İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazın ən böyük meyvə-tərəvəz bazarından reportaj... - FOTOLAR

5146 08.06.2017 16:38 Reportaj A A

Məlum olduğu kimi, yay ayları bazarlarda kənd təsərrüfatı məhsullarının ən ucuz olduğu dövr sayılır. Son illər ölkəmizdə daxili istehsal artdığından bu bazarlarda bolluğun, dolayısı ilə ucuzluğun yaranmasına səbəb olub. Paytaxt bazarlarında, demək olar ki, əksər mövsümi meyvə-tərəvəzi ötən illərə nisbətən daha ucuz qiymətə almaq mümkündür. Lakin bəzi topdansatış mərkəzləri var ki, orada qiymətlər adi mağaza və dükanlarla müqayisədə daha əlverişlidir. Belə mərkəzlərdən ən böyüyü isə bütün Bakı bazarlarını meyvə-tərəvəzlə təmin edən “Meyvəli”dir. Ölkənin bütün regionlarında, hətta xaricdən məhsul gətirən fermerlə və iş adamları ilk olaraq bu bazara baş çəkir və gətirdikləri məhsulları burada topdansatış qiymətinə satırlar. Daha sonra Bakının bütün rayonlarında yerləşən irili-xırdalı meyvə-tərəvəz dükanları mal almaq üçün “Meyvəli”yə üz tuturlar. Bu mənada paytaxt bazarlarında qiymətləri məhz “Meyvəli” müəyyən edir desək yanılmarıq.

Bəs bu bazarda hazırda vəziyyət necədir? Məhsul bolluğu hiss olunurmu? Adi bazarlarla müqayisədə qiymətlərdə nə qədər fərq var? Son iqtisadi proseslər bazarın durumuna necə təsir edib?

Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün ölkənin ən iri meyvə-tərəvəz bazarı olan “Meyvəli"də olub, bazardakı durumla maraqlanıb.

Qeyd edək ki, bu bazar Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolunun üzərində yerləşir və 2009-cu ildə istifadəyə verilib. 8 ildir ki, ölkənin meyvə-tərəvəz sektorunda yüksək xidmət göstərir.

Bazarda, həmişə olduğu kimi, qaynar həyat hökm sürür. Kimi rayondan gətirdiyi məhsulu satır, kimi pərakəndə satış üçün yeşik-yeşik mal alır. Qeyd etdiyimiz kimi, “Meyvəli”yə paytaxtın dördbiryanından alverçilər gələrək topdan mal alırlar. Çünki gətirilən məhsullar birinci əldən alındığı üçün qiymətlər də digər bazarlardan ucuzluğu ilə fərqlənir. Bazar yüksək səviyyədə bazar standartlara uyğun tikilib. Burada baş verənlər 200-ə yaxın müşahidə kamerası vasitəsilə izlənilir. Təhlükəsizlik yüksək səviyyədə təmin olunub.

Yaxınlaşıb bazarın satıcıları iə həmsöhbət oluruq. Rail Əliyev adlı satıcı deyir ki, bura minlərlə insanın iş yeri, qazanc mənbəyidir: “Gördüyünüz kimi, bazarda qələbəlikdir, iynə atsan, yerə düşməz. Səhər saat 5-dən, axşam saat 8-ə qədər belə də davam edir. Burada gecə də həyat həyat qaynayır. Bazarda adi satıcıdan tutmuş, arabaçıya kimi hamının normal qazancı olur. Mən pomidor satıram. Bakı kəndlərindən fermerlərdən məhsulu alıb, buraya gətirirəm. Min şükür, yaxşı da qazanıram”.
Müşahidələrimiz zamanı bu bazarı digərlərindən fərqləndirən müsbət cəhətlərin olduğunu da gördük. Misal üçün, bazarın girişində böyük lövhədə meyvə-tərvəzlərin standart qiymətləri elan olunub. Məqsəd vətəndaşları bazardakı qiymətlərdən xəbərdar olması və aldanmamasıdır.

