İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıdılan və məhv edilən Ukrayna: Qərb Zelenskini dəyişmək qərarına gələrsə…

503 18.04.2024 18:22 Dünya A A

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, rəsmi Kiyev sülh danışıqlarına hazırdır, lakin Rusiya ilə dialoq aparmayacaq. Onun qənaətincə, Rusiya Prezidenti Vladimir Putin bu danışıqları istəmir və bu, sadəcə vaxt itkisidir. Zelenskinin sözlərinə görə, məhz bu səbəbdən də Ukrayna öz sülh formulunu təbliğ edir və Rusiyanın iştirakı olmadan dünya ölkələrinin sammitlərini toplayır ki, Moskva mövcud plana mane olmasın.

Rusiya ilə dialoq aparılmadan sülh danışıqları mümkündürmü? Əgər münaqişənin bir tərəfi Rusiyadırsa, bu ölkənin iştirakı olmadan Ukrayna sülhü necə əldə edə bilər? Kiyevin təbliğ etdiyi sülh formulu, dünya ölkələrinin sammitini toplaması Rusiya-Ukrayna münaqişəsinə son qoya bilərmi?

 

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Zelenskinin Rusiyasız sülh danışıqlarını arzu etməsi belə onun sülh danışıqlarının aparılmasında maraqlı olmadığını sübut edir.

Politoloqun qənaətincə, Ukrayna prezidentinin Rusiyasız sülh danışıqları ideyasının özü belə, əvvəldən uğursuzluğa məhkum olan addım kimi qiymətləndirilməlidir: “Əlbəttə ki, Qərbin, xüsusən də ABŞ-nin başçılığı altında Rusiya-Ukrayna müharibəsinə və ya sülh danışıqlarına həsr edilən konfrans keçirilə bilər. Amma bu konfransın real nəticələrə səbəb olacağını söyləmək olmaz. Rusiyanın bombardmanları altında hansı sülh danışıqlarından danışmaq olar? Görəsən Zelenski irəli sürdüyü ideyanın həyata keçməsi mümkün olmayan hipotezdən başqa bir şey olmadığını başa düşürmü? Danışıqlar prosesinin uzadılması Ukraynanın daha ciddi problemlərlə üzləşəcəyinə işarədir. Zelenski və Ukraynadakı müharibənin davam etdirilməsi tərəfdarları hələ də ABŞ-nin onlara kömək edəcəyinə ümid edirlər. Onlar bu ümid sönənə qədər dediklərindən dönməyəcəklər. Sonda da bütün günahları Qərbin üzərinə yıxaraq, aradan çıxmağa çalışacaqlar. Amma dağılan və məhv olan Ukrayna şəhərləri, sadə xalq olacaq”.

Politoloq Ə.İbrahimov deyib ki, Qərb dövlətləri Ukrayna ilə bağlı gözləmədikləri reallıqla üz-üzə qalıblar, hələ də hansı şəraitdə olduqlarını dərk edə bilmirlər: “Rusiya-Ukrayna müharibəsindəki real vəziyyəti noyabr seçkilərindən sonra başa düşəcək və müəyyən addımlar atmağa çalışacaqlar. Amma o zaman Rusiya sahədə öz sözünü artıq demiş olacaq. Zelenskiyə gəlincə, düşünürəm ki, o, müharibə prezidentidir. Zelenskinin hakimiyyəti müddətində sülhdən danışmaq olmayacaq. Əgər Qərb və ABŞ Rusiya ilə sülh danışıqları aparmaq haqqında qərar qəbul etsələr, bu, Zelenskinin də hakimiyyətdən uzaqlaşdırılması anlamına gələcək. Yəni Qərb Zelenskini dəyişmək qərarına gələrsə, bu, sülh danışıqlarının başlamasına bir işarə olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR