Ceyranbatanda söküntü həyəcanı: sənədli evlər də uçurulur (FOTO)
Son günlər Abşeron rayonu, Ceyranbatan qəsəbəsində əhalinin mülk davaları, icra qurumlarının, xüsusən bələdiyyənin insanları aldadaraq, onlara qanunsuz torpaq satmaları və bunun nəticəsində baş verən müxtəlif problemlərlə bağlı çoxlu müraciətlər alırıq. Elə buna görə də, AzNews.az-ın əməkdaşı bu müraciətlərin izi ilə Ceyranbatanda olub.
Hamı həyəcan içində
Müşahidələrimiz göstərir ki, qəsəbə bələdiyyəsinin iş mexanizmi elə qurulub ki, burada yaşayanların böyük əksəriyyəti məhz bələdiyyənin yaratdığı problemləri həll etməklə məşğuldur. Sakinlər ya qapısının ağzına yerləşdirilən qonşusu, ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, ya Dövlət Neft Şirkəti, ya da Azərsu ASC ilə məhkəmə çəkişməsində vaxt öldürməkdədir.
Kimdən soruşursan, evindən, mülkündən, obyektindən nigarandır. Qəsəbədə kimə yaxınlaşsan, ya məhkəmə, ya polis yollarında qalıb, ya da evindən kənara addım ata bilmir. Nədən ki, hər an evi sökülə bilər.
Sənədsiz evlər
“Ceyranbatan bağları” adlanan ərazinin sakinləri bir neçə aydır ki, davamlı olaraq söküntü həyəcanı yaşayır. Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yerləşən bəzi evlər sökülür: “Yəqin ki, bələdiyyə ilə Arxitektura Komitəsi arasında problem var. Nəticədə isə zərər çəkən biz oluruq. Əgər evlər sənədsiz olduğu üçün sökülürsə, demək olar ki, Bakıda olan evlərin 80 faizi sənədsizdir. Ona görə sökürlərsə, bütün evləri söksünlər. Qanun hamı üçün qanundur. Prezident hələ 2 il öncə sərəncam vermişdi ki, evlər sənədləşdirilsin, sənədləşdirməyiblərsə də, yenə günah aidiyyəti qurumlardadır, bizdə deyil”.
Sənədli evlər
Mülkünün hər bir sənədi yerində olan başqa bir ərazinin sakinləri isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə münaqişə vəziyyətində qalıb. Onlar həmin yerdə ev tikmək üçün icra hakimiyyətindən sərəncam, eləcə də lazım olan bütün sənədləri alıblar (Fotolar yazının sonuna eılavə olunub). İndi isə o sənədə baxan yoxdur. ARDNŞ isə ağır texnika yeridərək əhalinin illərlə tikdiyini bir neçə dəqiqə içərisində yerlə yeksan etməyə hazırdır.
“Gözləyirik ki, nə vaxt gəlib evimizi sökəcəklər”
Ancaq sakinlər alın təri ilə, min bir əzabla tikdikləri evləri asanlıqla texnikaların yeminə çevrilməyinə imkan vermirlər. Bəzən canlarını belə evlərinə qurban verməyə hazır olurlar. Bəli, canlarını, sağlamlarını mülklərinə sipər edən neçə-neçə ailələr var burda.
Onlardan biri də Nəzakət Alməmməd qızı Məmmədovanın ailəsidir. Evinin bir hissəsi artıq uçurulub, qalan hissəsini isə canı bahasına olsa da, qoruyacağına and içir: “Hər gün səksəkəliyik. Gözləyirik ki, nə vaxt gəlib evimizi sökəcəklər”.
Evini də uçurublar, qabırğalarını da sındırıblar
Başqa bir sakin Səmaya Qafarovanın mülkünü müdafiə etmək istəyi onun üçün daha ağır nəticələnib. Evini sökməyə gələnlərlə münaqişə zəminində çox ağır xəsarətlər alıb: “İllərlə əziyyət çəkib tikdiyim evi müdafiə edirəm. Başqa çarəm yoxdu. Yer veriblər, almışam. Sənədlərim də qaydasındadır. Ancaq buna baxmayaraq, mülkümü xarabalığa çevirmək istəyirlər. Buna necə imkan verə bilərəm?! Özümü evimi sökən texnikanın önünə atdım. Onlar da insanlıqdan xəbəri olmayan adamlar idi. Bizi ora-bura sürüklədilər. Nəticə göz qabağındadır. Qabırğalarım qırılıb. Həmin gün məni elə vəziyyətə saldılar ki, huşumu itirdim. Təcili yardım gəlmişdi. Məni saatlarla ayılda bilməyiblər”.
Samaya Qafarova bildirib ki, onlar Neft Şirkətinin göndərdiyi adamlardan şikayətçidirlər. Bu məqsədlə müvafiq orqanlara müraciət də ediblər: “Ekspertizadan keçmişəm. Bütün xəsarətlərim həkim rəyi ilə təsdiqlənib”.
Sökülən evlərin yerində fabrik tikilir!
Sakinlərə bildirilib ki, neft kəməri ilə evlər arasında 50 metr məsafə olmadır. Bu bildirişdən sonra bu ərazinin sakinləri haqlı olaraq bəzi suallara cavab axtarırlar: “Evimiz 30 metr aralıdı. Mənim evimin də yerləşdiyi böyük bir sıra var. Belə çıxır ki, bu evlərin hamısı sökülməlidir? Elədirsə, su kəmərinin düz yanından mebel sexi tikirlər. Ona niyə icazə verilir?”
Su kəmərinin mühafizə zolağı da satılıb
Bu suallara daha doğru cavab verə biləcək Ceyranbatan qəsəbə bələdiyyəsi isə tamam başqa işlərlə məşğuldur. Hansı işlə? Neft kəmərinin mühafizə zolağının mübahisəsi getdiyi, insanların mülkləri söküldüyü bir vaxtda qəsəbədən keçən su kəmərinin mühafizə zolağındakı yerlərini satmaqla. Maraqlısı isə odur ki, vətəndaşlar da ətraflarında baş verənlərə biganə yanaşır. Bir neçə metr aralıda evləri sökülmək təhlükəsi altında olan ailələrin narahatlığı belə, su kəmərinin kənarında gedən qızğın işə mane olmur. Tikinti sahibinin orada olmamasını əsas gətirən işçilərdən burada gedən tikinti ilə bağlı heç nə öyrənə bilməsək də, sakinlər qurulmaqda olan binanın mebel sexi olacağını bildiriblər.
Sakinlər başqa maraqlı fakt da açıqlayıb. Onların sözlərinə görə, evlərin olduğu yerlər sənədlərdə fərqli göstərilib. Hazırda olan evlərin hamısının yeri kadastrda bir neçə metr aralıdadır: “Camaata bir yer, sənədlərdə başqa yer göstərilib”.
Xəritə qəsəbəyə 2010-cu ildə gəlib
Ceyranbatan bələdiyyəsinə ünvanlanacaq suallara cavabı hazırda bu vəzifəni icra edən Cavanşir Zeynalovda axtarsaq da, o yerində olmadığından bələdiyyədə baş mühasib bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb. Adını deməyən baş mühasib onun özünün də bir qurban olduğunu bildirib. Hazırda məhkəmə çəkişməsinin davam etdiyini söyləyən bələdiyyə yetkilisi xəritənin qəsəbəyə 2010-cu ildə gəlib çıxdığını, o vaxta qədər hardan nə keçdiyini bilmədiklərini söyləyib: “Bələdiyyə 2000-ci ildə yaradılıb. 2005-ci ilə qədər torpaqlar satılıb. Çünki həmin ildə artıq torpaq alan yoxdur. Satılan torpaqlara Torpaq və Xəritəçəkmə Komitəsindən rəy alınıb. Əgər hansısa əhəmiyyətli ərazi idisə, niyə rəy verirdilər. İndi də qalmışıq məhkəmələrdə”.
"Söksünlər..."
Bələdiyyə sədri isə narahat deyil. Sədrlə telefon əlaqəsi saxlayıb baş verənlərə münasibətini öyrənmək istədikdə, belə deyib: “Söksünlər də”.
Sakinlərin onun haqqında dediyi fikirlərə münasibət bildirməyən bələdiyyə sədrinin qısa cavabı belə olub: “Mən lazım olan yerlərdə hesabat verirəm”.
