Dağlıq Qarabağın statusu hələ qeyri-müəyyən qalacaq
Ukrayna hadisələri postsovet məkanındakı etnik-ərazi münaqişələri, ələlxüsus Dağlıq Qarabağ problemi ilə bağlı yeni həll formatları zərurətini ortaya çıxarıb. Bu formatlar necə olacaq və neoimperiya maraqlarını artıq gizlətməyən Rusiyanın orada yeri hansı şəkidə müəyyən ediləcək ki, konfliktlərin çözümü ölü nöqtədən çıxsın?
Son vaxtlar Qarabağ ixtilafı kontekstində müzakirələr həm də bu yöndədir. Ekspert dairələrini indi ən çox belə bir sual düşündürür ki, ümumiyyətlə, Kreml bu ixtilafların həllində maraqlı olacaqmı, yoxsa “konflikt tərəfləri əgər anlaşa bilmirsə, ən yaxşısı Dağlıq Qarabağı Rusiyaya birləşdirməkdir” kimi Jirinovski sayağı üsulu tətbiq edəcək?
***
Bu mövzuda 1in.am erməni saytına mülahizələrini bölüşən Moskvadakı Kornegi Mərkəzinin Elmi Şurasının üzvü, “Din, cəmiyyət və təhlükəsizlik” proqramının həmsədri Aleksey Malaşenko hesab edir ki, Qarabağ daimi problemdir və o, hələ ki necə var, elə də qalacaq: “Mən bu məsələdə heç bir dəyişiklik gözləmirəm. Qarabağ həmişə qeyri-müəyyən status daşıyacaq: bir qisim üçün o, Azərbaycanın ərazisidir, başqaları üçün müstəqil ərazi, bir başqaları üçünsə - Ermənistanın tərkib hissəsi. Keyfiyyətcə nəyinsə dəyişməsi üçün ya gərək tərəflərdən biri müharibəni udmalıdır, - hansını ki, mümkün saymıram, - ya da bütün ölkələr - amerikalılar, avropalılar, türklər, çinlilər, ruslar tərəfindən problemlə bağlı total və qlobal qərar qəbul olunmalıdır. Ancaq bu da baş verməyəcək, çünki o halda problem Yaxın Şərq konflikti kimi uzana bilər”. Ekspertə görə, dünyada baş verənlər fonunda Dağlıq Qarabağ problemi çox xırda məsələdir və bu məsələ az adamı maraqlandırır.
***
Politoloqun qənaətində həqiqət payı böyükdür. Sirr deyil ki, Dağlıq Qarabağ konflikti ABŞ və Avropa Birliyi üçün həllini gözləyən prioritet məsələlərdən deyil. Qarabağa kimi Qərb Ukrayna (Krım), Moldovada Dnestryanı problemləri çözməli, Rusiya ilə münasibətlərə aydınlıq gətirməlidir. Bu proses hələ yekunlaşmayıb. Rusiyaya isə Qarabağ münaqişəsi indiki çözülməmiş vəziyyətdə tam əl verdiyi üçün Moskva status-kvonu öz xoşu ilə yəqin ki, dəyişməyəcək. Hətta birtərəfli qaydada dəyişsə də bu, Azərbaycanın maraqlarına uyğun yenilik olmayacaq.
Məsələn, bəzi analitiklərə görə, Azərbaycan Rusiyanı qəzəbləndirərsə, o zaman rəsmi Moskva qondarma qurumun müstəqilliyini tanıya bilər. Təbii ki, o halda Minsk Qrupu birdəfəlik tarixin arxivinə veriləcək, Azərbaycanla Rusiya arasında siyasi-diplomatik münasibətlər böhrana girəcək, Azərbaycanın Qərbə, Avropa Birliyinə inteqrasiyadan savayı yolu qalmayacaq. Eyni zamanda Azərbaycanın tələbi ilə Türkiyə-Rusiya münasibətləri aşağı səviyyəyə enəcək.
Görünür, buna görə bir sıra ekspertlər Moskvanın tanınma addımına həvəslə getməyəcəyini proqnoz edirlər. Yəni regionda baş verən proseslərə rəğmən, Dağlıq Qarabağın statusu həqiqətən hələ bir müddət də qeydi-müəyyən qala bilər.
Amma bir şeyi dəqiqliklə yazmaq olar ki, Putin SSRİ-nin hansısa qiyafədə reanimasiyası üçün Qarabağ kartından mütləq yararlanmağa çalışacaq. Zatən, Ermənistana münasibətdə Moskva bu kartdan artıqlaması ilə istifadə edib, qalır - Azərbaycan. Rusiya buna da nail ola bilsə, o zaman problem onun üçün qapanmış olacaq. Lakin Azərbaycan, Ermənistan, Qərb üçün də qapanacaqmı?
Məsələ də bundadır. Çünki problem o vaxt tarixin arxivinə təhvil verilmiş sayılacaq ki, o, beynəlxalq hüququn təməl prinsipi, BMT nizamnaməsi və qətnamələri əsasında, yəni ədalətli şəkildə həllini tapacaq. Yalnız o zaman Güney Qafqazın açar münaqişəsinin, nəhayət, yoluna qoyulduğunu təsbit etmək mümkün olacaq. Əks halda, regiona daimi və zəmanətli sabitlik gəlməyəcək. Əks halda, münaqişə bir müddət sonra yenindən qızışacaq - bu dəfə daha dağıdıcı nəticələr doğurmaqla.
Belə perspektivi önləmək vəzifəsi ən əvvəl Azərbaycanın, onun diplomatiyasının, bir də diasporun üzərinə düşür. Rəsmi Bakı Qarabağ ixtilafı ətrafında sürətlə dəyişən regional və qlobal şərtləri, dünyanın yeni imperativlərini operativ şəkildə, diqqətlə təhlil edib həmişə ən düzgün qərarlar verməyi bacarmalıdır. Strateji hədəfimiz də o olmalıdır ki, təslimçi sülhdənsə, problemin həlli ertələnsin. Lakin heç zaman işğalçı Ermənistanın mövqeyinin güclənməsinə imkan verilməsin - nə siyasi-diplomatik, nə də iqtisadi-hərbi sahədə. Paralel olaraq Bakı Moskvanı güclü şəkildə qıcıqlandırmadan Türkiyə vasitəsilə NATO-ya inteqrasiya kursunu geridönməz şəkildə davam etdirsin. Bu məsələdə Ermənistandan qabağa düşməyimiz də önəm daşıyır - üstəlik, buna real imkanlar var...
***
“Azərbaycan münaqişənin həlli ilə bağlı başqa mexanizmlər axtarmalıdır”. Bu fikri salamnews-a aşıqlamasında Bakı forumu ilə bağlı Azərbaycanda səfərdə olmuş Latviyanın sabiq prezidenti Valter Zatlers söyləyib. Onun qənaətincə, dünyada sabitlik yaratmaq üçün Qarabağ münaqişəsinin həlli vacibdir: “Biz düşünürdük ki, bu münaqişənin həllinə nail olmağın vaxtı çatıb. Amma Ukrayna böhranı ortaya çıxdı. İndi bir az səbir etmək lazımdır. Minsk Qrupu hazırda səmərəli deyil. Əgər ötən 20 ildə o, heç bir həllə nail olmayıbsa, deməli, bundan sonra da nail olmayacaq. Azərbaycan tamamilə başqa mexanizmlər axtarmalıdır. Latviya böyük məmnuniyyətlə, Azərbaycanla hərbi əməkdaşlıq edər, lakin Latviya NATO-nun üzvüdür. Ümid edirəm ki, gələcəkdə belə əməkdaşlıq mümkün olacaq”.
Latviyanın digər eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa öz növbəsində Bakıda keçirilən forumla bağlı mətbuat konfransında münaqişə ilə bağlı bildirib ki, beynəlxalq təşkilatlar onun həllində məsuliyyət daşıyırlar və hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Sitat: “Beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinin tələbinə görə Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi məsələ ilə yaxından məşğul olur. Ona görə də açıq deyirəm: istədikləri formatdan - istər ikilik, istər üçlük, istər dördlük, ümumiyyətlə, istədikləri musiqili ansambldan istifadə etsinlər, amma münaqişə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, bizim dövlətin də mövqeyidir. Mən prezident olanda da bu mövqedə olmuşam və təəssüf ki, hələ də bu problem davam edir”.
***
Təəssüf ki, Minsk Qrupu formatı, həmsədrlik artıq özünü doğrultmayıb. Bu qurum nəyi bacardısa onu artıq edib. Bu günədək Minsk Qrupu həmsədrləri konfliktin həllində real uğura imza atmayıbsa, bundan sonra, Rusiya ilə digər iki həmsədr ölkə - ABŞ və Fransa arasında münasibətlər kəskinləşəndən, qarşılıqlı etimad itəndən sonra heç mümkün olmaz.






