Azərbaycan superdövlətlərin Cənubi Qafqaz uğrunda 30 illik savaşının üzərindən “çarpaz xətlər” çəkdı... Hazırda regionun “geopolitik ipləri” rəsmi Bakının əlindədir... Bundan sonra Cənubi Qafqazda maraqları olan və regionun “giriş qapısı”dan içəri keçməyə can atan istənilən supergüc birmənalı şəkildə, rəsmi Bakı ilə anlaşmaq məcburiyyətindədir...
Cənubi Qafqaz dünyanın diqqət mərkəzində qalmaqda davam edir. Çünki bu regionun tarixi yenidən yazılır. Və bu, hətta dünya tarixində yeni səhifənin açılması ehtimalını artıran olduqca önəmli faktordur.
Məsələ ondadır ki, onilliklərlə Cənubi Qafqaz uğrunda savaşan superdövlətlər artıq bu regionda qətiyyən ciddiyə alınmır. Halbuki cəmisi bir neçə ay bundan əvvələ qədər bu superdövlətlər Cənubi Qafqazı öz nəzarətləri altına almaq üçün az qala bir-birinin “nəfəs”ini kəsməyə belə, çalışırdılar. Üstəlik, öz savaşlarında Cənubi Qafqaz dövlətlərini də alətə çevirməyə can atırdılar.
![]()
Ancaq dünya dəyişir, Cənubi Qafqaz da yenidən dizayn edilir. Ən önəmli məqamsa, ondadn ibarətdir ki, adətən, dünyanı, o cümlədən də müxtəlif regionları öz maraqlarına uyğun dizayn etməyə vərdişli olan bəzi superdövlətlər Cənubi Qafqazda “oyundankənar” vəziyyətə salınmış kimi görünür.
Təbii ki, bütün bunlar, yəni Cənubi Qafqazın öz taleyinə sahib çıxması, bölgənin bu regiona heç bir aidiyyatı olmayan supergüclərin maraqları uğrunda amansız rəqabətin poliqonuna çevrilməsi dövrünün yekunlaşdırılması məhz Azərbaycan ordusunun xidmətləridir. Məhz Azərbaycan ordusu supergüclərin regional forpostu rolunu oynayan və bunun sayəsində də öz varlığını qoruya bilən Ermənistanı küncə sıxışdırıb, diz çökdürməsi Cənubi Qafqaz üçün yeni tarixi mərhələnin başlanmasına yol açıb.
Cəmisi bir ay öncəyə qədər həmin supergüclərin əlində “Dağlıq Qarabağ münaqişəsi” kimi regional təzyiq mexanizmi var idi. Supergüclər bu mexanizmdən başqasının ərazilərini ələ keçirmiş Ermənistanı öz oyuncağına çevirmək üçün istifadə edirdilər. Eyni zamanda, Azərbaycan da onilliklər boyu bu mexanizmin təsiri ilə barışaraq, problemin köklü şəkildə həll edilməsi üçün uyğun geopolitik şəraitin yetişməsini gözləmək məcburiyyətində idi.
Budur, artıq o zaman yetişib. Və Azərbaycan ordusu savaş meydanında Ermənistanı əzdikcə, supergüclərin regional təsir mexanizmi də tədricən “dağılıb”, öz əhəmiyyətini itirir. Həmin supergüclər də bu regiona artıq Cənubi Qafqazın “qapıları arxasından” boylanmaq məcburiyyətində qalıblar.
![]()
Halbuki sürətlə dəyişən yeni dünya düzənində sözügedən supergüclər üçün Cənubi Qafqaz regionunun strateji önəmi kifayət qədər yüksək idi. Xüsusi planlar qurmuşdular. Bir-biriylə rəqabəti yekun mərhələyə daşıyacaqdılar. Cənubi Qafqazın mütləq sahibini müəyyənləşdirəcəkdilər.
Hətta bunun ilkin hazırlığını da aparmışdılar. Belə ki, Ermənistan son 30 ildə həmişə Rusiyanın forpostu olaraq, mövcudluğunu qorumuşdu. ABŞ və Qərb isə onilliklər ərzində Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmaq üçün Ermənistanı Kremlin təsir dairəsindən qopartmağa can atırdı. Və Ermənistanda bir qayda olaraq, Rusiyameylli oyuncaq hərbi-siyasi rejimlər bir-birini əvəzlədiyi üçün buna heç cür nail ola bilmirdilər.
Nəhayət, 2 il öncə - 2018-ci ildə ABŞ və Qərb öz niyyətini reallaşdıra bildi. Belə ki, hibrit siyasi kombinasiyalar ustası, “məxməri” dövlət çevrilişləri texnoloqu Corc Soros bu işin öhdəsindən gəldi. “Soros” Fondunun maliyyə dəstəyi və qurduğu ssenari ilə siyasi təlxək olduğu hazırda heç kimdə ciddi şübhə doğurmayan avantürist bir şəxs – Nikol Paşinyan Ermənistanda hakimiyyətə gətirildi.
![]()
Bu barbar məxluq cəmisi iki il ərzində Ermənistanda mövcud olan Rusiyameylli ictimai rəyi ABŞ və Qərbə doğru çevirdi. Bundan sonrası isə “corab söküyü”nü xatırladır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti artıq “ipə-sapa yatmırdı”, Kremlin sözünə baxmırdı. Nəricədə Ermənistan Rusiyanın 30 illik hərbi-siyasi dəstəyini itirdi. ABŞ isə bu boşluğu doldura və Ermənistanı öz himayəsi altına ala bilmədi.
Çünki Kreml ABŞ və Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza girməsinə müqavimət göstərərək, rəsmi İrəvanın yeni ağasına qovuşmasına imkan vermədi. Və bütün mövcudluğu dövründə forpostluğa vərdişli olan Ermənistan bir müddət sahibsiz qaldı.
Bu önəmli məqam Cənubi Qafqazın bu regiona birbaşa aidiyyatı olmayan, daim bir-biriylə mübarizə apararaq, bölgənin sərbəst inkişafını əngəlləyən supergüclərin təsirindən çıxarılmasında “qırılma nöqtəsi” oldu. Ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan hərəkətə keçdi. Rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinin 30 ilə yaxın bir müddətdə “soyuducu” rolunu oynayaraq, “dondurulmuş münaqişə ocağı”na çevirdikləri Dağlıq Qarabağ problemini təkbaşına həll etməyə qərar verdi.
![]()
Nəticələri isə artıq hər kəsə aydındır. Minsk Qrupu həmsədrlərinin 30 il birağızdan hər imkanda təkrarladıqları “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” sərsəm arqument öz əhəniyyətini itirdi. Məlum oldu ki, Dağlıq Qarabağ probleminin məhz sülh danışıqları yolu ilə həlli mümkün deyilmiş. Bu problemi yalnız hərbi yolla həll etmək mümkünüymüş.
Məsələ ondadır ki, son 30 il ərzində Minsk Qrupu həmsədrlərinin edə bilmədiklərini, bəlkə də etmək istəmədiklərini Azərbaycan ordusu cəmisi 30 gün ərzində etdı. Azərbaycan ordusu bu qısa müddətdə işğal altındakı ərazilərimizin əhəmiyyətli bir hissəsini işğaldan azad etdi və bu prosesi böyük uğurla davam etdirməkdədir.
Belə ki, son 30 gündə Azərbaycan ordusu 4 rayonu, 3 qəsəbəni və 162 kəndi düşmən işğalından azad edib. Ermənistanın və himayədarlarının xeyrinə olan status-kvo artıq mövcud deyil. Status-kvonu məhz Azərbaycan ordusu müəyyən edir. Eyni zamanda, Minsk Qrupu həmsədrlərinin missiyasını da artıq Azərbaycan ordusu öz üzərinə götürüb və uğurla yerinə yetirməkdədir.
![]()
Bütün bunlar onu göstərir ki, Minsk Qrupu həmsədrlərinə artıq heç bir ehtiyac yoxdur. Onların siyasi iradəsi artıq Cənubi Qafqazda artıq keçərli deyil. Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesində daha onların görə biləcəyi elə bir iş qalmadı. Əksinə, onlar qarışmayanda Dağlıq Qarabağ problemi daha effektiv və sürətlə nizamlanır.
Təbii ki, belə situasiyada rəsmi Bakı Cənubi Qafqazda “geopolitik ip”ləri öz əlinə almış kimi görünür. Bundan sonra Cənubi Qafqaz regionunda maraqları olan istənilən supergüc birmənalı şəkildə rəsmi Bakı ilə anlaşmaq məcburiyyətindədir. Yəni, bundan Cənubi Qafqaz regionunun yeganə hegemon və superdövlətinin məhz Azərbaycan olduğunu qəbul etməli olacaqlar.
Bu isə o deməkdir ki, Cənubi Qafqaz regionunun “qapılar”ından içəri yalnız rəsmi Bakının icazə verdiyi dövlətlər keçə biləcək. Türkiyə Cənubi Qafqazda yerləşəcək və bu regionda mövqelərini gücləndirəcək. Yəni, Cənubi Qafqazın bu regiona aidiyyatı olmayan kənar güclərin hərbi-siyasi əsarətində olduğu dövr artıq sona çatmaq üzrədir. Və bu regionun sülh şəraitində dinc inkişaf mərhələsində qədəm qoymasına çox az bir zaman qalıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()






