İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-ın hərbi şirkətlərinə sanksiya tətbiq etdi, Vaşinqtona xəbərdarlıq göndərdi

459 07.01.2024 13:20 İqtisadiyyat A A

 

Çin Tayvana son silah satışına görə beş Amerika şirkətinə sanksiya tətbiq edib. Musavat.com xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyi bu gün açıqlama yayıb. Nazirlik rəsmi şəkildə ABŞ-a etirazını elan edib: “ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla və müxtəlif bəhanələrdən istifadə edərək Çin şirkətlərinə və şəxslərə qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməklə, Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi ziyan vurur”.

Nazirliyin mətbuat katibi qeyd edib ki, Vaşinqtonun bu cür hərəkətləri həm də Tayvan boğazında sülh və sabitliyi təhdid edir, Çin şirkətləri və şəxslərinin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur: “Çin bununla bağlı kəskin etirazını bildirir və artıq Birləşmiş Ştatlara müvafiq mövqeyini çatdırıb”.

Çin Xarici İşlər Nazirliyinin sanksiya tətbiq etdiyi ABŞ hərbi şirkətləri bunlardır:  “BAE Systems”, “Land and Armament”, “Aliant Techsystems Operation”, “AeroVironment”, “ViaSat”

Sanksiya tədbirlərinə Çində daşınar, daşınmaz və digər əmlak növlərinin dondurulması, habelə Çin təşkilatlarına və fiziki şəxslərin onlarla ticarət, əməkdaşlıq və digər fəaliyyətlərə qadağa qoyulması daxildir.

Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Vurğulamaq istərdim ki, Çin hökumətinin milli suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq, Çin müəssisələri və vətəndaşlarının qanuni hüquq və mənafelərini qorumaq əzmi sarsılmazdır”.

O, Vaşinqtonu “vahid Çin” prinsipini, beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını dəstəkləməyə, Tayvanı silahlandırmaqdan çəkinməyə və Pekinə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları dayandırmağa çağırıb: “Əks təqdirdə, Çin qəti və güclü əks reaksiya ilə cavab verəcək”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR