Çinin Ningxia vilayətinin Yinxuan şəhərində yerləşən məscidin qızılı rəngdə olan günbəzi və minarələri sökülüb.
Çinin kommunist hökuməti ölkənin digər ərazilərində olan məscidlərdə də günbəzləri və minarələri təmir adı altında məhv ediblər.
Bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb. Qəzet eyni zamanda sözügedən məscidin əvvəlki və təmirdən sonrakı fotosunu paylaşıb.
“Təmirdən çıxan məscid” tanınmaz görkəm alıb və kənardan sıradan bir binaya oxşayır. Yalnız binanın üzərində çin dilində yazılmış lövhədən binanın məscid olduğunu anlamaq olar.
Bu məsələ ilə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Çində islam və digər dinlərə qarşı belə məhdudiyyətlərin tətbiq olunması bizi ciddi şəkildə narahat edir. Biz Çini dini azadlıqlara və fərqli inamlara hörmətlə yanaşmağa çağırırıq. Çin öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə sadiq qalmalıdır”.
Britaniyanın mətbuat orqanı bildirir ki, Çinin Gansu vilayətinin Linxia şəhərində yerləşən məscid də eyni aqibətlə üzləşib. Bu şəhər Çində müsəlmanlar üçün xüsusi statusa malikdir. Elə ona görə də bu şəhəri “Balaca Məkkə” adlandırırlar.
Məqalədə qeyd olunur ki, Çin hökuməti oruc tutan, Quran oxuyan hər kəsə şübhə ilə yanaşır. O da faktdır ki, Çin hökuməti milyonlarla müsəlmanı, xüsusən uyğurları “islah düşərgələrinə” göndərirlər. Həbsxana şəraitində ağır şərtlər altında saxlanılan müsəlmanların beynini yumaq üçün total təbliğatdan istifadə olunur. Çin rəsmiləri bildirir ki, bu addım müsəlmanları islah etmək xarakteri daşıyır.
Elbəyi Həsənli, Sürix
https://news.yahoo.com/china-destroys-domes-famous-mosques-132401785.html?guccounter=1






