İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmil Həsənlinin fikirlərinə partiyalardan sərt reaksiya gəldi

1845 15.07.2014 08:10 Siyasət A A



Milli Şuranın sədri Cəmil Həsənlinin “Yeni Müsavat”a  verdiyi sonuncu müsahibə də maraqla qarşılanıb. C.Həsənli müsahibədə bir çox məsələlərə münasibət bildirib. Həmçinin Milli Şuranı tərk edib gedənlər barədə danışıb. O, Müsavat Partiyası ilə Milli Şuranın gələcək əməkdaşlığı haqda sualı da cavablandırıb. 

Cəmil Həsənlinin Milli Şuranı tərk edən siyasi qurumların ünvanına söylədiyi və əsas narazılıq doğuran fikirlər bunlardır: “Biz bu yolu gedirik, kim bu yolu bizimlə gedə bilirsə, ona minnətdarıq, kim hara qədər gedə bilibsə, onun xidmətlərini qiymətləndiririk, kim artıq gedə bilmirsə, onu da başa düşürük”.

Milli Şura sədrinin üstüörtülü, tənqidi ruhda deyilmiş fikirlərinə qurumu tərk edən partiyalardan reaksiyalar gəlib.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı 25 ildən artıqdır ki, düz yolda fəaliyyət göstərdiklərini bildirdi: “Biz Rəsulzadə-Elçibəy yolundayıq. Bu yolda 25 ildən artıqdır ki, sapmadan, bir addım kənara atmadan yürüməkdə davam edirik. Bu şəkildə də davam edəcəyik. Bizimlə birlikdə, bir yerdə olan qüvvələrlə əməkdaşlıq etmək niyyətindəyik. Milli Şura ilə əməkdaşlıq məsələsinə gəlincə, seçim bu quruma daxil olan ayrı-ayrı siyasətçilərin olacaq. Əgər Müsavat Partiyasının müəyyənləşdirdiyi sabit, ideoloji xəttə uyğun fəaliyyət göstərəcəklərsə, nəinki Milli Şura, eyni zamanda kənarda olan siyasi qüvvələrlə əməkdaşlıq və müttəfiqlik etməyə hazırıq”.

İyulun 8-də Milli Şuranı tərk edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu addımı atmaqda heç bir məqsəd güdmədiyini deməklə yanaşı, həmçinin MŞ-yə hər zaman mənfi münasibətdə olduğunu söylədi: “Mən hər zaman mətbuata demişəm, Milli Şuranın yaranmasına münasibətim mənfi olub. Partiyanın qurultayından əvvəl dəfələrlə demişdim ki, qurultaydan sonra Milli Şura ilə bağlı məsələyə toxunacağıq. Yəni bizim oradan çıxmağımız qəfil baş vermədi, bu, gözlənilən idi. Bundan əlavə, Milli Şuranı çoxları tərk edib. O cümlədən Müsavat Partiyası və onun başqanını qeyd etmək olar. Qurumdan çıxmağımıza gəlincə, əvvəla, Milli Şura Azərbaycanın demokratik qüvvələrini tam təmsil etmirdi. İctimai-siyasi legitimliyi yox idi. Xüsusilə İsa Qəmbər başda olmaqla, Müsavat Partiyası, Lalə Şövkət və Liberal Partiyası, Rəsul Quliyev və tərəfdarları, Eldar Namazov və ”EL" Hərəkatı Milli Şuranı tərk edəndən sonra bu qurum böyük zərbə almışdı. Onsuz da Milli Şura öz əhəmiyyətini itirmişdi. Əksəriyyət mənim Milli Şuranı tərk edəcəyimi anlayırdı. Sadəcə, gözlədim ki, bu qurum seçkidən sonra aldığı zərbələrdən özünə gəlsin. Təəssüf ki, Cəmil müəllim sədr kimi Milli Şuranı qorumaq, gedənlərlə danışıqlar aparmaq əvəzinə, oranı tərk edənlərin arxasınca danışmaqla vəzifəsini bitmiş hesab edir. Ümumiyyətlə, müxalifətdə sanki “JEK” müdiri vəzifəsi var. İndi, deyəsən, “JEK” müdiri dəyişib".

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR