Dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin pozitiv hal odur ki, bəzi ölkələrdə artıq gündəlik yoluxma sayı xeyli azalıb.
Əvvəlcə xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərin aşkar edilən COVİD-19 qısa müddətdə bütün dünyaya yayıldı.
Bu virusdan ilk ölüm xəbərlərinin gəldiyi Çindən bu gün artıq pozitiv xəbərlər gəlir. Son saatların göstəricisinə görə Çində bu virusdan ölən olmayıb. Yoluxma sayı isə ötən günlərlə müqayisədə bir qədər artıqdır (99 nəfər).
Bu gün Çin dünyada koronavirusa yoluxanların sayına görə siyahı üzrə 7-ci yerə enib. Artıq Uhan şəhərində təhlükənin miqyası kiçildiyi üçün karantin ləğv edilib. Lakin dünya koronavirus bəlasını hələ də dəf edə bilməyib.
Hazırda koronavirusdan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb. Belə ki, bu ölkədə son saatlarda 18 min 202 nəfər koronavirusa yoluxub, 1091 nəfər isə ölüb. Ümumilikdə ABŞ-da 551 min 81 nəfər koronavirusa yoluxan, 21 min 668 nəfər isə bu virusdan ölən var. ABŞ-da günlük göstərici ötən günlərlə müqayisədə aşağıdır. İndiki zamana qədər bu ölkədə koronaviruslu xəstələri təyin etmək üçün 2 milyon 781 min 640 test keçirilib. Göstərici bütün dünya üzrə ən yüksəkdir.
Dünyada bir neçə ölkəni çıxmaq şərtilə (Almaniya, Rusiya, İtaliya) 1 milyondan çox test edən ölkə yoxdur.
Maraqlı məqam isə ondan ibarətdir ki, Çin indiyə qədər keçirdiyi testlərin sayını açıqlamır. Bu baxımdan xüsusilə də ABŞ-da belə bir fikirlər səsləndirilir ki, Çin ölüm və yoluxma sayını gizlədir...
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 838 min 300 nəfər, ölənlərin ümumi sayı isə 113 min 329 nəfərdir.
Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir.
Son saatlarda İspaniyada 2 min 992 nəfər yoluxub, 366 nəfər ölüb. Ümumilikdə İspaniyada 166 min 19 nəfər koronavirusa yoluxub, 16 min 972 nəfər isə ölüb.
İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 4 min 92, ölənlər 431 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 156 min 363 nəfər, ölənlərin ümumi sayı isə 19 min 899 nəfərdir.
Fransada son saatlarda 2 min 937 nəfər yoluxub, 561 nəfər isə ölüb. Ümumilikdə Fransada 132 min 591 nəfər koronavirusa yoluxub, 14 min 393 nəfər ölüb.
Almaniyada son saatlarda 1 555 nəfər yoluxub, 90 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə də 127 min 7 nəfər yoluxma, 2 min 961 nəfər isə ölən var.
Bu gün Çinin yerinə keçərək dünyada yoluxma sayına görə 6-cı olan İngiltərədə vəziyyət kritik olaraq qalır. Belə ki, bu gün İngiltərədə 5 min 288 nəfər koronavurusa yoluxub, 737 nəfər bu virusdan ölüb. ümumilikdə ölkədə 84 min 279 nəfər koronavurusa yoluxan, 10 min 612 nəfər isə bu virusdan dünyasını dəyişən var.
Dünyada hazırda 1 milyon 303 min 207 nəfər koronavirus xəstəsi var. Onlardan 50 min 763 nəfərinin vəziyyəti ağırdır. Bu zamana qədər dünyada koronavirusdan 421 min 764 nəfər sağalıb.
Əli Rais,
Musavat.com






