Rüşvət alan zaman iş başında saxlanılan vəzifəli şəxslər hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Azər Allahverdiyev və Cahid Tahirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
Hər iki şəxs özünü qismən təqsirli bildiklərini deyiblər.
Rəsmi məlumata görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
İlkin Muradov
Musavat.com






