Mehman Hüseynovun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsi barədə orada yatmış məhbuslar danışır
Xəbər verdiyimiz kimi, blogger Mehman Hüseynov Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Hüquq müdafiəçisi Elşən Həsənov “Amerikanın səsi”nə bildirib ki, bu, bloggerə qarşı “qisasçılığın” göstəricisidir.
“Mehman Hüseynov populyar adamdır. Yüksək vəzifəli şəxsləri tənqid edir. İndi tənqid etdiyi vəzifəlilər onun tənqidinin cavabını qaytarır. Mehmanı yalnız cəza kimi oraya göndəriblər”, deyə o qeyd edib.
Həsənovun sözlərinə görə, Mehman Hüseynov Bakının Suraxanı rayonunda qeydiyyatdadır, amma Qaradağ rayonu ərazisindəki cəzaçəkmə müəssisəsinə göndərilib: “Qanunvericiliyə görə, o yaşadığı rayonun ərazisindəki cəzaçəkmə müəssisəsinə göndərilməli idi. Suraxanı rayonu ərazisində də cəzaçəkmə müəssisələri var. Bloggerin Bakıdan uzaqda yerləşən cəzaçəkmə müəssisəsində yerləşdirilməsi həm də onunla beynəlxalq təşkilatların nümayəndələrinin görüşməməsi səbəbi ilə bağlıdır. Çünki bloggerlə görüşmək üçün beynəlxalq təşkilatlarda maraq hədsiz çoxdur”.
Hüquq müdafiəçisi 14 saylı cəzaçəkmə müəssisəsində müşahidə aparıb və oranın yaşayış üçün məqbul olmadığı qənaətindədir: “Bu müəssisə Qızıldaş qəsəbəsində yerləşir, ətrafı daş karxanalarıdır. Ora hələ sovet dövründən insan həyatı üçün ən təhlükəli cəzaçəkmə müəssisəsi kimi tanınır. Külək olanda, toz tufanına düşürsən, bir metrlikdə heç nəyi seçmək mümkün olmur. Mən şəxsən orada müşahidə aparmışam. Daimi su yoxdur, yayda çox isti olur. Orada sanitar vəziyyət normalaradan çox-çox uzaqdır”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov da “Amerikanın səsi”nə bildirib ki,14 saylı cəzaçəkmə müəssisəsi ölkədə ən ağır şəraiti olan, gediş-gəlişi çətin olan müəssisələrdən biridir: “İlk növbədə daş karxanalarının aşağı hissəsində yerləşir və daş karxanalarından gələn tozu, kiri bu müəssisənin məhbusları hiss edir. İkincisi, su və istilik sistemində ciddi problemlər var, tez-tez su kəsilir, qış aylarında minimum istilik tələbləri təmin edilmir”.
14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, həmçinin ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır.
Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində satirik yazar Mirzə Sakit, blogger Adnan Hacızadə, gənc fəal Bəxtiyar Hacıyev, AXCP fəalı Sahib Kərimov, eyni zamanda hüquq müdafiəçisi Vidadi İsgəndərli də saxlanılıb.
14 saylı cəzaçəkmə müəssisəsindəki durumu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna açıqlaqmasında belə dəyərləndirib: “İstər hamam olsun, istər bərbər, istər görüş - 14 saylı islah müəssisəsində ödənişli xidmətlər haqqında bəyanatlar tamamilə absurddur. Yalandan başqa bir şey deyil. 25 apreldə mən özüm həmin islah müəssisəsində olmuşam və sizi inandırıram ki, su və insanın həyat fəaliyyəti üçün zəruri olan digər məhsullarla bağlı heç bir problem yoxdur”.
Mehman Sadıqov deyir ki, həmin cəzaçəkmə müəssisəsi ağır olmayan cinayətlər törədən şəxslərə nəzərdə tutulub. “Biz bu insanların azadlığa çıxdıqda işlə təmin olunmasında maraqlıyıq. Buna görə biz məhbuslar üçün kompüter və dil kursları təşkil edirik. Kursları bitirdikdən sonra məhbuslar sertifikat alır. Bütün bunlar tamamilə pulsuzdur. Bir daha təkrar edirəm, pul alınması haqqında bütün bəyanatlar yalandır”, - deyə M.Sadıqov vurğulayıb.
Vaxtilə sözügedən cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbus Tural Abbaslı isə “Yeni Müsavat”a açıqlamasında ordakı şəraitdən danışdı. Dedi ki, o, Əhəd Məmmədli ilə birlikdə 14 saylı CM-də cəza çəkib: “Bu cəzaçəkmə müəssisəsi şəraitinə və yerləşdiyi məkanına görə nəinki Bakıda, Azərbaycanda ən bərbad vəziyyətdə olanıdır. Əslində bu ”zon"a “zonların karsı” da demək olar. Məsələn, digər “zon”larda kimsə rəhbərliklə konfiliktə girəndə onu məhz buraya göndərməklə təhdid edirlər. Hətta istintaq təcridxanasında məhkumlar buraya düşməmək üçün rüşvət belə verirdilər. Biz orada cəza çəkəndə insanların yatdıqları “baraklar”a hələ yeni taxta döşəmə vurmuşdular, 200-250 insan havalandırması, istilik sistemi olmayan bir yerdə yatmağa məcbur olurdu, ümumilikdə 800-850 məhbusun saxlanıldığı yerdə cəmi 20 sanitar qovşaq vardı. Baxmayaraq ki, 14 saylı CM az ağır cinayət törədənlər üçün nəzərsə tutulmuş ümumi rejimli müəssisə idi, buranın daxili nizam-intizam qaydalara qapalı tipli CM-dəki kimi və bəlkə də daha ağır idi".
T.Abbaslı daha sonra burdakı ağır şərtlərlə bağlı bəzi misallar da çəkdi. Dedi ki, həmin müəssisədə eyni regiondan olan iki məhbus birlikdə çay içsəydi, ikisi də karsa salınırdı: “Heç kimə vəfat etmiş yaxını üçün kiçik ehsan süfrəsi belə verməyə şərait yaradılmırdı, namaz qılmaq üçün yaşadığın yerin mollasından kağız gətirməli idin, müxtəlif dəstələrə bölünmüş məhbuslar bir-biriləriylə idman oyunları belə oynaya bilmirdilər, futbol, domino, şahmat və s. bu kimi oyunlar xüsusi qeydiyyat və icazə ilə oynanılırdı. Ən dəhşətlisi isə bu ”zonun" daş karxanalarının düz ortasında yerləşməsi idi. Yəni kiçik bir meh əssəydi havadakı tozun, qumun əlindən “zon”un həyətində qoruyucu maskasız gəzmək mümkün deyildi, adətən ağız boşluğunda daima qumun və palçığın tamı olurdu. Hətta belə havalarda belə “barakların” qapısı açılmırdı ki, insanlar tozdan orada gizlənə bilsin. Su sistemi isə hələ 50-ci-60-cı illərdən çəkilmişdi deyə aylarla su olmurdu. Gün ərzində bir məhbusa bütün ehtiyaclarına görə cəmi 5 litr su verilirdi. Çox uzatmaq istəmirəm. İndi özünüz qərar verin ki, hakimiyyət kimi, niyə o zona göndərir".
Sevinc TELMANQIZI






