İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD vaksinlərinin uzaq fəsadları - peyvəndlənənləri nə gözləyir?

1647 24.02.2024 08:50 Yaşam A A

Professor: “COVİD-19-la bağlı son söz deyilməyib, ona görə...”

Koronavirus peyvəndi alanlarda nevroloji və ürək-damar xəstəlikləri riskinin artdığı aşkar edilib. Musavat.com xəbər verir ki, bunu Qlobal “Vaccine Data Network” tədqiqat mərkəzlərinin nəticələri sübut edir. 

Tədqiqatçılar 8 ölkədən 99 milyon nəfər peyvənd edilmiş və yan xəstəliyi olan insanın məlumatlarını araşdırıblar. Bu zaman Pfizer, BioNTech və Moderna peyvəndləri alanların miokarditə tutulma ehtimalının gözləniləndən daha çox olduğu müəyyən olunub. 

Elm adamları həmçinin AstraZeneca peyvəndi ilə immunizasiyadan sonra Guillain-Barre sindromu hallarının daha çox olduğunu aşkar ediblər. Bundan əlavə, vektor peyvəndi tətbiq edildikdən sonra mielitin, hər iki növ preparatdan sonra isə kəskin yayğın ensefalomielitin artma riski müəyyən edilib. 

Qeyd edək ki, bu qəbildən iddia və ehtimallar zaman-zaman ortaya çıxır. Bəs COVİD-19-a qarşı peyvənd alanlar nələrə diqqət etməli? Adıçəkilən və çəkilməyən fəsadlar həyat üçün nə dərəcədə təhlükə kəsb edir? Eyni qənaət Çin və Rusiya peyvəndləri vuranlara da aiddirmi? 

Yada salaq ki, bir müddət əvvəl ingilis tibb jurnalı “The Lancet”də “COVİD-19 peyvəndinin inyeksiyadan sonra insanların əksəriyyətinin - 74%-nin ölümünə səbəb olduğunu” sübut edən bir araşdırma dərc edilmişdi. Lakin tədqiqatın nəticələri onun metodologiyası ilə dəstəklənmədiyi üçün tezliklə silindi.

Bəzən müxtəlif ölkələrdə koronavirusa qarşı peyvəndlə birbaşa əlaqəli olduğu iddia edilən xəstələrin ölümünün qeydə alındığı bildirilib. Bu cür mesajlar, məsələn, Avstriya, Yeni Zelandiya, İsveçrə, Cənubi Afrika, Yaponiya kimi ölkələrdən gəlib. Bu məlumatların bəziləri təsdiqlənib, bəziləri isə  yox. Lakin bu cür hadisələrin dünya miqyasında etibarlı məcmu statistikası yoxdur. 2022-ci ilin yayına aid riyazi modelləşdirmə məlumatları da var ki, kütləvi peyvənd 14-20 milyon ölümün qarşısını alıb. Britaniyalı həkim və Səhiyyə Təhlükəsizliyi Agentliyinin baş həkim məsləhətçisi Syuzan Hopkins qeyd edib ki, COVİD-19-dan ölənlər əsasən peyvənd olunmamış insanlardır. O, həmçinin izah edib ki, insanlar peyvənddən sonra ölürsə, bu, əsasən yaşlı insanlar, xüsusən də 70 yaşdan yuxarı olanlar, həmçinin tibbi səbəblərə görə həssas olanlardır. Bundan əlavə, onun sözlərinə görə, koronavirusa qarşı peyvənd edilmiş insanlar peyvənd zamanı alınan immun reaksiyanın tədricən zəifləməsi və nəticədə hələ də yoluxma riski səbəbindən ölə bilər. Buna görə revaksinasiya vacibdir. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, onun təsdiq etdiyi bütün peyvəndlər (Rusiyanın vaksini bu siyahıda yoxdur) klinik sınaqlardan, istehsal proseslərindən əldə edilən məlumatlardan istifadə etməklə keyfiyyət, təhlükəsizlik və effektivlik standartlarına uyğunluğu və keyfiyyətə nəzarət prosesləri məqbul qiymətləndirilib. Bu siyahıdakı bütün peyvəndlər yüksək effektivliyə malikdir və ağır xəstəliklərin, xəstəxanaya yerləşdirmənin və COVİD-19-dan ölümün qarşısını almaq üçün istifadə olunur. ÜST həmçinin bildirir ki, COVİD-19 peyvəndi aldıqdan sonra, başqa peyvənddə olduğu kimi, bəzi insanlar yüngül və orta dərəcədə yan təsirlərlə qarşılaşa bilərlər. Bu, bədənin infeksiyaya qarşı müdafiəsini inkişaf etdirməsinin normal bir əlamətidir. Əksər yan təsirlər bir neçə gün ərzində öz-özünə yox olur. Bununla belə, onların daha ağır və ya uzunmüddətli kursu da mümkündür, lakin nadirdir.

Bir sözlə, bu günə kimi dünya təcrübəsində koronavirus infeksiyasına qarşı peyvəndlərin istifadəsi ilə ölüm nisbətinin artması arasında əlaqə olduğuna dair heç bir sübut yox idi.

Yada salaq ki, 2023-cü ilin mayında ÜST koronavirus pandemiyasının başa çatdığını elan edib. Daha sonra təşkilat COVİD-19-dan ölüm hallarının azalması, xəstəxanalarda və reanimasiya şöbələrində xəstəxanaya yerləşdirilmələrin sayının azalması, habelə əhalinin virusa qarşı yüksək immunitet səviyyəsinə doğru tendensiya olduğunu qeyd edib. 

Adil Qeybulla istefa verdi - ANS - Xəbərlər

Adil Qeybulla 

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, COVİD-19 pandemiyası dünya genefonduna kifayət qədər ziyan vurub: “Pandemiyadan sonra müxtəlif xəstəliklərin vüsət alması, xüsusilə immun sisteminin baş verən təlatümləri fonunda sürətlə artmaqdadır. Müxtəlif mərkəzlər bunu vaksinlə əlaqələndirirlər. Amma nəzərə alsaq ki, dünya əhalisinin heç də böyük əksəriyyəti vaksin olunmadı. Xəstəliyi ayaq üstü keçirən xeyli insan oldu. Biz də müşahidə aparırıq. Vaksin olunmayanlar arasında da müxtəlif fəsadlar olur. Amma tədqiqatlar davam edir. Vaksinin fəsadları, xəstəliyin özünün fəsadları araşdırılır. Tarix boyu vaksinasiya zamanı müəyyən problemlər yaranıb. Misal üçün, donuz qripinə qarşı Amerikada vaksinasiya vaxtı, denqi qızdırması vaxtı Afrikada vaksinasiya vaxtı müəyyən ağırlaşmalar olub, buna görə də vaksinasiya dayandırılıb. Vaksinasiya olmasaydı, COVİD-19 pandemiyası indi də davam edərdi, ölüm sayları da qat-qat çox olardı. Vaksinasiya məhz immun sistemə yardım məqsədilə edilir və infeksiya zəncirinin qırılmasında çox ciddi rol oynadı. Bunu da nəzərə almaq lazımdır. Əlbəttə, istər xəstəliyi keçirənlərdə, istərsə də vaksinasiya olunanlarda harada ki orqanizmin müəyyən immun reaksiyası ortadadır, müxtəlif fəsadlar ola bilər. Yəqin ki, var. Amma bu araşdırmalar davam edir, hələlik COVİD-19-la bağlı son söz deyilməyib. Pandemiya bitsə də, hələ SARS-2 virusu mutasiya etməkdə davam edir. Hesab edirəm ki, bu tədqiqatlar hələ davam edəcək, daha detallı nəticələr ortaya qoyulacaq”.   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR