İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cümhuriyyət-100" tədbirləri atəşfəşanlıqla yekunlaşdı

688 30.05.2018 08:20 Gündəm A A

Prezident rəsmi qəbul keçirdi, bayram konsertləri, çoxsaylı bayram mitinqləri və yürüşlər ölkəni bürüdü...

28 may 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi mayın 28-də ölkəmizdə böyük və çoxsaylı tədbirlərlə qeyd olunub.

Ən böyük bayram tədbiri Heydər Əliyev Mərkəzində keçirilib. Belə ki, Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Prezident İlham Əliyev tərəfindən keçirilən rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, siyasi, ictimai təşkilatların, media orqanlarının rəhbərləri, müxtəlif təbəqələri təmsil edən şəxslər iştirak eləyiblər. Ölkə başçısı geniş nitq söyləyib. Qeyd edib ki, xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqlı olaraq fəxr edə bilər. Dövlət başçısı bildirib ki, dövlət Cümhuriyyətin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib. O, Cümhuriyyətin süqutunu xalqımız üçün böyük faciə adlandırıb.

“Cümhuriyyət-100" atəşfəşanlıq ile ilgili görsel sonucu

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert də keçirilib. İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Konsert Dənizkənarı Milli Park ərazisində-Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanıb. Cümhuriyyətin 100 illik yubileyi münasibətilə Bakıda gənclərin Cümhuriyyət yürüşü də keçirilib. Həmçinin Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, Xəzər dənizində sərhəd sularında Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçuları, iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələri, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunub.

Respublika Günü münasibətilə mayın 28-də Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları da olub.

Siyasi partiyalar da Azərbaycan Cümhuriyyətinin 100 illiyini bayram mitinqləri, zal tədbirləri və yürüşlər keçirməklə qeyd ediblər. Mayın 28-də Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində olan abidəsinin qarşısında bayram mitinqi keçirib. Abidə önünə yürüşlə gələn aksiya iştirakçıları, “Azərbaycan!”, “Rəsulzadə”, “Qarabağ”, “Siyasi məhbuslara azadlıq!”, “Müsavat” şüarları səsləndiriblər. Mitinqdə Müsavatın sabiq başqanı İsa Qəmbər və hazırkı başqan Arif Hacılı çıxış ediblər.

Mayın 27-də isə Müsavatın təşkilatçılığı ilə Bakıdakı Səttar Bəhlulzadə adına mədəniyyət sarayında Cümhuriyyətin 100 illiyi münasibətilə bayram toplantısı keçirilib. Toplantıda partiya sədrləri, istiqlalçı deputatlar, tanınmış ziyalılar və media təmsilçiləri, müxalifət fəalları iştirak ediblər. Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, REAL Partiyasının təmsilçisi Natiq Cəfərli, VHP sədri Sabir Rüstəmxanlı, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəhman Məmmədli, AXP sədri Pənah Hüseyn, istiqlalçı millət vəkilləri İsgəndər Həmidov və Hacıbaba Əzimov, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcıları Yasəmən Qaraqoyunlu, Aydın Əlizadə, Nəcibə Bağırzadə və digərləri çıxış ediblər.

Milli Şura və AXCP də Novxanıda Rəsulzadənin abidəsi önündə bayram yürüş-mitinqi keçirib.  KXCP, BAXCP və digər siyasi təşkilatlar da Novxanıda Rəsulzadə abidəsi önündə bayram tədbiri keçiriblər. ADP, REAL Partiyası, AĞ Partiya İstiqlal abidəsini ziyarət etməklə bayramı qeyd ediblər.

“Cümhuriyyət-100" atəşfəşanlıq ile ilgili görsel sonucu

YAP icra katibinin müavini Siyavuş Novruzov isə hakim partiyanın AXC-nin 100 illiyinə laqeyd münasibət sərgiləməsinə dair iddialara münasibət bildirib. O qeyd edib ki, Azərbaycan prezidentinin 2018-ci ili “Cümhuriyyət İli” elan etməsindən sonra ötən müddət ərzində Yeni Azərbaycan Partiyası müxtəlif tədbirlər keçirib: “Bizim gənclər, qadın təşkilatlarımız, habelə rayonlardakı yerli qurumlarımız indiyədək saysız-hesabsız tədbirlər təşkil edib. İndi bizi tənqid edənlər sadalasınlar ki, neçə tədbir keçiriblər. Odur ki, bu iddialar yersizdir. Azərbaycan prezidenti həm də Yeni Azərbaycan Partiyasının sədridir. Mayın 28-də cənab prezident ”İstiqlal"  abidəsini ziyarət edib. Bunu görmürlər? Azərbaycanda 2018-ci ilin “Cümhuriyyət İli” kimi qeyd olunmasına sərəncamı kim verib? İddialar irəli sürənlər bütün bunları nəzərə almalıdırlar" .

Mobil operator “Nar” isə müstəqilliyimizin 100-cü ilində Bakıda maraqlı aksiya keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq “Nar” şəhər sakinlərinə dövlət bayrağının rəmzi olaraq üçrəngli lentlər hədiyyə edib. Aksiya yalnız şəhər mərkəzini deyil, Bakının müxtəlif bölgələrini də əhatə edib. Nar əməkdaşlarının da iştirak etdiyi bayraq aksiyası şəhər sakinlərinin böyük marağına səbəb olub.

Cümhuriyyət-100 il tədbirləri il boyu davam edəcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR