“Arktika dövlətinin” biri azalıb.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Çin Artika siyasətini korrektə etməyə qərar verib:
“Pekin Moskva ilə Vaşinqton arasında mümkün əməkdaşlıq razılaşmasına görə Arktika regionunda mövcudluq siyasətinə yenidən baxacağını bəyan edib.
Honkonqda nəşr olunan “South China Morning Post” nəşri Çinin rəsmi mənbələrinə istinad edərək geosiyasi gərginlik fonunda Çinin Arktikanın təbii sərvətlərinə çıxış əldə etmək və region ərazisini idarə etmək istəyindən vaz keçib. Halbuki, Pekin bundan əvvəl Arktikadakı böyük hədəflərini həyata keçirməyə çalışırdı.
Çinin bu ambisiyaları bölgə ölkələrinin narahatlığına səbəb olmuşdu. Pekin 2018-ci ildən başlayaraq Arktikanın zəngin təbii ehtiyatlarına daha çox çıxış əldə etməyə çalışırdı. Pekin bunu “Qütb İpək Yolu” planı kimi adlandırmışdı. Çin özünü “Arktikaya yaxın dövlət” kimi təqdim etsə də, Çinin Atktikadan uzaqlığı 1400 kilometrdir.
Beləliklə, Pekin siyasətini dəyişdirib. Çin artıq özünü “Arktika dövləti” kimi qələmə verməkdən imtina edib. Bu arada, ABŞ-la Rusiyanın Arktikanın zənginliklərinə sahiblik siyasətində dəyişiklik yoxdur. Bu vəziyyətdə Çinin geri çəkilməsi Vaşinqtonun maraqlarına cavab verir”.
Politoloqun fikrincə, Pekinin Arktika siyasətini korrektə etməsinin səbəbi Vaşinqtonun Moskva ilə yaxınlaşmasıyla əlaqəlidir:
“Çin hakimiyyəti hesab edir ki, Vaşinqtonla Moskva Arktika qitəsində də əməkdaşlıq edəcəklər. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və Rusiya Arktika qitəsində enerji resurslarının müəyyənləşdirilməsi məqsədilə birgə kəşfiyyat məlumatlarının aparılmasını planlaşdırırlar.
Buna baxmayaraq, Pekin Arktikadan tam imtina etməyib. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarıyla Arktika ilə bağlı razılaşma əldə etsə də, bu qitədə Çinlə əməkdaşlıqdan imtina etməyə bilər. Bu, Moskvaya Vaşinqtonla münasibətlərdə balansı qorumağa imkan verəcək”.
Xalidə Gəray
Musavat.com