İnsanın Aya ayaq basmasının 50-ci ildönümü münasibətilə keçirilən bir sorğu maraqlı nəticələr ortaya çıxarıb.
Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, sorğu “Lego” şirkəti adına, yaşları 8-12 arasında olan 3 min uşaqla ABŞ, İngiltərə və Çində həyata keçirilib. ABŞ və İngiltərədə YouTuber və ya vlogger olmaq istədiyini deyən uşaqların sayı astronavt olmaq istəyənlərdən üç dəfə daha artıqdır. Çində isə sorğuya qatılanların çoxu taykonot (Çində astronavt) olmaq istədiyini dedi.
Sorğu çərçivəsində uşaqlara beş seçim təqdim edilərək, böyüyəndə nə olmaq istədikləri soruşulub. Uşaqlar astronavt, musiqiçi, peşəkar atlet, müəllim və YouTuber/vlogger peşələri arasından seçim edib.
Çindəki uşaqların yüzdə 56-sı astronavtlığı üstün tutarkən ABŞ və İngiltərədə bu faiz yüzdə 11 olub. İngiltərədə YouTuber olmaq istədiyini deyənlərin faizi yüzdə 30, ABŞ-da isə yüzdə 29 olub.
Hər üç ölkədə müəllimlik ən çox tərcih edilən ikinci peşə olub. “Business Insider” jurnalı yazıb ki, sorğunun nəticələri Z nəslinin seçimlərini özündə əks etdirir. Z nəsli - 1990-ların ortalarından sonra dünyaya gələn, internet, texnologiya və sosial media ilə daha çox bağlı olan nəsilk deməkdir.
Sevinc, Musavat.com






