Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslər hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Azər Allahverdiyev və Cahid Tahirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmdən əvvəl təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Hər iki vəkil müdafiə etdikləri şəxsin günahsız olduğunu və barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.
Azər Allahverdiyev son sözündə məhkəmədən bağışlanmağını xahiş edib. O, azyaşlı övladlarının və xəstə həyat yoldaşının olduğunu bildirib. Törətdiyi əməldən, səhvindən nəticə çıxardığını deyən A.Allahverdiyev dövlətinin, məhkəmənin onu bağışlanmasını xahiş edib.
Cahid Tahirov da günahsız olduğunu deyərək məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib. Məhkəmənin hökmü ilə hər iki şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə olan ittihama xitam verilib.
Onların hər birinə dələduzluğa cəhd ittihamı ilə 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Rəsmi məlumata görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
İlkin Muradov
Musavat.com






