Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yol çöküb. Çökmə nəticəsində 2-3 dərinliyində çuxur əmələ gəlib. Hadisə oktyabrın 4-də gecə 04:00 radələrində baş verib və xoşbəxtlikdən həmin istiqamətdən nəqliyyat keçməyib. Yolun çökməsinin səbəbi istifadə müddətini başa vurmuş borunun sıradan çıxması olub, nəticədə axan sular torpağın alt hissəsini yuyub.
Bu olay bir müddət sosial şəbəkələrdə və mətbuatın gündəmində müzakirələrə səbəb oldu. Baş verən hadisə ilə bağlı aidiyyatı qurumlar qınaq obyektinə çevrildi. Musavat.com-un müxbiri çökən yoldakı son durumla maraqlanıb, işlərin nə yerdə qaldığını öyrənib.
Ərazidə olduğumuz zaman müşahidə etdik ki, çökən yol istifadəyə verilib. Nəqliyyat həmişəki qaydada hərəkətini davam etdirir. Yolun çökən hissəsinə yeni asfalt örtüyü çəkilib.
Məlum hadisədən sonra sürücülərdə qorxu hissi yaranıb. Həmin ətrafda taksi xidməti göstərən sürücülərlə həmsöhbət olduq. Onlar hər an bu cür hadisələrin baş vercəyindən ehtiyat etdiklərini bildirdilər: “Bu yol aidiyyatı qurumlara bir dərs olsun. Yolun çökməsi faciəyəyə də səbəb ola bilərdi. Təsəvvür edin ki, səhər vaxtı baş versə idi, ölüm təhlükəsi qaçılmaz olardı. Eyni vaxtda minumum 5-6 maşın qəzaya uğrayardı. Xoşbəxtlikdən çökmə zamanı həmin yerdən nəqliyyat keçməyib.
Sağ olsunlar ki, borunu dəyişdilər, yenilədilər. Ancaq çökən hissəni bərpa edib, işlərinin bitdiyini hesab etməsinlər. Borular yenilənməsə bədbəxt hadisələr baş verəcək. Sovet dönəmindən qalma çürük, istifadə müddəti bitmiş yarasız boruların üzərində yaşayırıq. Bu hadisədən sonra içimizdə bir qorxu hissi var. Hər an çökmə baş verə bilər. Bütün bu borular əsaslı şəkildə təmir olunmalı və yenisi ilə əvəz olunmalıdır”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, çökmə hadisəsindən sonra köhnə boruların yenisi ilə əvəz olunması işlərinə başlanıldığını bildirdi: “Mehdi Abbasov küçəsindəki problem aradan qaldırıldı. Orada 33 metrlik hissəni yeni boru ilə əvəzlədik. Həmin hissələr artıq istismara yararsiz idi. Bizim xüsusi robotlarımız var onlarla kanalizasiya kollektorlarının vəziyyətini öyrənirik. Bəzi yerlərdə onların vasitəsilə aşkarlayıb,təmir işləri aparmışıq. Bu gün də bu işlərimiz davam edir”.
Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllifindir.