“Mühafizə zolaqları icra hakimiyyətləri və bələdiyyələr tərəfindən satılır”
“Neft Şirkəti özbaşına tikililərlə mübarizə aparır. “Kupça”sı olan evlərə dəymirik”. Bunu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyli AzNews.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bələdiyyə və icra hakimiyyətləri özbaşına torpaq ayırır, satır, ARDNŞ isə bələdiyyələr və icra hakimiyyətləri tərəfindən aldadılan vətəndaşlarla qarşı-qarşıya qalır. Rəis müavinin sözlərinə görə, yalnız vətəndaşlarla deyil, icra hakimiyyətləri və bələdiyyələrlə də məhkəmə çəkişmələri olub. Dəfələrlə həmin qurumların verdiyi qərarlar məhkəmə qaydasında ləğv edilib: “Neft Şirkətinə icra hakimiyyətləri ərazi ayırır. Həmin ərazi ilə neft kəmərləri çəkilir. Bir müddət sonra öyrənirik ki, neft kəmərlərinin mühafizə zolağı olan həmin ərazidə evlər tikilir. Yalnız mühafizə zolaqlarını deyil, hətta birbaşa ARDNŞ-ın balansında olan sənaye kateqoriyalı mədən torpaqları da icra hakimiyyətləri və bələdiyyələr tərəfindən satılır. Biz də çalışırıq ki, heç olmasa, mövcud vəziyyəti saxlayaq, evlərin sayı artmasın. Mədən torpaqlarında tikilən evlər sayəsində ağır texnika quyulara yaxınlaşa bilmir. Mühafizə zolağında tikilən evlərdə baş verən hər hansı bədbəxt hadisə nəticəsində bizim əməkdaşlarımız cinayət məsuliyyətinə cəlb edilir. Biz də gündən-günə artan evləri sökməklə öz məsuliyyətimizi sığortalayırıq”.
Abşeronda daha 500 ev söküləcək
Ş.İsmayılbəyli bələdiyyələrin onlara aid olmayan torpaqları satması faktlarının bütün Azərbaycan ərazisində müşahidə olunduğunu da qeyd edib. Bu səbəbdən Neft Şirkəti Səbayel rayonunda 2000-ə qədər, Sabunçuda 6321, Binəqədidə 10 minə qədər iddia qaldırıb. Onların arasında bələdiyyə və icra hakimiyyətlərinə qarşı olanlar da var: “Abşeron rayonunda 500-ə qədər vətəndaşa qarşı iddia qaldırmışıq. Ev tikmək üçün yer ayıran orqanlardan aldıqları razılıq sənədini təqdim edən vətəndaşlara deyil, torpağı ayıran orqana qarşı iddia qaldırırıq”.
Bələdiyyələrə xəritələrin 2010-cu ildə göndərilməsinə də münasibət bildirən idarə rəisinin müavini deyib ki, bu halda bələdiyyə, ümumiyyətlə, torpaq ayırmamalı idi: “Belə çıxır ki, bələdiyyə torpağın ona aid olub-olmadığını bilmədən vətəndaşa torpaq ayırıb”.
ARDNŞ: “Bələdiyyələr bir torpağı bir neçə nəfərə satır”
Rəis müavini bələdiyyələrin sənədləşmədə hiylələri ilə bağlı maraqlı təcrübələrindən danışıb. Ceyranbatan sakinlərinin evinin faktiki yerinin sənədlərdə fərqli göstərilməsi barədə faktı təsdiqləyən şirkət yetkilisi bildirib ki, bu təcrübə də bələdiyyələrə xasdır: “Eyni ərazinin bir neçə nəfərə satılması və ya bir neçə nəfərin adına sənədləşdirilməsi də çox rastgəlinəndir. Çox rast gəlinən faktlardan biri isə alğı-satqı müqavilələrində əksini tapan 3 imzadan birinin olmamasıdır. Məhkəmə çəkişmələrində qarşımıza belə faktlar çox çıxır. Vətəndaş əlində sənədlə gəlir ki, bələdiyyədən sənədi var. Sənədə baxanda məlum olur ki, orada Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin razılığını bildirən imzası qoyulmayıb. Bu isə torpağın ayrılmasından müvafiq Komitənin razılığının və ya xəbərinin olmaması deməkdir. Deməli, sənədin hüquqi qüvvəsi yoxdur”. /Aznews/