Satıcılardan biri bəzi qiymət lövhəsinin mahiyyəti ilə bağlı məlumat verdi: "Bu lövhədəki qiymətlər bazarın vəziyyətinə uyğun olaraq dəyişdirilir. Bazar rəhbərliyi qiymətlərin daha ucuz olmasında maraqlıdır. Həm əhalini düşünür, həm də bazar qiymətlərin ucuz olmasını göstərməklə daha çox müştəri cəlb etməyə çalışırlar. Həm xaricdən idxal olunan, həm də ölkə daxilində istehsal olunan məhsulların qiymətlərinə nəzarət var. Bazar öz imicini düşünür, alverçilərin qiymətləri şişirtməsinə imkan vermir. Təbii ki, bu cür siyasət vətəndaşlara sərf edir".

Bazarın topdansatış hissəsində də olduq. Öyrəndik ki, “Meyvəli”yə Gürcüstan, İran, Pakistan, Rusiya və sairə ölkələrdən kənd təsərrüfatı məhsulları gətirilir. Yüzlərlə iri yük maşınları yan-yana dayanıb, öz müştərilərini gözləyirlər. Qeyd edək ki, bazarda 600 iri yük maşının qəbul etmək mümkündür.

Alverçilərlə söhbət zamanı bəlli oldu ki, xaricdən əsasən kartof, soğan, çuğundur kimi tərəvəzlər gətirilir: “İllərdir ki, “Meyvəli” ölkənin əsas hissəsini meyvə-tərəvəzlə təmin yeganə bazardır. Respublikanın hər tərəfinə buradan mal aparırlar. Bakıda nə qədər böyük bazar varsa, hamısı buradan məhsul alırlar. Qonşu ölkələrdən İran, Rusiya, Türkiyə, Gürcüstan bazarlarından gecə-gündüz yük maşınları ilə meyvə-tərəvəz daşınır. Bəlkə də bu bazar olmasaydı, tərəvəzlərin qiymətləri çox baha olardı. Təbii ki, öz məhsullarımız da var. Lakin yetərli deyil. Ən çox tələbat soğan və kartofadır. Düşünün ki, xaricdən kartof gəlməsə rayonlarda əkilən kartofun qiyməti neçəyə olar? Təbii ki, çox baha...".

Bildiyinz kimi, paytaxt bazarlarda satıcıların ən çox narazı qaldığı məqam icarə haqlarının baha olmasıdır. Lakin “Meyvəli”də icarə haqları da satıcıları qane edir. Aylıq və günlük icarə haqları barəsində danışan satıcıların sözlərinə görə, qiymətlər onların cibinə uyğundur: “ 7 ildir ki, bu bazarda çalışıram. Mövsümi meyvələrin satışı ilə məşğulam. Əsəsən topdansatışla məşğul oluram. Ancaq gündəlik xərclərim çıxsın deyə, bəzən kilo-kilo satıram.Təqribən 3 kvadratmetrlik yerə gündəlik 5 manat verirəm. Başqa bazarlarla müqayisədə çox sərfləlidir.

“8-ci kilometr bazarı”nda belə bir yerin gündəlik icarə haqqı ən azı 20-25 manatdır. Buranın oradan müsbət tərəfləri ümumiyyyətlə çoxdur. Təmizliyi, səliqə-sahmanlı olması, ən önəmlisi buraya gətirilən malların keyfiyyəti...Bu səbəbdən də aylıq bazarlıq edənlər buranı seçirlər. Tanınmış insanlar, millət vəkilləri, jurnalistlər evlərinə bazarlıq etmək üçün buraya gəlirlər. Seçim çox, məhsul da boldur. Qiymət fərqi də göz önündədir...”.

Qeyd edək ki, sadə insanların bazarlıq etməsi üçün bazarın pərakəndə satış hissəsi də var.Tərəvəz bazarlarında olduğu kimi meyvə bazarındakı qiymətlər digər bazarlarla müqayisədə ucuzdur və meyvə və tərəvəzlərin qiymətində təqribən 50 qəpik civarında fərq edir. Misal üçün, bazarlarda kiloqramını 1 manat 50 qəpiyə olan pomidoru, “Meyvəli”də 1 manat, 1 manat 20 qəpiyə almaq olur. Topdan götürdükdə isə 80-90 qəpikdən belə almaq olur. Belə hesablamalarla müştəri həm ucuz alış-veriş edir, həm də bir xeyli büdcəsinə qənaət etmiş olur.

Məğrur Mərd
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR