Çinin bir neçə hərbi təyyarəsi Tayvan boğazını ayıran şərti demarkasiya xətti üzərindən uçmağa başlayıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri fonunda Çin hərbi gəmilərinin və təyyarələrinin bölgədə aktivliyi çoxalıb.
Təyyarələrdən başqa bir neçə Çin döyüş gəmisi qeyri-rəsmi şəkildə müəyyənləşdirilən və Tayvanı materik dövlətdən ayıran bölücü xəttə yaxınlaşıb.
“Reuters”in bildirdiyinə görə, çərşənbə axşamı səhər Çin gəmiləri və təyyarələri materik Çin və Tayvan arasındakı boğazdakı demarkasiya xəttinə mümkün qədər az məsafədə yaxınlaşıb.
Çin təyyarələri ərazidə dəfələrlə taktiki manevrlər etdikdən, qısa müddət ərzində orta xəttə “toxunaraq” boğazın özlərinə aid tərəfinə qayıdıb. Buna görə Tayvan təyyarələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Çin Hərbi hava qüvvələri günortadan sonra ərazini tərk etsələr də, gəmilər olduğu yerdə qalıb.
Bu arada Tayvan Prezident Administrasiyasının internet saytı böyük kiberhücuma məruz qalıb. Prezidentin internet səhifəsinin bir müddət çalışmadığı bildirilir.
Musavat.com






