İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cümhuriyyət qurucularının nəşi Azərbaycana gətirilməlidir”

844 23.05.2013 09:35 Gündəm A A
Neft pulları hesabına uzaq Meksikada heykəl ucaldan iqtidar Cümhuriyyətin qurucularına gələndə kisənin ağzını bərk-bərk bağlayır. Fakt budur ki, bütün həyatını Azərbaycan xalqının müstəqilliyinə həsr edən bu insanların məzarı hələ də canlarından çox sevdikləri vətəndən çox-çox uzaqlarda və baxımsız vəziyyətdə qalıb.
Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu hesab edir ki, Məmməd Əmin Rəsulzadə başda olmaqla, Cümhuriyyət qurucularının nəşi Azərbaycanda, doğma vətəndə torpağa tapşırılmalıdır: “Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Xətəli xan Xoyskinin, Həsən bəy Ağayevin məzarı Azərbaycana gətirilməlidir. Məndə olan məlumata görə, qardaş Türkiyədə uyuyan bizim ideoloqlarımız Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun məzarları heç də yaxşı vəziyyətdə deyil. Artıq bu məzarlar itmə təhlükəsi qarşısındadır. Ona görə də bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir. Bizim tanınmış iş adamlarımız, vətənpərvər imkanlı şəxslər bu işdə hansısa addım atmaq istəsələr onlara kömək etməyə hazıram. Çünki mənim əlimdə o məzarlarla bağlı siyahı var. Xüsusi bir komissiya təşkil olunsa hesab edirəm ki, yaxın zamanda o insanların məzarını tapıb Azərbaycana, öz doğma vətənlərinə gətirmək olar. Ümumiyyətlə, hesab edirəm ki, Cümhuriyyətimizin qurucuları olan bu insanlara hər birimiz xüsusi sevgi ilə yanaşmalı, bu işdə əlimizdən gələni əsirgəməməliyik”.
İstiqlal qurucumuzun banisi Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə bizimlə söhbətində bildirdi ki, Cümhuriyyət qurucularının məzarı Azərbaycana gətirilməklə yanaşı, həm də onların xatirəsi əbədiləşdirilməlidir: “Bu insanları xüsusi günlərdə yada salmaq düzgün deyil. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Fətəli xan Foyskini, Əhməd bəy Ağayevi, Əlimərdan bəy Topçubaşovu və digərlərini Respublika günündə və digər bu kimi bayramlarda yada salmaqla kifayətlənməməliyik. Danılmaz faktdır ki, babam Azərbaycanın ən görkəmli şəxsiyyəti olub və bütün ömrünü də Azərbaycan xalqına, müstəqil dövlətçiliyin yaranmasına həsr edib. O, Azərbaycan dövlətçiliyi yolunda hər şeyini, hətta ailəsini belə qurban verib. Ona görə də Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının xatirəsi əbədiləşdirməlidir. Əminəm ki, Azərbaycan hakimiyyəti yaxın gələcəkdə bu məsələyə baxıb Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirəcək və onların nəşini Azərbaycana gətirəcək”.
Ancaq hələ ki görünən budur ki, hakimiyyət belə bir addım atmaqdan çox uzaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR