Çinin Ali Xalq Prokurorluğu ölkənin sabiq ədliyyə naziri Fu Cenhuanı korrupsiya əməlində və şəxsi qazanc naminə vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilərək, həbs olunmasına qərar verib.
AZƏRTAC prokurorluğun açıqlamasına istinadla xəbər verir ki, Çinin Dövlət Nəzarət Komissiyası sabiq ədliyyə nazirinin cinayət əməlləri haqqında ilkin tədqiqat işlərini başa çatdırdıqdan sonra prokurorluğa təhvil verib.
Partiya intizamını pozduğu üçün Fu Cenhua mart ayında Çin Kommunist Partiyasının sıralarından uzaqlaşdırılıb. Ötən ilin oktyabrında isə bu şəxsin barəsində Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komitəsi və Dövlət Nəzarət Komitəsi tədqiqat aparmışdı.
Qeyd edək ki, 67 yaşlı Fu Cenhua karyerası boyunca müxtəlif yüksək vəzifələrdə çalışıb. O, ölkənin daxili işlər nazirinin müavini, həmçinin Pekinin polis rəisi vəzifəsində çalışıb.






