İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çənlibel” manifesti II – yaxın keçmişin sensasion gizlinləri

6598 03.12.2014 21:19 Müsahibə A A


Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq müstəqilliyini bərpa etməsində müstəsna xidmətləri olan milli-azadlıq hərəkatı ilə bağlı zaman-zaman müxtəlif fikirlər dolaşır. Bütün Azərbaycanı bürüyən bu dalğanın milli liderlərin idarə etdiyini düşünənlərlə yanaşı, onu kortəbii proses kimi təqdim edənlər də var. Hətta hərəkatın önəmini azaltmaq üçün onu “KQB”nin yaratdığını iddia edənlər də tapılır. 

Milli azadlıq hərəkatının fəallarından, “Çənlibel” təşkilatının qurucularından olan Bəxtiyar Tuncayla 26 il öncə baş verən tarixi prosesləri yenidən nəzərdən keçirmək qərarına gəldik. “Yeni Müsavat”ın redaksiyasında baş tutan söhbətdə meydan hərəkatının çox ilginc tərəflərindən söz düşdü.

Həbsin olub-olmadığını necə dəqiqləşdirə bilərdiz?

Çox çətin idi. Biz çayxanadan məcburi dağılışdıq. Bulvarla üzü şəhərə tərəf dönəndə gördük Hatəmi tərəfdarları ilə gəzir. Tez yaxınlaşdıq. Məlum oldu ki, toplantı onun sadəcə yadından çıxıb. Biz ona deyəndə ki, rusların desant gətirəcəkləri təhlükəsinə görə mitinqi təxirə salmaq qərarı var, o, dəhşətli dərəcədə əsəbiləşdi,  qərarı verənlərin ünvanına ağır ittihamlar dedi. Mübahisə düşdü... axırda hamı dağılışdı, bircə Nemətlə Hatəmi qaldı. Mən də uzaqda yaşadığım üçün onlardan tez ayrıldım. Elə evə təzəcə çatmışdım ki, Hatəmi zəng eləyib sevinə-sevinə Neməti razı sala bildiyini dedi. 


Beləliklə, ertəsi gün möhtəşəm bir mitinq oldu. Mitinq oldu, ancaq bu mübahisə Nemətlə Hatəmi arasında barışmaz bir ədavətin əsasını qoydu. “16-lığın” digər üzvləri də artıq Hatəmini düşmən gözündə görürdü. 

Bəxtiyar bəy, sizdən Nemət haqqında soruşmaq istəyirəm. Necə oldu ki, intellektualların yanında fəhlə Nemət birdən-birə parladı?
 


Uzaqdan başlayacam. Sumqayıt hadisəsindən sonra şəhərdə təsadüfən Hatəminin Azad adlı yaxın tanışlarından biri ilə rastlaşdıq. Azad dedi ki, muştuluğumu verin Aktyorlar Evində Novruz bayramı keçirilməsinə icazə almışam. O dövr üçün bu çox böyük uğur idi. “Çənlibel” təşkilatının həmin bayramda tam heyətdə olmasını qərara almışdıq. Birinci kürsüyə Hatəmi dəvət olundu və onun çıxışına “Sumqayıt qəhrəmanlarına eşq olsun” sözləri ilə başlaması zalda böyük coşğu yaratdı. Bu o zaman üçün çox cəsarətli sözlər idi. Onun ardınca kürsüyə Xəlil Rza çıxacaqdı. Hatəmi çıxış edəndə o zaman Nemətin çalışdığı “Leytenant Şmidt” adına zavodun işçiləri mənə yaxınlaşıb dedilər ki, bir az öncə Neməti tutublar. Ona qədər artıq Nemət “Çənlibel”in toplantılarına gəlir, çox cəsarətli çıxışlar edirdi deyə, seçilirdi, sevilirdi. Mən Xəlil Rzaya yaxınlaşıb ona xəbər verdim, təklif etdim ki, kürsüdən bunu bəyan eləsin. Xəlil Rza tribunaya çıxan kimi ilk sözü belə oldu: “İndicə mənə xəbər verdilər ki, Azərbaycan fəhlələrinin lideri Nemət Pənahlını həbs ediblər. Ar olsun!” Zal yenidən coşdu... Yəni ilk həbsində artıq hərəkat dostları onu Azərbaycan fəhlələrinin lideri kimi qəbul etdi. Sonrakı proseslərdə də Nemət cəsarətinin hesabına xeyli yüksəldi.

Bəxtiyar Tuncay: “Nemətin meydan hərəkatı zamanı etdikləri Azərbaycan milli azadlıq hərəkatını tarixinə qızıl hərflərlə yazılmalıdır”


Yalnız cəsarətin hesabına Meydan, yüz minlər insanın “otur-dur” əmrinə tabe olarmı?
Cəsarət önəmlidir, ancaq təbii onun yanında intellekt, savad olmasa bu mümkün ola bilməz. 17 günlük mitinqlərdə Nemət çox gözəl, hərəkatın genişlənməsinə xidmət edən çıxışlar edirdi. Azərbaycanın Rusiyaya zorla birləşdirilməsindən, kommunist rejiminin Azərbaycana vurduğu zərbələrdən danışırdı; meydandakı mərhələdə onun hansı mövqedə durması müəyyən mənada önəmli olmaya bilər. Bu haqda mübahisə etmək də olar. Ancaq hərəkat zamanı Nemətin xidmətləri çox böyük idi, o meydanı çox gözəl idarə edirdi. Onun gördüyü işi heç kim görə bilməzdi. Nemətin meydan hərəkatı zamanı etdikləri Azərbaycan milli azadlıq hərəkatını tarixinə qızıl hərflərlə yazılmalıdır. Ancaq sonrası ilə işim yoxdur. “Otur-dur” məsələsi də kontekstindən tamamilə çıxarılaraq təqdim olunur. Meydanda 1 milyona insan olurdu, orta qismlərdə dəhşətli sıxlıq yaranırdı, kimlərinsə halı xarab olurdu. Belə vəziyyətdə həkimlər tibb yardımına ehtiyacı olan insanı tapa bilmirdilər. Onda xəstə insanın yanındakı 3-4 nəfərə ayaq üstə dayanmaq, qalan hər kəsə oturmaq əmri verilirdi, beləliklə həkimlər həmin yerə çata bilirdilər. Sonradan kimlərsə bu hərəkata ləkə yaxmaq üçün bu məsələni ucuzlaşdırmağa çalışdı, şər-böhtan yaymağa başladı. Məsələnin əsli belədir.

- Şər demişkən, Bəxtiyar bəy, sizcə, Azərbaycan milli-azadlıq hərəkatının ünvanına səslənən ən ağır böhtan nə olub?

Hərəkatın hakimiyyətin diqtəsi ilə işləməsi haqqında cəfəngiyyat danışanlar var idi. Normal düşünmək, analiz etmək qabiliyyəti olan insanlar buna inanmırdılar. Məsələn mənə hakimiyyət nümayəndələri şər atırdı. 1989-cu ilin yanvarında Məhəmməd Hatəmini, Əbülfəz Elçibəyi və Mənsur Əlisoyu 30 sutkalıq həbs etmişdilər. Onlara yeməyi mən aparırdım. Təcridxana indiki qadın kolonu ilə eyni ərazidə idi. İçəri asanlıqla girib-çıxa bilirdim.

İşdi məni tutsalar, mənim bütün tərəfdarlarıma de ki, Əbülfəz Əliyevin arxasınca getsinlər”


- Bu necə olurdu? Milli liderləri həbs edənlər, hərəkat rəhbərliyində təmsil olunan insana isə belə imkan yaradırdılar?


Azərbaycanda milli düşüncə getdikcə bütün dövlət-hakimiyyət aparatında sürətlə yürüyürdü. Bizə hər yerdə hörmət var idi. Görüşlərdən birində Hatəmi mənə dedi ki, hiss eləyirəm, Elçibəylə, Mənsur Əlisoyu buraxacaqlar, məni saxlayacaqlar. İşdi məni tutsalar, mənim bütün tərəfdarlarıma de ki, Əbülfəz Əliyevin arxasınca getsin. O, 30 günlük həbs müddətində belə bir qərara gəlmişdi. Hərəkatda məni Hatəminin sağ əli, sözçüsü kimi qəbul edirdilər. Bu, düzgün qərar idi. İşin ən maraqlı tərəfi də o idi ki, həmin gün Hatəmi ilə Elçibəy çox pis vuruşmuşdular.

