Aprelin 14-də Güney Azərbaycanın şəhərlərində baş verən sel-daşqın nəticəsində həlak olan insanların sayı 45-ə çatıb. Onların da böyük əksəriyyəti Əcəbşir şəhərinin sakinləridir.
Təkcə Azərşəhrdə 22, Əcəbşirin Çinar kəndində isə 20 nəfərin itkin düşdüyü bildirilir. İranın rəsmi məlumatlarında isə ölən və itkin düşənlərin sayı az göstərilir. Bu da yerli sakinlərin haqlı narazılığına səbəb olub. Rəsmilərin məsələyə biganə yanaşdığını görüb sakinlərin özləri itkin düşənlərin axtarışına başlayıb və nəticədə xeyli sayda cəsədlər tapılaraq ailələrinə verilib. Bununla bağlı sosial şəbəkələrdə çoxlu sayda video görüntülər yayılıb. Videolarda avtomobillərin selin ağuşuna necə düşdüyünü əks etdirən dəhşətli görüntülər də yer alıb.
Mətbuatda isə “Sel hadisəsində ölənlər, bütün xəbərdarlıqlara baxmayaraq şəkil çəkmək üçün çayın ətrafına toplaşdılar”, “Hadisə qurbanları seli seyr etməyə getmişdilər” başlıqlı yazılar dərc olunub, bununla da sanki insanların öz ehtiyatsızlığının qurbanı olduğunu göstərməyə çalışıblar. Bu isə soydaşlarımızın kəskin etirazına səbəb olub.
İranın Urmiya şəhərindən olan millət vəkili Nadir Qazipur isə qeyd edib ki, fəlakətdə itkilərə səbəb olan əsas amil Yol və Şəhərsalma Nazirliyidir. Millət vəkilin sözlərinə görə, nazirlik yolu bağladığından insanlar məcburən “Qələzar” körpüsünün altından keçməli olub.
Beləliklə həmin istiqamətdə hərəkət edən avtomobil sahibləri və onlarla birgə olan ailələri fəlakətin qurbanı olub. Qeyd edək ki, bundan əvvəl valilik Şərqi Azərbaycanda matəm elan etsə də, İran hakimiyyəti sadəcə, başsağlığı verməklə kifayətlənib və ölkə üzrə matəm elan olunmayıb. Nadir Qazipur bununla bağlı da öz etirazını bildirmişdi.
Qeyd edək ki, təbii fəlakət həmçinin Təbriz və Urmiya şəhərlərindəki evlərə də ziyan vurub, bir neçə körpü dağılıb.
Əslən təbrizli olan jurnalist İnsafəli Hidayət “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, hazırda da dövlət orqanları və yerli sakinlər itkin düşənlərin axtarışındadır.
Jurnalist də qeyd edib ki, rəsmi dairələr bilərəkdən itkilərin sayını az göstərməyə çalışır: “Tehranda Pilasko adlı bir binanı yandırıb, yıxdılar. Bir həftə olayı radio və televiziyaların canlı yayımında saxladılar. Hər mağaza üçün 1500 kq qızıl vermək kimi bir tələb irəli sürdülər. Amma indi ən azı 5 bölgə və xüsusilə Güney Azərbaycan bu genişlikdə xəsarət görüb. Dövlət adamları çalışır ki, xəsarətləri 100 ev qiymətinə endirsin. Bu, o haldadır ki, hələ bir çox yerə getmək mümkün deyil və məlumatları toplamaq da imkansızdır”.
Jurnalist hadisə barəsində bəzi məqamlara da aydınlıq gətirib: “Ölənlərin bir çoxu öz avtomobillərinin içində və ailəlikcə dünyasını dəyişiblər. Lakin dövlət rəsmiləri iddia edirlər ki, xalqa selin gəlməsini xəbər veriblər. Amma insanlar seldən “şelfi” çəkərək, xəbərdarlıqları heçə sayıblar və nəticədə sel onları aparıb. Qeyd edim ki, artıq 11-12 ildir, kənd əhalisi və turistlər, körpüdən kəndə getmək üçün körpünün alt hissəsindən keçmək zorunda qalıblar və dövlət rəsmiləri də sürücülərdən bunu tələb edir. Bu səbəbdən də körpünün altından keçən avtomobillərin çoxu sahibləri ilə birlikdə selin qurbanı olub”.
Baş verən faciə ilə əlaqədar ötən gün Urmiya universitetində çoxlu sayda tələbə anım tədbiri keçirib. Tələbələr faciə qurbanlarını anıb, banner və plakatlar qaldırıblar. Qeyd olunub ki, rəsmi mətbuat orqanlarında təbii fəlakətlə bağlı məlumatlar təhrif edilib, məqsədli şəkildə itkilərin sayı az göstərilib. Universitetin təhlükəsizlik əməkdaşları tələblərə mane olmağa, onlara müqavimət göstərməyə çalışsalar da, tələblər anım tədbirini nəzərdə tutulduğu kimi davam ediblər.
Xalidə Gəray,
Musavat.com






