İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇAY KƏNARINDAKI DAXMADA...

3854 07.01.2012 17:10 Yazarlar A A

Hərdən müstəqil yazarları, müxalifətçiləri yolda görüb, “axır vaxtlar yazınızda (aksiyalarınızda) radikallıq azalıb. Belə olmaz”,- deyən kəsimi gözünüzün qabağına gətirin. Qladiator döyüşünə baxıb bundan zövq alan, amma “balet” elədiyi döyüşçü qanlar içində yerə səriləndə bir addım da ona yaxınlaşmayanları nəzərdə tuturam. Hökumətlə mübarizəsi JEK müdiri səviyyəsinə belə çatmayan birilərinin hərdən şit Çe Gevara tövrləri necə də ürək bulandırır. Okeanın o biri tayından hökumətə barmaq silkələyənlər, sosial şəbəkələrdə iqtidarın “daşını daş üstündə” qoymayanlar, sizlər də həmçinin! Eyfel qülləsinə baxıb kofe içərkən, yazdığınız “Mübarizə bu gün də var, yarın da. Mən də onun  ön sıralarında” statusunuz artıq lətifəyə çevrilib. Amma heç kimi gülmür, ağlamalıdır çünki.

Bu xarabada hələ də meşə qanunları hökm sürür, bilirsiz? Tində jurnalisti, yazarı, siyasətçini pusub maşına basan, ayağına, ağzına güllə atılan ölkəsidir bura. Camaatın özündən qurtarıb, körpə uşağının qabağını kəsirlər artıq. 40 gündən çox keçib Rafiq Tağının ölümündən. Adamın bıçaqlandığı yerdə 7 kamera olub, 7-si də qeydə alıb qatili. Hanı nəticə? Elmarı öldürənlər Tiflisdə xaçapuridən yeyib, bədənə çaxırdan vururlar... Oğlu bir də onun məzarını nə vaxt ziyarət edəcək, edə biləcəkmi, bunun özü də sualdır. Jurnalistin boğazını fotoaparat şnuru ilə boğmağa çalışanların sifəti kimin yadından çıxıb? Hamısı hardadır? A-zad-lıq-da. Lap hesab edək ki, tutulublar, 20 il də cəza alıblar. İnsan həyatı, xüsusən də ləyaqətli insan həyatı bu qədər ucuzmu? Bu qədər ucuzmu olmalıdır?

Bir dəfə dostlardan birinə qeyri-hökumət təşkilatlarından birində iş təklif etmişdilər. Yaxın çevrəsi dedi, “getmə bəy, belə olsa, biz səni də itirəcəyik, jurnalist kimi”. Haqlı əndişə idi. Yaxşı, bəs onu insan kimi itirmə qorxusu? Doğrudanmı çoxunun içində bu yoxdur? “Yürü, kim tutar səni” deyib, fitləmək,  sonunu bilmədiyin bir yolda qovalamaq, uçurumun düz kənarına gətirəndə isə... gözlərini döyməyin adı nədir? Axı bu insanların yeganə məsuliyyəti oxucusunun qarşısında deyil. Ya da belə deyək, o oxucu qarşısındakı məsuliyyətini sona qədər yerinə yetirməkdən ötrü sağ-salamat qalması lazımdır.

Kim deyir ki, “çiçəyi burnunda” hüquq müdafiəçisi kimi (adı lazım deyil) mövqesizliyi seç və bunu “rənglərin anatomiyası” ilə pərdələ. Ya da yaşın 40-a çatanda arvad-uşağın tənəsindən qurtulmaq üçün özünü ən yaxın hökumət qucağına tulla. Yox, axı mübarizə həm də bəzi məqamlarda addım saxlayıb, nəfəs almaqdır, nəfəs almağı bilməkdir.  Marafona davam edə bilmək üçün. Ən azı. Hədəfə, bəzən isə cahil, yazdığından xəbəri olmayıb, küyə gedənlərin hədəfinə çıxmaq isə intihara bənzəyir. Şair necə deyir? Ayrılıq da sevdaya daxil. “Mən şair” isə deyirəm ki, hərdən ayaq saxlamaq da mübarizəyə daxildi. Danışa-danışa susanlar olduğu kimi, bir azca susaraq danışmaq da mümkün. Hakimiyyətin sənə diş qıcadığı, qanına susadığını bilirsənsə, onun üçün belə əlverişli fürsətləri əlverişsiz hala gətirmək lazım.

Çay kənarında daxmada da yaşamaq olar, o çayda balıq tutmaq da, lap meşədə ova çıxmaq da. O daxmada səninlə canla-başla yaşamağa hazır olanlar da var. Amma məqsəd, arzu həmin daxmaya qədər sağ-salamat çıxmaqdır. Qurdlar süfrəsində oturan adam hər an kürəyindəki təhlükəni duymalıdır. Dediyim bu...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR