İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ və Rusiya arasında fikir ayrılığı yoxdur?

1555 29.06.2015 12:45 Ölkə A A

Dağlıq Qarabağ münaqişəsinin həli ilə bağlı ABŞ və Rusiya arasında heç bir ciddi fikir ayrılığı yoxdur. Bu sözləri ötən həftə Bakıda olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Turan” Agentliyinə müsahibəsində deyib. Amerikalı həmsədr deyib ki, Moskva və Vaşinqton arasında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı fikri ayrılığı yoxdur. Sitat: “Qarabağ məsələsi üzrə ziddiyyət yoxdur, mən rusiyalı həmkarım ilə yaxşı işləyirəm və bizim aramızda tam anlaşma var”.

Qeyd edək ki, hazırda Ukrayna məsələsi ilə əlaqədar olaraq ABŞ və Rusiya arasında münasibətləri kəskin şəkildə pisləşib. ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib, bundan başqa NATO qüvvələrinin Şərqi Avropa ölkələrində cəmləşdirməsi münasibətlərdə gərginliyə səbəb olub. Bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında fikir ayrılığının olmaması maraq doğurur. Doğrudanmı, Vaşinqton və Moskva arasında münaqişə ilə bağlı fikir ayrılığı yoxdur və onlar anlaşa bilirlər?

Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, hazırkı vəziyyətdə Vaşinqton və Moskvanın münaqişəyə münasibəti həqiqətən də üst-üstə düşür: “Hər ikisi sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, əməldə isə hər ikisi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün həmsədr olaraq heç nə etmirlər. Bu mənada amerikalı həmsədr haqlıdır. Bu iki dövlət Ermənistana təzyiq etməyi də lazım bilmirlər. Görünür, həm ABŞ, həm də Rusiya üçün münaqişənin dondurulmuş vəziyyətdə qalması sərfəlidir”.

Bəs münaqişənin həlli forması, ərazi bütövlüyü və sair məsələlərdə yanaşmalar necədir? Hər iki tərəf eyni mövqeyə malikdir? 

E.Şahinoğlu deyir ki, bu məsələdə müəyyən yanaşma fərqləri olsa da, ümumi olaraq oxşar münasibət var: “Rusiya Ermənistanın məğlub olmasını istəmir. Amerika üçün isə bunun elə bir fərqi yoxdur. Ancaq Amerika Dağlıq Qarabağı geri qaytaran Azərbaycanın Cənubi Qafqazda lider dövlət olmasında da o qədər maraqlı deyil. Çünki güclü Azərbaycan ABŞ-ın yox Türkiyənin strateji müttəfiqidir. Vaşinqton isə Türkiyə və Azərbaycanın bölgənin iki nümunəvi dünyəvi müsəlman ölkəsi saysa da, bu tandemin güclənməsində də o qədər maraqlı deyil. Çünki Türkiyə-Azərbaycan tandemi Amerikanın hər istədiyini etməyəcək, təhlükəsizlik maraqları naminə Rusiya ilə də əməkdaşlıqda maraqlıdır. Amerikaya isə daha ondan asılı dövlətlər lazımdır. Azərbaycan isə nə Ukraynadır, nə də Gürcüstan. Hətta Azərbaycanda hakimiyyətə nə vaxtsa başqa qüvvələr gəlsələr belə, onlar da Amerika ilə münasibətlərdə zəruri məsafə saxlayacaq, Rusiya ilə münasibətləri korlamamağa çalışacaqlar”.

Kənan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR