Türkiyə XİN başçısı mesaj verdi ki, türk PUA-ları satıldıqdan sonra ona aid deyil, baş diplomat rus silahı ilə də qarşılaşdıqlarına eyham vurdu; ekspertlər: “Rusiyaya demək istəyib ki, sizin də silahınız çox yerlərə satılır, Ukraynaya da çatdırdı ki, ruslarla aramızı vurmayın”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu incə diplomatik gediş edərək ölkəsinin istehsal etdiyi “Bayraktar TB2" pilotsuz uçuş aparatlarının Ukrayna tərəfindən Donbasda istifadə olunmasına izahat verib. ”Yeni Müsavat" xəbər verir ki, Türkiyənin baş diplomatı Rusiyanın könlünü qırmamaq üçün həmin PUA-ların Türkiyəyə aid olduğunu, lakin Ukrayna tərəfindən istifadə edilməsini istisna etməyib. Onun sözlərinə görə, heç kəs Türkiyəni bu məsələdə qınaya bilməz.
Türkiyə mediası yazır ki, G20 sammitində Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb, daha sonra rus müxbirin sualını cavablandırıb. Jurnalistin ”Bayraktar TB2" dronlarının Donbasda istifadə edilməsinə Türkiyə XİN başçısı belə cavab verib. Sitat: “Bir ölkə bizdən, yaxud başqa dövlətdən silah alıbsa, bunu Türkiyənin və ya Rusiyanın silahı kimi qiymətləndirmək olmaz. Ola bilsin ki, Türkiyə istehsalıdır, amma Ukraynaya aiddir. Türkiyə buna görə ittiham edilə bilməz”.
XİN başçısı əlavə edib ki, Türkiyə də terrorla mübarizədə müxtəlif ölkələrin istehsal etdiyi silahlarla qarşılaşır, Rusiya da daxil... Onun sözlərinə görə, əsla bu faktla bağlı Moskvanı qınamırlar: “Ukrayna da bizim adımızdan istifadə etməyi dayandırmalıdır”.
Çavuşoğlu demək istəyib ki, istənilən dövlət Türkiyədən silah ala bilər, yəni onu satmaq da Ankaranın suveren hüququdur. Lakin bu silah alındıqdan sonra həmin ölkənin mülkiyyətinə keçir və hansı şəkildə istifadə etmək hüququnu özündə saxlayır.
Bununla rəsmi Ankara Rusiya ilə inkişaf etməkdə olan münasibətləri korlamamaq üçün bu məsələnin böyründən sıyrılıb keçib. Türkiyə satdığı PUA-ların Rusiya əleyhinə yönəlmədiyini də bildirmək istəyib. Eyni zamanda onu da mesaj verib ki, rus silahının da türk ordusuna tuşlandığını söyləmək olar. Görünür, Çavuşoğlu Suriya və Liviya bölgələrində olan münaqişələrə, habelə PKK ilə mübarizəyə eyham vurub.
Lakin fakt faktlığında qalır ki, Ukrayna Donbasda separatçıların zərərsizləşdirilməsi üçün “Bayraktar TB2"dən istifadə edir. Bu aparatlar 44 günlük müharibədə erməni faşizminin də başının əzilməsində mühüm rol oynamışdı. Sadəcə, Kiyev bu PUA-lardan Donbasda istifadə etdiyini gözə soxmamalıdır, Çavuşoğlu bunu demək istəyib. Bəs Çavuşoğlunun bu mövqeyi Moskvanı qane edəcəkmi? Kreml Ankaraya ”Ukraynaya silah satma!" söyləyə bilərmi? Əslində baş verənləri Türkiyənin Rusiyanın üzünə gülərək o biri tərəfdən Ukraynanın separatizmə son qoyması üçün dəstək verdiyini demək mümkündürmü?
Yeri gəlmişkən, Ukrayna ordusu Donbas uğrunda döyüşləri davam etdirir. Artıq Donbasın iki qəsəbəsi separatçılardan təmizlənib - Telmanovka və Staromarevka...
Məlumata görə, Ukrayna ordusu Donetsk şəhərinin 20 km-də yerləşən Dokuçaevski şəhərinə hücuma başlayıb. Bu şəhər strateji əhəmiyyətə malikdir. Əgər Ukrayna ordusunun nəzarətinə keçərsə, bu, faktiki olaraq Donetskinin cənub əyalətlərinin əldən getməsi və qondarma “DNR”in isə süqutu deməkdir.

Aleksey Aretoviç
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, Donbas üzrə üçtərəfli təmas qrupunda nümayəndə heyətinin mətbuat katibi Aleksey Aretoviç isə deyib ki, ölkəsi “Bayraqdar” pilotsuz uçuş aparatından istifadə etməklə Minsk razılaşmalarını pozmur.
“Biz çox vacib bir şeyi aydın başa düşməliyik ki, Minsk razılaşmaları xarici pilotsuz təyyarələrdən istifadənin qadağan olunduğunu göstərir. Ukrayna Silahlı Qüvvələrində xidmət edən pilotsuz təyyarələr isə heç bir halda xarici deyil. Vəssalam”, - deyə o bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Ukrayna “Bayraktar” istifadə etdikdən sonra Rusiya bu məsələni çox şişirtdi. E.Şahinoğlu hesab edir ki, sanki dünyanı silahlandıran Rusiya deyil: “Dünyanın terror təşkilatlarının əlinə ”Kalaşnikov"u verən kimdir? Xocalıda soyqırımı hansı silahla törətdilər, hansı tanklarla insanlar öldürülürdü? Bəs Bərdə, Tərtərdə kimin silahları ilə mülki əhalini hədəfə almışdılar? Onda gərək bu məsələlər dilə gətirilsin. Ona görə Rusiyanın Türkiyəni ittiham etməsi əsassızdır. Eyni zamanda Çavuşoğlu Ukraynanı da tənqid etməkdə haqlı idi. Demək istəyirdi ki, bizim Rusiya ilə aramızı vurmayın".

Elxan Şahinoğlu
Politoloqun fikrincə, Çavuşoğlu balans yaratmağa çalışıb: “Amma Rusiyada Türkiyəyə qarşı son vaxtlar ittihamlar səslənmir. Çünki başa düşür ki, onun tərəfdaşıdır. Ona görə Çavuşoğlu həm Ukrayna, həm Rusiya ilə münasibətlərin yaxşı olduğunu deməyə çalışıb”.
Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Çavuşoğlu son dərəcə ehtiyatlı danışıb. Onun fikrincə, XİN başçısı həm Rusiya, həm Ukraynaya sözünü deyib: “Rusiyaya bildirib ki, sizin də silahınız çox yerlərə satılır, üstəlik, biz də bunu Suriyada görürük. Ona görə işimizə qarışa bilməzsiniz, yaxud Ukraynaya ”Bayraktar"ları niyə satdığımızın hesabını soruşmaq ixtiyarınız yoxdur. Həm də demək istəyir ki, hansısa ölkə ondan aldığı silahı müharibədə istifadə edirsə, bu, Türkiyənin həmin qüvvəyə qarşı savaş açması kimi dəyərləndirilə bilməz. Bir sözlə, Rusiya Türkiyənin Donbasda müharibə apardığını ağlına gətirməsin".
Siyasi şərhçi düşünür ki, Çavuşoğlu Ukraynaya da təpinib: “Kiyevə deyir ki, ağzına yiyə dur, bizi öz işinə qatma. Türkiyə ”Bayraktar" satırsa, bunu Rusiyaya müharibə elan etmək saymaq olmaz, bu silahdan istifadə Ukrayna ordusunun öz işidir. Fikrimcə, hər iki tərəf cavabını aldı, Moskvanın Ankaradan narazı qalacağını gözləmirəm. Əlbəttə, ürəyincə deyil, amma Cənubi Qafqazda da Türkiyə ilə hesablaşır".

Ukraynalı politoloq Andrey Qolovoçev deyib ki, Donbasda genişmiqyaslı müharibə qaçılmazdır. Onun sözlərinə görə, Donbasda Türkiyənin “Bayraqdar” dronundan istifadə Kiyevdə irrasional və nümayişkaranə vətənpərvərlik dalğasına səbəb olub: “Başımızı ayıq tutmalı və bu addımın nəticələrini düşünməliyik. Təşəbbüskarların dəyərləndirdiyi kimi, nəticələr birmənalı olmaya bilər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