- Yenə də radikallıq məsələsinə görə? 

Əsas mübahisə məqamı bu idi. Bir məsələni də vurğulayım. Həm indi, həm də yaxın keçmişdə liderlər mitinqlərə çıxmırdı. Ancaq milli-azadlıq hərəkatının ilk illərində belə deyildi. Liderlər öndə tərəfdarlar arxada gedirdi. Həbslər olanda da birinci onları tuturdular. Liderlərdə heç bir qorxu yox idi. Onlar özlərini millət yolunda fəda etməyə hazır idilər. Məhəmməd Hatəmi, Xəlil Rza, Mənsur Əlisoy mitinqlərdə daim öndə idilər. Yeri gəlmişkən, Mənsur Əlisoy Müsavat Partiyasının bərpa edilməsi prosesinin aparıcı simalarından biri idi. Liderlər ilk dəfə həbs ediləndə maraqlı bir hadisə də baş verdi. Demək, biz Fəvvarələr Meydanında bulvar istiqamətinə yürüş edirdik. Kukla Teatrının qarşısındakı keçidə çatanda milislər gəldi, o dəqiqə də Hatəmi ilə Mənsur Əlisoyu tutub maşına mindirməyə çalışdılar. Həmin an indi Müsavat Partiyasının üzvü olan Yaşar Türkazər qabağa çıxdı, milislə liderlərin arasına girib onları ayırdı, əllərini havaya qaldırıb dedi: “Dayanın! Ustadımı hara aparırsız?! Məni də aparın!” Elə söz ağzından çıxmışdı ki, 2-3 dəqiqə çaşqın vəziyyətə düşən milislərdən 5-10 nəfər onun üstünə yeriyib onu da milis maşınına mindirdilər. (gülür) Yaşarı bir neçə sutkadan sonra azad etdilər. Biz hərəkatdan danışanda adətən liderlərdən, üzdə olan şəxslərdən danışırıq. Ancaq sıravi üzvlər arasında da böyük qəhrəmanlıqlar edənlər vardı. Onların çoxu indi Şəhidlər Xiyabanında uyuyur. Hətta mən deyərdim ki, onların ilk dövrlərdə rolu liderlərin rolundan daha çox idi. Çünki kütləviliyi bu şəxslər təmin ediridilər. Bir dönəm gəldi, Hatəmini, Neməti, məni həbs elədilər. Artıq o zaman Xalq Cəbhəsini yaratmaq ideyası var idi və biz bilirdik ki, bu, mümkün qədər tez olmalıdır. Biz onu da bilirdik ki, hakimiyyət Xalq Cəbhəsinin rəhbərliyinə radikalların daxil olmasını qəti istəmir, ona görə də də radikallar həbs olunur. AXC yarananda proqrama Azərbaycanın SSRİ daxilində suverenliyinin tanınması maddəsi salınmışdı. AXC biz “içəridə” olanda yaradıldı.

Biz hərəkatdan danışanda adətən liderlərdən, üzdə olan şəxslərdən danışırıq. Ancaq sıravi üzvlər arasında da böyük qəhrəmanlıqlar edənlər vardı. Onların çoxu indi Şəhidlər Xiyabanında uyuyur”


- Siz həbsdə nə qədər qaldız?

5 ay tamam olmasına cəmi 1 gün qalmış şərti olaraq azad edildim.

- Sizə qarşı irəli sürülən ittihamlar hansılar idi?


 Məni millətlərarasına nifaq salmaqda, dövlət əleyhinə iğtişaşlar yaratmaqda ittiham edirdilər. İlk ittihamı qəbul etmədim və onlar da sübut edə bilmədilər. İkinci ittihamı isə mən özümə şərəf bilirdim. İstintaqda mənə bu haqda sual verəndə böyük məmnuniyyətlə “bəli, eləmişəm, bununla da fəxr edirəm” deyirdim. Moskvadan gələn istintaqçılar da bizim bu cəsarətimizdən dəhşətə gəlirdilər.

- Bəxtiyar bəy, Azərbaycan kommunistlərinin sizləri  rus kommunistlərindən qoruması haqqında xeyli mif dolaşır. Bu məsələdə həqiqət varmı?

 Onları da deyəcəm. Ancaq AXC-nin yaranması prosesi ilə bağlı bir-iki detalı vurğulamaq istəyirəm. Biz dediyim kimi içəridəydik, proqramın  hazırlanması prosesində iştirak edə bilmirdik, ona görə də sənədə Azərbaycanın müstəqil yox, SSRİ-nin tərkibində suveren olması salındı. Biz həbsdən çıxandan sonra Müsavat Partiyasını bərpa etməyə başladıq. Məqsəd də partiyanın proqramında müstəqillik məsələsinin açıq mətnlə qoyulması idi. Müsavatın yaranma, bərpa məsələsinin kökündə AXC-nin proqramındakı həmin boşluq dayanır.  Təbii, bununla bir yerdə 1918-ci ildə Azərbaycanda müstəqil dövlət quran Məhəmməd Əmin Rəsulzadə ideyalarının yaşaması.


- Demək istəyirsiz, AXC-ni yaradanlar Azərbaycanın müstəqilliyini istəmirdilər?

Təbii, istəyirdilər, ancaq mərhələli şəkildə. Radikal qanaq isə bu tələbin, məqsədin açıq qoyulmasını istəyirdi. Prosesi yubatdıqları üçün də liberalları hətta xəyanətkar adlandırırdılar. Bu tendensiya bütün hərəkatlarda olub və var. Hakimiyyətlər də radikalların qorxduğuna görə onları sıradan çıxarmaq üçün liberallara yol açır. Bu, hərəkat daxili gərginliyi, mübarizə yoldaşlarının bir-birinə qarşı ittihamlar səsləndirməsinə səbəb olur. Yəni radikallar olmasa, problemin yumşaq, mərhələli həllini doğru sayan liberallar heç nəyə nail ola bilmir. Azərbaycan milli-azadlıq hərəkatı da bu yolu keçib. Bir hərəkatın qələbə qazanması, məqsədinə çatması üçün radikal və liberal qanadlarının olmasına ehtiyac var. 

Müsavatın yaranma, bərpa məsələsinin kökündə AXC-nin proqramındakı həmin boşluq dayanır”


Qayıdaq Azərbaycan kommunistlərinin bizi qoruması məsələsinə. Güneydə şair Şəhriyar, quzeydə Xudu Məmmədov çox qısa zaman aralığı ilə vəfat etmişdilər. Biz onlara təziyə saxlamaq üçün hər cümə axşamı Təzəpir məscidinə yığışırdıq, xeyli insan gəlirdi. Həmin yas mərasimlərindən biz həm də ideyalarımızı yaymaq üçün istifadə edirdik. Şəxsən mən ilk dəfə Kommunist Partiyasına, Sovetlər Birliyinə ilk açıq bəyanatlarımı, radikal çıxışlarımı həmin yas mərasimlərində səsləndirmişəm. Orada biz camaatla üzbəüz otururduq və insanların üzlərini rahat görə bilirdik. Hər dəfə cümə axşamına iki nəfər qalstuklu şəxs gəlirdi. Onları tanımırdıq. Bir dəfə məsciddən Hatəmi ilə bərabər çıxdıq. Hərəmiz 5-10 nəfərlik dəstə ilə bir-birimizdən təxminən 10 metr aralıqla gedirdik. Arxada idim. Gördüm ki, yasa gələn həmin o qalstuklu 2 nəfər Hatəmiyə yaxınlaşdı. 2-3 dəqiqədən sonra onun yanından ayrılıb mənə tərəf gəldilər. Onlardan biri dəstəmizlə qaldı, o birisi məni kənara çəkib dedi ki, biz sizi qoruyuruq, ancaq çox ehtiyatlı olun, əgər Moskvadan əmr gəlsə biz sizi həbs etməyə məcbur olacağıq. 

- Sizin reaksiyanız necə oldu?

(ardı var)

Aygün Muradxanlı, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR