70 min dollarlıq oğurluqda ittiham edilən qohumlar hakim önünə çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Elgün Yusifov 7il, Elşad Namazov 8 il, Röyal Sabirli 7 il 6 ay, Vazeh Balayev isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən Röyal Sabirli özünü günahkar bilib. O söyləyib ki, digərləri günahsız olduğu halda həbs edilib.
"11 aydır gözləyirəm. Amma iş ədalətli aparılmır. Mən etdiyim işə görə cəza çəkməyə hazıram. Digərləri niyə həbs edilməlidir? Pulu da özüm xərcləmişəm. Bu iş ədalətli araşdırılmasa, mən nə edəcəyimi bilirəm"- deyə təqsirləndirilən şəxs bildirib.
Prokuror Röyala xəbərdarlıq edib ki, məhkəməyə hədə-qorxu gəlməsin.
Prokurorun suallarından məlum olub ki, əldə edilən pulla maşın, mal-qara alınıb. Röyal Sabirli isə kreditini ödəyib.
Amma təqsirləndirilən şəxslər buna etiraz edib. Onlar deyiblər ki, oğurlanan pullar heç nəyə xərclənməyib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.
İlkin Muradov
Musavat.com






