İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cənub Qaz Dəhlizi” layihəsinə müxalifətdən reaksiyalar

1146 02.06.2018 09:30 İqtisadiyyat A A

Tural Abbaslı: “Ölkəmizin beynəlxalq aləmdəki maraqları baxımından çox əhəmiyyətlidir”; Əli Əliyev: “Bu, dünyanın enerji xəritəsinin  dəyişməsi deməkdir”

Mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışının olması Azərbaycan üçün ən əhəmiyyətli hadisələrdən biri sayılır. Cəmiyyətin ən müxtəlif sahələrindən gələn mövqelərdən anlaşılır ki, bu məsələyə diqqət olduqca yüksəkdir. Azərbaycanın Avropa ilə əlaqələrinin bundan sonra daha da intesivləşəcəyi, müsbətə doğru ciddi dəyişiklərin olacağına ümidlər çoxdur.

Amma bununla belə, “Cənub Qaz Dəhlizi”nin açılışından sonra özlərini demokratiya carçıları sayan Amerika başda olmaqla, Qərb ölkələrinin rəsmi Bakıya münasibətlərində insan haqları və digər bu kimi məsələlərin arxa plana keçəcəyi barədə düşüncələr də var. Qərb dünyasının Azərbaycanla əlaqələri daim müsbət yöndə saxlamaqda maraqlı olacağı bildirilir. Əslində dəhlizin açılışından sonra Amerikadan gələn rəsmi mövqelər də bunu deməyə əsas verir.

 

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, “Cənub Qaz Dəhlizi” boru xəttinə ilk qazın vurulması beynəlxalq aləmdə Azərbaycanın mövqeləri baxımından çox önəmlidir: “Avropanın enerji təhlükəsizliyi siyasətinin tərkibində Azərbaycanın rol alması dövlətimizin milli maraqlarına tam uyğundur. Yəni ən azından Qarabağ məsələsinə görə dövlətimizin beynəlxalq aləmdə siyasi baxımdan əlinin güclü olmasına xidmət edəcək bir hadisədir. Gələcəkdə də digər ölkələrin qazının Avropaya ötürülməsində bu boru xəttindən istifadəsi də əlavə gəlirlər gətirəcək. Demək istədiyim odur ki, bu hadisə ölkəmizin beynəlxalq aləmdəki maraqları baxımından çox əhəmiyyətlidir. Boru xəttinin açılışı ilə əlaqədar ölkəmizə ünvanlanan təbriklər və bu təbriklərin məzmunu da dediklərimizi bir daha sübut edir”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyevin qənaətinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi ciddi qlobal mahiyyət daşıyan enerji layihəsi qədər də siyasi, enerji təhlükəsizliyi, maliyyə hədəfli layihədir: “Fikrimcə, bu proje təkcə bizim qaz ehtiyatlarına hesablanmayıb. Gələcəkdə Orta Asiya və Qazaxıstan qaz resurslarının Avropa bazarlarına çıxarılması üçün yararlı ola biləcək bu marşrut Rusiyadan yan keçməklə həyata keçirilir. Bu isə dünyanın enerji xəritəsinin dəyişməsi deməkdir. Yeri gəlmişkən, belə strateji məsələlərə qiymət vermək üçün, Suriya hadisələrinin kökünü sınamaq lazımdır. Suriyanın dövlət kimi xəritədən silinmə həddinə çatma səbəbi Türkiyənin patronajı altında Qətər qaz ehtiyatlarının Suriya üzərindən daşınması planıdır. Suriyanın müharibəyə salınması "Qazprom" maraqlarından qaynaqlanır. Yaxud İtaliyada kəmərin keçmə marşrutuna müqavimət göstərən populist “5 ulduz” fraksiyasının Kremldən təlimat alması Avropa mətbuatının müzakirə mövzusu idi. Rusiyanın sakit qalmayacağı ehtimalı da var".

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, “Cənub Qaz Dəhlizi”nin açılışı mühüm geoiqtisadi və geosiyasi hadisədir: “Dəhliz Azərbaycanın qlobal enerji bazarındakı və qlobal dünya iqtisadiyyatındakı mövqelərini möhkəmləndirir, onun Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırır. Bu isə öz növbəsində ölkəmizin geosiyasi əhəmiyyətinin daha bir neçə pillə artması deməkdir. Demokratiya, insan haqları, söz və fikir azadlığı kimi fundamental azadlıqlar hər hansı bir ölkənin inhisarında olan məsələlər deyil və dünyada heç bir ölkəyə fundamental azadlıqlarla bağlı hakimlik statusu verilməyib. Əslində sadaladığım bu fundamental dəyərlərin gözdən salınmasının əsas səbəblərindən biri də bəzi dövlətlərin və onların himayəsində olan beynəlxalq təşkilatların bu bəşəri dəyərlərdən dünyanın müxtəlif bölgələrində öz maraqlarını həyata keçirmək üçün təzyiq vasitəsi kimi istifadə etmələridir. Fundamental azadlıqlar Azərbaycanda konstitusion normalardır və dövlət bu normaların qorunmasına hüquqi-normativ aktlarla, hüquqi icra mexanizmləri ilə təminat verir. Bu baxımdan hansısa ölkənin Azərbaycanda iqtisadi maraqlarını əsas götürəcəyi və fundamental azadlıqlara önəm verməyəcəyi barədə iddiaların təxribat xarakterli, aşağılayıcı və ziyanlı olduğunu düşünürəm. İqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi prosesi Azərbaycan dövlətinin iradəsi çərçivəsində reallaşdırılır. Ola bilsin ki, kimlərsə bu prosesin daha intensiv şəkildə həyata keçirilə biləcəyini arzulayır. Amma dövlət idarəçiliyində arzu və istəklər deyil reallıqlar əsas götürülür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR