, bu sahədəki boşluqlar dövlət qurumlarına əlavə imkanlar yaradır. Bütün bunlar isə son nəticədə neqatv halların yaranmasına gətirib çıxarır. Buna görə də hökumət məcbur olur ki, sahibkarlıq sahəsində lüzumsuz yoxlamaları dayandırsın. Bu qadağa müddətlidir, mahiyyətinə görə belə də olmalıdır. Amma hər dəfə müddət başa çatanda görürlər ki, problemlər aradan qalxmayıb, məcbur olub artırırlar”.

Pərviz Heydərov: ile ilgili görsel sonucu

Pərviz Heydərov: “Şəffaflıq, qanunvericilikdə dəqiqlik olarsa, heç bir yoxlamaya ehtiyac da qalmaz”

Ekspertin sözlərinə görə, əslində lüzumsuz yoxlamalara görə ciddi cəzalar müəyyən etmək və qanunvericiliyin bu tələbini işlək hala gətirməklə dövlət qurumlarını qanunazidd yoxlamalardan çəkindirmək mümkündür: “Sahibkarın konkret fəaliyyəti var. O, fəaliyyətindən dövlətə vergi ödəməlidir. Verginin dərəcəsini və ödəniş müddətini Vergi Məcəlləsi müəyyən edir. Bütün bunlar olan halda, hansı məntiqlə sahibkarlıq subyektlərini addımbaşı yoxlamağa ehtiyac yaranmalıdır? Vergidənyayınmanı müəyyənləşdirmək üçün iqtisadi fəaliyyətin subyektlərinə dair tələblər dəqiq və şəffaf olmalıdır. Sahibkara hər hansı məhsulun istehsalı üçün tələb olunan bütün zəruri xammalı, materialları şəffaf şəkildə, tam sənədləşmə ilə əldə etmək imkanı yaradılmalıdır. Ticarətdirsə, aldığı bütün mallara dair ona sənəd verilməlidir, özü də aldığı qiymətə. Bütün bunlar olarsa, əslində əksər yoxlamaları da ləğv etmək mümkün olar. Yalnız qanunvericiliyin tələb etdiyi vergini, rüsumu ödəyən sahibkar heç zaman öz işçiləri ilə əmək müqaviləsi imzalamaqdan, istehsal, satış həcmini şəffaf şəkildə uçota almaqdan yayınmaz. Bu şəraitdə də onu yoxlamağa ehtiyac yaranmaz. Yəni bütün bunlar ümumi biznes mühitindən, idarəetmənin şəffaflığından, korrupsiya səviyyəsindən asılı məsələlərdir. Nə vaxt bu neqativ hallar aradan qalxacaq, onda da yoxlamalara ehtyac qalmayacaq”.

Yeri gəlmişkən, koronavirus pandemiyası ilə bağlı sahibkarlıq subyektlərinə qoyulan fəaliyyət tələblərinə əməl olunub-olunmamasının müəyyənləşdirilməsi üçün nəzarət-monitorinq tədbirləri həyata keçirilir.  Bu məqsədlə nəzarət tədbirlərini İqtisadiyyat Nazirliyi (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) həyata keçirir. Nazirlikdən açıqlanan son məlumata görə, fevralın 11-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda “Sidre mebel” mağazasında, Binəqədi rayonunda “Vimay-med tibb mərkəzi”ndə, “Nursel ticarət” mağazasında, Oqtay Kərimova məxsus meyvə-tərəvəz mağazasında, Qaradağ rayonunda Amil Şəmiyevə məxsus ərzaq mağazasında, Nicat Niyazova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Hümət Tağızadəyə məxsus ticarət obyektində, Xəzər rayonunda “Ülvi inşaat” mağazasında, Səbail rayonunda Elşən Səfərova məxsus ticarət obyektində, Nərimanov rayonunda “Jasmin market”də, “A.E.S.-Trading” MMC-yə məxsus mağazada, Xətai rayonunda “Ramzes geyim mağazası”nda, Yasamal rayonunda “FLO” mağazasında, “Macrobiosis Antiage and Esthetic Center”də, Musa Quliyevə məxsus ticarət obyektində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə edilir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR