İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəkhaçək, yayhayay, paylaşhapaylaş - Gizli çəkilən videolar vaqiəsi

4208 03.09.2022 14:53 Yazarlar A A

 

Biz uşaq və yeniyetmə olanda şpionajdan bəhs edən kitab və filmləri çox sevərdik. Adama romantik, maraqlı, əsrarəngiz gəlirdi. Necə deyərlər, Ştirlis başımızı xarab eləmişdi.

(Yeri gəlmişkən, deyim ki, şair-dramaturq Vaqif Səmədoğlunun pyesində aktyor Səyavuş Aslanın işlətdiyi o replikada SSRİ-nin o vaxtkı prezidenti, bir neçə gün öncə ölən Mixail Qorbaçov nəzərdə tutulurdu. Təsəvvür edin, SSRİ-nin o vədəsində, 1987-ci ildə şairdə fəhmə baxın ki, adamın şpion-diversant olduğuna işarə etmişdi).

O vaxt görürdük ki, şpionçuluqda ən mühüm şey balaca fotoaparatlarla məxfi sənədlərin şəklini gizli çəkməkdir. Hələ bir az bizdən böyüklər danışırdılar ki, yaponlar şpionlar üçün videokamera-filan da icad ediblər, adi düyməyə, qələmə, alışqana-zada yerləşdirirlər.

Böyüdükcə, SSRİ, ABŞ, İngiltərə, Amaniya kimi ölkələrin arasında gedən “şpion-şpion” müharibəsinə dair detallardan xəbər tutduqca, bu peşənin romantikası gözümüzdə öləzidi, bizə agah oldu ki, bu, dünyanın ən təhlükəli işidir, ələ keçəni elə hala salırlar ki, gizli çəkilişlər elədiyinə peşman olur.

Amma vaxt gəldi, az qala hamının “şpion-şpion” oynamaq imkanları yarandı. Artıq insanların əlinin altında hər cür texniki avadanlıq var – səzyazan, şəkilçəkən, videoçəkən və s. Namxuda, maraqlı və həvəsli adamlar bu elmi-texniki nailiyyətlərdən gen-bol yararlanır, bəhrələnirlər və günümüzü maraqlı edirlər.

Elə bir həftə yoxdur ki, kimsə özünün və ya digərlərinin örtüksüz gündəyməzi ilə gündəmə yeni müzakirə mövzusu verməsin. Vur-həşir çəkhaçək, yayhahay, paylaşhapaylaş prosesi gedir. Beş-altı il əvvəl deyərdilər, “filankəsin seks kaseti” çıxıb, indi kaset söhbət yoxdur daha, canlı yayım verənlər var.

İş yerində nadinclik edən polkovnikin videolarından sonra aldadılmış ərin videosu o qədər maraq doğurmasa da, hər halda adam öz hiss-həyəcanlarını yaxşı ifadə etmişdi, hərçənd hədələri inandırıcı deyildi. Xəyanətkarlara isti-isti heç nə etməyən, eləcə video çəkən adam montaj zamanı da heç nə etməz. Sadəcə, maraqlıydı ki, o, bu videonu niyə çəkmişdi, kimə nəyi sübut etmək istəyirdi? Polkovniki başa düşdük, ola bilər, öz “şücaəti”ni əbədiləşdirmək, gələcək nəsillərə unikal xatirə saxlamaq istəyib. Bəs bu öz ayıbını çəkib ölkəyə göstərən papağı zədələnmişlərə nə düşüb?

Bir də var, adamı elə çəkələr, özünün xəbəri olmaya. Bax, bu şpionajdır. Xaçmazın yol polislərinin başına gələn haqq-hesab da belədir. Bir nəfərdən başqa heç kəsin xəbəri yoxdur ki, otaqda, köhnə televizyonçuların sözü olmasın, “syomka” gedir. Hamı öz işindədir, yollardan yığılmış pulları dəst-cəm edir, zərfə qoyur, pul üstündə mübahisə edir, bir-birinin üstünə yeriyirlər. Operator qardaş da çəkir və hiss olunur ki, videkamera stasionar deyil, heç ştativə də bərkidilməyib, çünki arada sağa-sola dönür.

Oxumuş adamlar deyir ki, özü də yol polisi olan qardaş bu videonu telefonla çəkib, özü də baş verənləri ifşa etmək məqsədilə. Bəs o, bunu necə edib ki, başqaları onun çəkiliş etdiyini sezməyiblər? Çox sadəcə. Adam telefonun videokamerasını aktiv edib, köynəyinin döş cibinə qoyub, cihaz da necə lazımdır işləyib.

Əsl şpion belə olar. O şəxsi o sistemdən götürüb başqa sistemə transfer etmək lazımdır. Həvəsi oradır. Onsuz da arayıb-axtarıb onu tapacaqlar (indiyədək tapmayıblarsa), üstünə “suka” adı qoyacaqlar və əvvəl-axır dolaşdıracaqlar. Çünki o, görün, neçə adamın çörəyinə bais olub. (Bu ölkədə belədir: dövlətin, millətin pulunu dağıdanları ifşa edib tutdurursansa, adını mərdiməzar qoyurlar).

Bəli, elə bir dövran gəldi ki, insanlar bir qəbahət hərəkət eləyəndə “Allah göydən baxır” deyə narahat olmurlar, güncə-bucağa, həmsöhbətlərinin əlindəki cihazlara baxırlar ki, sonra videoları çıxmasın. Yaxşı ki, çiynimizdə oturan mələklərin səs və görüntü qeyd edən cihazları yoxdur. Yoxsa vallahi, biabırçılıq olardı.

İndi də bir işgəncə videosu çıxıb. Ta burdan beləsi zarafat predmeti olacaq məsələ deyil. Günahkarlar cəzalandırılmalıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR