İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağları aşmaq vaxtı, 91 yaşlı göyçəli babanın əhdi və Paşinyanın Almaniyadakı hay-küyü...

1242 03.03.2023 17:30 Yazarlar A A

Yenə də özünü “sülh quşu” yerinə qoyan Nikol Paşinyan Almaniyada bundestaqında nağılları bir-birinə düyünləyib. Deyib ki, Laçın dəhlizi ancaq Qarabağı tərk etmək istəyən ermənilər üçün açıqdır. Bunu martın 3-də deyib, o gündə ki, elə Ermənistan mətbuatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 9 xəstə Ermənistan xəstəxanalarına aparılıb, 7 sağalmış erməni isə Gorus tərəfdən Xankəndiyə qaytarılıb. Ermənistanın “sülhpərvər” baş naziri heç olmasa, bu faktı oxuyub, cəfəng iddia səsləndirməməliydi, əgər sülh sazişini imzalamaq niyyətindəydisə...

Təbii ki, erməni hökumət başçısına dil verənlər var, məsələn, alman kansler kimi...Hansı ki, erməni separatçıları kanslerin “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetməsi zərurəti”ndən danışdığına görə məmnun qalıblar. Hansı ki, Almaniya rəhbərliyi faşist nəvəsi Paşinyanın qulağına deyə bilərdi ki, özünü yığışdır, get, Azərbaycan nə deyirsə, ona əməl elə! Ancaq Nikol necə havaya giribsə, deyib mən sülh müqaviləsi imzalamağa hazıram, amma bu, Ermənistanın kapitulyasiya aktı olmamalıdır. Unudub ki, əvvəla, kapitulyasiya aktını 44 günlük müharibənin sonunda imzalayıb. Digər tərəfdən, qonşu ölkənin ərazilərini 30 il işğalda saxlayan və buna görə dərsi verilən Ermənistanın başında duran Paşinyan öz statusunu hələ də anlamırmı? Bütün dövrlərdə müharibədə uduzan tərəf cəzasını çəkib, üzr istəyib, təzminat ödəyib, qalib ordunun qarşısında diz çöküb, dediyinə əməl edib. Paşinyan hələ də anlamır ki, onun rəhbərlik etdiyi ölkə 21-ci əsrdə çox pis iş görüb, müharibə cinayətləri törədib və yekə-yekə danışmaqdansa, utanıb yerə girməlidirlər, günahsız körpələri, qadınları öldürdüklərinə görə! Adam islah olmur, görünən bu!

Ötən ay Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Hərəkət edən dağlar. Cənubi Qafqazda təhlükəsizliyin təminatı” mövzusunda panel müzakirələri keçirilmişdi, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın hökumət başçısı Nikol Paşinyanın iştirak ilə. Bu, Qafqaz ölkələri üçün bir ilk idi. Azərbaycanın dövlət başçısı Ermənistan üçün xilas yolunu təklif etmişdi. Bu görüşdən sonra Almaniyaya növbəti dəfə səfər edən Paşinyan çox tez “unudub” Münhen tapşırıqlarını...

640148670afa1640148670afa2167780.jpg (137 KB)

Ermənistanın baş naziri “Hərəkət edən dağlar”da deyilənləri “unutduğu” gün Bakıda, Azərbaycan Milli Məclisində, İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr keçirildi. Çox məsələlər xatırladılıb həmin dinləmələrdə. Komitə sədri Zahid Oruc 13 dəqiqəlik məruzəsində olduqca vacib və əhəmiyyətli təkliflər irəli sürüb. Zahid bəyin “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır”-sözləri isə möhtəşəm fikirdir və Qərbi Azərbaycanın vazkeçilməzliyini özündə ifadə edir.

Dövlətimizin Qərbi Azərbaycan mövzusuna nə qədər böyük diqqət yetirdiyini isbatlamağa ehtiyac yoxdur, faktlar ortada. Prezident İlham Əliyevin hakimiyyət dönəmində heç zaman İrəvanın ermənilərə güzəştə gedilməsi ilə razılaşmaması, buna görə hətta çox böyük dəyər verdiyi, yubileylərinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncamlar imzaladığı Cümhuriyyət qurucularını belə, tənqid etməsi bəzən fərqli polemikalara səbəb olub. Lakin İlham Əliyevin Qərbi Azərbaycan İcmasına bu qədər yüksək münasibət göstərməsi, Qərbi Azərbaycana Qayıdışla bağlı Konsepsiyanın qəbulu, bu istiqamətdə yol xəritəsinin təqdim olunması artıq mübarizənin yeni mərhələsinin başlanması deməkdir.

Nikol Paşinyan Azərbaycandan almanlara şikayətlənib, Azərbaycanda müzakirəsi gedən Qərbi Azərbaycan mövzusuna istinadən deyib ki, Bakı Ermənistanın paytaxtına iddia edir. Hansısa Tiqran barədə cəfəngiyyatlar uyduran Nikol Paşinyan hələ də İrəvanın tarixindən bixəbərdirsə, sadəcə bədbəxt adamdır, beləsi ilə normal sülh sazişi imzalamaq real görünmür.

Qarabağdakı bir ovuc erməninin Ermənistana sərbəst gediş-gəlişinə nail olmaq istəyən, Azərbaycanın Laçın rayonu ilə Gorus arasında sərhəd və gömrük məntəqəsinin qurulmasını mümkünsüz sayan bu, iddiası çox, ağlı dayazlar anlamaq istəmirlər ki, beynəlxalq hüquq var. Beynəlxalq hüquqa görə, 1988-89-cı illərdə öz dədə-baba yurdlarından qovulmuş azərbaycanlılar – 300 minə yaxın əhali öz evlərinə qayıtmalıdır. Paşinyan Qarabağ ermənilərinin Laçın yolu ilə heç bir yoxlama olmadan gedib-gəlmələrini istəyirsə, o halda Qərbi Azərbaycandan – Göyçə-Zəngəzurdan, Vedibasardan qovulan azərbaycanlılar da öz evlərinə qaytarılmalıdır və onların Laçın-Gorus-İrəvan marşrutu üzrə sərbəst hərəkətinə şərait yaradılmalıdır! Rusiya sülhməramlıları Laçın yolunda eni 5 km-lik “təhlükəsizlik zolağı” yaradıbsa, niyə Ermənistandan qovulan azərbaycanlılar üçün də eyni şərait yaratmasınlar?

Göyçə_gölü_medium.jpg (51 KB)

BakuTV-nin efirində Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini, 1932-ci il təvəllüdlü Novruz İsmayılovun həyat hekayəsini izlədim. Çoxtəsirliydi. 91 yaşlı baba Vətən həsrəti ilə qovrulduğunu və ayaqyalın öz kəndinə qayıtmağa hazır olduğunu deyir. Əzizlərinin dağıdılan qəbirlərindən, ev-eşiyindən, məhv edilən müqəddəs ziyarətgahlardan yana-yana danışırdı yaşı 100-ü haqlamış ağsaqqal! Gəlmə Vazgenin Qarabağda yaşamasından bəhs edən Paşinyan niyə Göyçənin əsl sahibinin yurduna qayıdışından danışmır?

Ermənilər Azərbaycana qarşı məkrli siyasəti bundan sonra da davam etdirəcəklər, şübhəmiz yoxdur. Odur ki, Qarabağdakı xırda-para problemlərin həlli ilə məşğul olmaqla yanaşı, tarixi torpaqlarımıza qayıdış məsələsini də beynəlxalq miqyasda müzakirəyə çıxarmalıyıq. Beynəlxalq hüquq bizim tərəfimizdədir, yetər ki, çalışaq! Paşinyan da məhz qorxduğu üçün Almaniyada hay-küy salır. Qarabağ məsələsi Azərbaycanın daxili işidir, dünya paytaxtları məşğul olmaq istəyirlərsə, buyursunlar, Qərbi Azərbaycan məsələsini masaya qoyuruq, vasitəçi ola bilərlər!

Proseslər Qarabağdan başlamayıb, heç “KQB” və daşnak çevrələrin ssenarisinin qurbanı olan Sumqayıtdan da başlamayıb. Qanlı hadisələr Qafandan, Mehridən, İrəvandan, Vedidən başlayıb və orda da bitməlidir, tarixi ədalət bunu tələb edir! Kəndinə ayaqyalın getməyi əhd eləyən Göyçənin 91 yaşlı sakininin haqqı tanınmalıdır! Dağları aşmağın əsl vaxtıdır, hüquq müstəvisində...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR