Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bizimlə söhbətdə Çavuşoğlunun onlarla görüşməməsindən təəssüfləndiklərini bildirdi: “Avropa Şurası ilə ən sıx əməkdaşlığı biz edirik, qurumun ekspertləriyik, amma bizi görüşə çağırmayıblar”.
Monitorinq Qrupunun digər üzvü Çingiz Qənizadə də əvvəllər Çavuşoğlu ilə aralarında insident yaşandığını dedi: “O, hələ deputat olan zaman Türkiyənin Qarabağla bağlı mövqeyində xoşagəlməz vəziyyət yarananda bizimlə görüşüb bu mövzuda müzakirələr aparmaq təklifimizi kobudluqla rədd etmişdi. Buna görə də aramızda insident baş vermişdi. O, bizi çox yaxşı tanıyır. Avropa Şurasının Bakı ofisindən də bildirildi ki, siyahı oradan göndərilib.
Çavuşoğlunun bizlə görüşmək istəməməsi bizi o qədər də ilgiləndirmir. Çünki biz bütün sessiyalarda oluruq. Yəqin ki, iyun sessiyasında yenə gedəcəyik. Hesab edirik ki, ölkədə ən çox tanınan, nələrəsə təsir etmək imkanında olan hüquq müdafiəçilərinin o görüşə dəvət olunmaması birbaşa razılaşdırılmış bir söhbətin nəticəsidir”.
Ç.Qənizadə qeyd etdi ki, AŞ-də istənilən komitə sədri, qrup rəhbərləri ilə görüşmək imkanları var. Çavuşoğlunun quruma iki il sədrlik edəcəyini xatırladan hüquq müdafiəçisinin fikrincə, onun Qarabağ məsələsində tutduğu mövqe münasibətlərin düzəlməsinə səbəb ola bilər: “Bu məsələdə Azərbaycana beynəlxalq hüquq normaları çərçivəsində dəstək verəcəksə, biz incikliyimizi kənara qoymağa hazırıq”.






